Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:03

Fəxri Uğurlu: "Mənfi enerjinin çıxmağa yeri qalmayıb”"


Fəxri Uğurlu (525.az)

Fəxri Uğurlu (525.az)

-

"Sivil cəmiyyətdə insanların ləyaqəti, şərəfi qorunur, kişi özünü kişi kimi hiss eləyir, ona görə də aqressiyası azalır.

Əks halda, deyək ki, kişi iş yerində əzilir, ancaq dinə bilmir, sınırsa, gəlib evdə hirsini tökür arvadın, uşağın üstünə".

Yazıçı Fəxri Uğurlunun "525-ci qəzet"ə müsahibəsindən

“Nə qədər qəzet var ki, tirajının çoxu çap maşınından çıxan kimi birbaşa meyvə bazarına gedir”

– Əvvəllər də qəzetlər tiraj dalınca qaçırdılar. Təkcə ədəbiyyat yönümlü sayt və qəzetlərin yox, ümumiyyətlə, mətbuatın İP ardınca qaçmasını doğru saymıram. “Arvadını baltaladı” başlıqlı üç-dörd cümlədən ibarət xəbərlər professionallığa xələl gətirir. İlk növbədə peşəkarlıq olmalıdı. İndi xəbər yaza bilməyən adamlar qəzet redaktoru, sayt redaktorudu.

Normal inşa cümləsi yaza bilməyən adam roman yazır. Xüsusən, ədəbiyyat saytlarına çox diqqət yetirilməlidi. Əgər bu, ədəbiyyat qəzeti, ədəbiyyat saytıdısa,orda qeyri-ədəbi cümlə getməməlidi.Təbii ki, sənin marağın olmalıdı işləməyə; oxucu da toplamalısan, İP də yığmalısan, ancaq professionallığa xələl gətirməmək şərtilə. Mətbuatımızda qeyri-professionallıq, həvəskarlıq, diletantlıq rüsvayçı həddədi…

Özü də İP uğrunda mübarizə mənə qəribə gəlir. Elə bir reklam bazarı da yoxdu axı. Bizdə elə bir bazar yoxdu ki, jurnalistlər, qəzetlər onun üstündə mübarizə aparsınlar. Yəni bunlar imitasiyadı. Nə qədər qəzet var ki, tirajının çoxu çap maşınından çıxan kimi birbaşa meyvə bazarına gedir.

“Milyon manatlarla dövriyyəsi olan nəşriyyatlar var ki, redaktorları yoxdu”

– Bizdə ictimai qınaq, ictimai tənqid potensialı tükənib. Sözünü kimə deyəcəksən, kimi tənqid eləyəcəksən? Söz deyəcəksən, qayıdacaq ki, mən səndən də yaxşı bilirəm, sayt nədi, qəzet nədi, xəbər yazmaq nədi. Baxıram ki, yazılar saytlara bir çox halda oxunmamış qoyulur. Oxunursa da, redaktə bacarığı olmayanlar oxuyur. Milyon manatlarla dövriyyəsi olan nəşriyyatlar var ki, redaktorları yoxdu.

Redaktora verilən pulu cərimə bilirlər özlərinə. Kitabları olsa-olsa korrektora verib oxudurlar, nəticədə ortaya biabırçı vəziyyət çıxır. Məsələn, prezident sərəncamı əsasında çıxmış “Don Kixot” romanı bir cilddə çap olunub, halbuki əsər iki cilddən ibarətdi. Bu işlə bir peşəkar redaktor məşğul olsaydı, bunu bilərdi, onda dünya şöhrətli romanın ikinci cildi “Don Kixot” adına çap olunmazdı.

Bunları çaşdıran kitabın hər iki cildinin proloqla başlanması olub. Əsərin birinci cildi Pənah Xəlilovun tərcüməsində 1983-cü ildə, ikinci cildi 85-ci ildə çapdan çıxmışdı. Əllərinə düşüb 85-də çap olunan cild, elə biliblər ki, əsər elə bu cilddən ibarətdi.

Pənah Xəlilovun son sözünü də ön söz kimi çap eləyiblər, gedib. “Qobsek” əsərini Balzakın həm “Seçilmiş əsərləri”nə salıblar, həm də “Fransız ədəbiyyatı antologiyası”na. Özü də səksən il qabağın tərcüməsini. Balzakın dilimizə tərcümə olunmamış onlarla əsəri var, onun birini də siz çevirib kitaba salsaydınız, nə olardı? Bunlar iş görmək deyil, hamısı imitasiyadı.

“Əlinə qələm götürən elə bildi aşağısı Pamuk kimi yazıçı olacaq”

– Doxsanıncı illərdə qəzetlər ədəbi yazılar verməyə meyilli deyildi. “525-ci qəzet” verirdi, mən “Rezonans”da işləyirdim, biz verirdik. Ədəbi jurnallar çıxırdı, ancaq onlara yazı aparan az idi. Hamı deyirdi daha roman zamanı getdi. Kimdi bundan sonra oturub roman oxuyan, camaatın vaxtımı var?

Orhan Pamuk

Orhan Pamuk

Əsrin əvvəllərində Orxan Pamukun qalın-qalın romanlarıyla tanış olanda sevindim ki, bu cür ədəbiyyat hələ də Avropada, bütün dünyada oxunur. Onun üslubu, yazı manerası Avropa oxucusuna çoxdan tanış idi. Pamukun ustalığı onda oldu ki, formaca avropalı, məzmunca şərqli roman yaratdı, yəni sufi məzmununu Qərb romanının içinə yerləşdirdi, bu da Avropaya maraqlı gəldi. İndi qalın romanlar bütün dünyada oxunur.

Türkiyədə, qismən Rusiyada gedən proseslərin təsiri ilə son illər bizdə də bir ədəbi canlanma, həvəs yarandı. Bunun yaxşı tərəfi odu ki, ədəbiyyata qayıdış başlandı. Pis tərəfi də budu ki, əlinə qələm götürən elə bildi aşağısı Pamuk kimi yazıçı olacaq. Ədəbiyyat çox çətin sənətdi, bəlkə də, ən çətin sənətdi. Çünki bunun bir düsturu, konkret bir formulu, elmi həqiqəti yoxdu ki, biləsən, belə yazanda yaxşı yazmış olursan, elə yazanda pis.

“İnsanın Allah olmaq istəyinin bir tərs üzü də var”

– Əgər biz həyatımıza, fəaliyyətimizə başqasının işi kimi baxırıqsa, demək, biz alətik. Demək, biz heç nə bilmirik. Demək, bir eksperimentik sadəcə. Yox, əgər biz dünyanın yaranmasından üzübəri hər bir məsələyə öz işimiz kimi, yəni Allahın dünyaya baxdığı kimi – qəlbimizin gözü, bəsirət gözü ilə baxırıqsa, onda bizdə o suallar yaranmayacaq. Yaranmışlara öz övladımız kimi, öz balamız kimi, öz işimiz kimi, öz ruhunuzun ifadəsi kimi baxırıqsa, onda hamı, hər şey bizə doğma, əziz görünəcək.

Deyəcəyik ki, bəli, dünya bizə yad deyil, bizim öz ruhumuzdan yaranıb. Biz onu yenidən ruhumuza çevirmək istəyəcəyik. İnsan allahlıq taxtından düşüb, yenidən Allah olmağa can atır. Bütün böyük əsərlər, bütün böyük kəşflər yalnız bundan ötrüdü ki, insan yenidən o ucalığa qalxa bilsin. İnsan oğlu addım-addım da olsa tədricən o məqama yaxınlaşır. Ancaq o günə hələ çox var.

Bu gün elm də sübut eləyir ki, materiyanın konkret bir yaşı var – təxminən on üç milyard səkkiz yüz milyon il. Nə vaxtsa yaranıb, nə vaxtsa da puç olub gedəcək. İnsanın Allah olmaq istəyinin bir tərs üzü də var. Bəzən elə bilirlər ki, o da allahdandı, amma əslində o, şeytandandı. İsgəndərin, Çingizin, Napoleonun allahlıq istəyi absurd, bəhrəsiz, fani cəhddi. Bir də var Platon kimi, Nizami kimi, Tolstoy kimi qüdrət sahibi olasan. Onların gördüyü iş Allah işidi. Kimsə gəlib onların qulağına pıçıldamayıb, bu, onların içindən gəlib, ruhunun təbiətindən gəlib. Dağ başına çıxıb qeybdən səs eşitmək alleqoriyadı, simvolikadı.

Peyğəmbərlərin hansısa dağda kiminləsə danışmağı əslində özləri ilə elədikləri söhbətdi. Bədənin ruhla söhbəti. Mənim “Peyğəmbər” hekayəm bu haqdadı. Bu, bir bitməmiş dialoqdu – ruhla materiyanın dialoqu, Allahla şeytanın dialoqu. Əvvəli var, amma sonu yoxdu. Əgər bədən deyilən nəsnə ruhun əlində bir vasitə kimi istifadə olunursa, bu, onların ikisinin də xoşbəxtliyi deməkdi. Yox, əgər onlar qarşıdurmadadısa, konfliktdədisə, bu, insanın fəlakətidi.

“Mənfi enerjinin çıxmağa yeri qalmayıb”

– Ailələrdə vəziyyət ümumən gərgindi, təkcə qadınlara münasibətdə yox. Sivil cəmiyyətdə insanların ləyaqəti, şərəfi qorunur, kişi özünü kişi kimi hiss eləyir, ona görə də aqressiyası azalır. Əks halda, deyək ki, kişi iş yerində əzilir, ancaq dinə bilmir, sınırsa, gəlib evdə hirsini tökür arvadın, uşağın üstünə. Az qala hər gün dəhşətli hadisələr, qətllər törədilir. Bizdə cəmiyyət çox qapalılaşıb, mənfi enerjinin çıxmağa yeri qalmayıb. Enerji illər uzunu yığılıb, indi də bu şəkildə üzə çıxır. Məncə, kişinin də, cəmiyyətin də əxlaq səviyyəsi ilk növbədə qadına münasibətdə özünü göstərir. Bir nömrəli etalon budu mənim üçün.

“Necə olur ki, balaca gürcü xalqı bu işin öhdəsindən gələ bilir?”

– Bizim başqa dillərə keyfiyyətli bədii tərcümə edən tərcüməçilərimiz yox dərəcəsindədi. Adi Türkiyə türkcəsinə bədii mətni normal tərcümə elətdirmək zülüm işdi. Biz hələ türkcədən türkcəyə çevirməkdən danışırıq. İndi gör o biri dillərə tərcümənin vəziyyəti nə yerdədi! Gərək məktəb yaradasan, kadrları uşaqlıqdan yetişdirəsən.

Son iyirmi ildə istər dövlət xətti ilə, istər şəxsi vəsait hesabına olsun, xaricdə təhsil alan nə qədər gənc var. Onlardan hansı biri filoloji təhsil almağa gedib? Bununla bağlı xüsusi dövlət proqramı olmalıdı. Məsələn, o boyda yapon dilini, Çin dilini, ispan dilini bizdə bədii tərcümə eləmək səviyyəsində bilən yoxdu.

Müəyyən adamları seçib xaricdə oxutmaq, qayıdandan sonra onları işlə təmin eləmək lazımdı ki, oturub tərcümə sənətiylə məşğul olsunlar. Necə olur ki, balaca gürcü xalqı bu işin öhdəsindən gələ bilir? Keçən əsrin otuzuncu illərindən onlarda bədii tərcümə işinə nəzarət eləyən qurum fəaliyyət göstərir – bu işlə məqsədyönlü məşğul olurlar, kadrlar yetişdirirlər. Biz də o işləri görə bilərik. Ən azından, başqa dillərə yaxşı sətri tərcümə eləyən kadrlarımız olmalıdı. Sonra onlar xarici ölkələrdəki peşəkar tərcüməçilər, redaktorlarla əməkdaşlıq şəraitində işləyə bilərlər. Dünyada dörd-beş əsas ədəbiyyat dili var, o dillərdən birinə tərcümə olunmuş əsər artıq dünya bazarına çıxmış hesab olunur.

Əgər sənin rus dilinə mükəmməl çevrilmiş əsərin varsa, tutaq ki, bir yapon onu götürüb öz dilinə tərcümə eləyə bilər. Ancaq hətta rus dilinə bədii tərcümə sahəsində də işimiz yaxşı deyil, peşəkarları saymağa bəlkə bir əlin barmaqları da çoxluq eləyər.

525.az

Günün bütün mövzuları

XS
SM
MD
LG