Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:49

Qardaşı Eynulla Fətullayevin polisdə döyülərək həbs edildiyini deyir


​.

Polisdə döyüldüyü deyilən eynulla Fətullayev

Polisdə döyüldüyü deyilən eynulla Fətullayev

“SƏN KİMSƏN Kİ, POLİSİN İŞİNƏ QARIŞIRSAN?”

- İmişli polisində qardaşımı üz-gözü şişən, üstü-başı cırılan gördüm. Onu polis şöbəsində döymüşdülər.

İmişlinin Qaradonlu kənd sakini Həbubulla Fətullayev yerli polis şöbəsində qardaşının başına gələnlərdən danışır. Deyir ki, yanvarın 6-da sahə müvəkkilli onların evinə gəlib qardaşı Eynulla Fətullayevi bölməyə çağırıb:

- Bir neçə saatdan sonra polisdən zəng edib dedilər ki, gəl qardaşını apar. Bilmirəm şöbədə nə baş verib, içəridə nə danışıblar? Amma orada qardaşımı döyülən gördüm. Şöbəyə sağlam girən adamın üst başı, üzü-gözü yaman günə idi. Sən kimsən ki, polisin işinə qarışırsan deyib qardaşımı orada döymüşdülər.

EYNULLA FƏTULLAYEV POLİSİN İŞİNƏ NECƏ QARIŞIB?

Qardaşı hadisəni lap əvvəldən danışır. Deyir ki, yanvarın 6-da yol polisi hansısa bir maşını təqib edir. Polisdən qaçan maşın Qaradonlu kəndində çəpərə çırpılır və sürücü saxlanır. Bu vaxt hadisini izləyən kənd sakinləri arasında Eynulla Fətullayev də olur. O, kəndə belə bir hadisənin baş verməsinə görə yol polisi əməkdaşına irad edir:

“Eynulla polisə kəndin içində belə sürətlə maşın təqib etməyin doğru olmadığını, yaxınlıqda məktəbin, şagirdlərin olmasını nəzərə alınmalı olduğunu bildirib. Deyib ki, polis sürücünü sakitləşdirmək əvəzinə daha da qızışdırması ətrafdakılar üçün təhlükə yarada bilərdi. Eynullanın bu iradı polis əməkdaşının xoşuna gəlməyib, aralarında mübahisə yaranıb”.

Sonradan hərə öz işinin başına dönür. Amma bir qədər sonra Eynulla Fətullayevin evinə sahə müvəkkili gəlir və onu polisə aparır. Polisdə nə baş verirsə, qardaşı Eynulla Fətullayevi oradan döyülmüş vəziyyətdə çıxardığını deyir...

Həbibulla Fətullayev deyir ki, qardaşını polisdən çıxarıb, fotoşəkillərini çəkib. Daha sonra müayinə üçün Bakıya gətirmək istəyib. Bu dəfə də yolda Famil adlı şəxs zəng edib onları yenidən şöbəyə dəvət edib:

- Yenidən şöbəyə qayıtdıq amma qardaşım orada saxlanıldı. Qardaşımın qanlı, cırılmış pencəyi hələ də məndədir.

Eynulla Fətullayevə qarşı Cinayət Məcəlləsinin 315.1-ci - hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanıb. Dekabrın 8 də İmişli rayon məhkəməsinin hökmü ilə 3 ay müddətinə həbs olunub.

İmişli polis şöbəsinin rəis müavini Etibar Babayev baş verənlərdən danışmaq istəmədi. “Onu heç kim döyməyib” deməklə kifayətlənib, dəstəyi yerə atdı.

Orxan Mansurzadə

Orxan Mansurzadə

DİN: “XƏSARƏTLƏRİ YIXILANDA ALIB”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirir ki, Eynulla Fətullayevin polis şöbəsində döyülməsi iddiaları yalandır. O, məlumatları həmin şəxsin ictimai rəydə günahsız obrazınınn yaradılmasına, polisin işgüzar nüfuzuna xələl gətirməyə yönələn cəhd adlandırıb:

- Yol Polisi əməkdaşları Hacıqabul-Horadiz yolunun İmişlinin Qaradonlu kəndindən keçən hissəsində xidmətdə olublar. Eynulla Fətuallayev heç bir səbəb olmadan polis əməkdaşlarına hədə-qorxu gəlib, onları təhqir edib. Əməkdaşlardan birinin sifətinə yumruqla zərbə endirib. Polis şöbəsində də aqressiv hərəkətlərini davam etdirib. Polis əməkdaşının formasını cırıb və bu zaman müvazinətini saxlaya bilməyib yıxılıb. Fotolarda görünən zədələr də yıxılanda aladığı zədələrdir.

E.FƏTULLAYEV YIXILIB, YOXSA DÖYÜLÜB?

DİN rəsmisi bildirir ki, hazırda açılmış cinayət işi üzrə istintaq gedir.

Uzun illər daxili işlər orqanlarında işləmiş Mahmud Hacıyev deyir ki, adi gözlə belə bir şəxsin yıxılaraq, yoxsa döyülərək xəsarət almasını fərqləndirmək mümkündür. Onun fikrincə Azərbaycan polis şöbə və bölmələrində vətəndaşların döyülməsi faktları hələ də var:

- Polisin işi vətəndaşını, onun hüquq və azadlığını qorumaqdır. Şəxsin adı ağır cinayətdə hallansa belə onu vurmaq qanun pozuntusudur. Qanunla polis heç bir halda vətəndaşı fiziki və ya mənəvi zorakılıq, təzyiq edə bilməz. Konkret bu halda vətəndaşın polisdə döyülüb, döyülmədiyini yayılan foto şəkil açıq-aşkar göstərir.

Həbubulla Fətullayev isə qardaşının səhhətindən narahatdır. Bildirir ki, onun döyülməsi və həbsindən şikayət edəcəklər.

Eynulla Fətullayevə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa o, 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG