Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:28

Şah Abbas haqda yeni romandan parça


Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının "Könül elçisi" adlı bu romanı bu günlərdə Türkiyədə çap edilib.

Nəriman Əbdülrəhmanlı

Nəriman Əbdülrəhmanlı

-

"-Bu səfərin nə qədər çəkər, Allah qoysa?

-Ən azı bir il yarım, bəlkə də iki il... – dedim.

Nisəxanımın üz-gözünə kölgə endi, ürəyindən gələn sözləri dilinin ucundan qaytardı, köksünü ötürüb astadan:

-Bunca vaxtı necə yaşayacağıq, ağam? –sordu..."

Nəriman Əbdülrəhmanlı

KÖNÜL ELÇİSİ,

yaxud don Xuan de Persiya – Oruc bəy Bayatın hekayəti

(Romandan parça. Türkiyədə çap edilmiş roman Azərbaycan tarixinin həlledici dövründən - Şah Abbas, onun Osmanlı İmperiyasi ilə qarşıdurması və Avropa ölkələri ilə diplomatik münasibətlərindən bəhs edir.)

İçəridə ilk rast gəldiyimiz şəxs Qibleyi-aləmin mirzəsi İskəndər bəy Münşi oldu. Türkmən tayfasından olan İskəndər bəylə təxminən həmyaş idik, Təbrizdə Rüşdiyyə mədrəsəsini bitirmişdi, ərəbi, farsı, rum dilini, tarixi, şeiriyyəti hədsiz gözəl bilirdi.

Bu səbəbdən, dövlətxanada ən çox ünsiyyətdə olduğum adamıydı.

Bünyad bəylə məni görəndə söhbətləşdiyi enlikürək, ucaboy, qaraşın, topa saqqallı Azərbaycan bəylərbəyi Zülfüqar xan Qaramanlıdan ayrılıb bizə sarı gəldi, salam-kalamdan sonra sözlü-sözlü üzümə baxdı.

- Bilmirsən, Qibleyi-aləm bizi nə səbəbə çağırıb? – İskəndər bəydən sordum, amma bilirdim, bu barədə bir kəlmə də olsun, deməyəcək.

- İndi bilərsən, Oruc bəy, - gözlərindən gülə-gülə cavabdan boyun qaçırdı. – Xeyir olar, inşallah. – Sonra eyni cür ifadəylə də davam elədi. – İngilislərin başçısını da çağırtdırıb Qibleyi-aləm...

İskəndər bəyin son sözlərindən məsələnin nə yerdə olduğunu duydum. Yadıma Xoca Səfərlə Həsənəli bəyin pıçıldaşmaları düşdü. Xoca Səfərə münasibətdə ikimiz də eyni mövqedəyik. Ona görə də qoluna girib qırağa çəkdim:

- Xeyir ola, bu bic erməni yenə əl-ayağa düşüb, özü kimi birisini də yanına alıb pıçıldaşır? – sordum.

- Qibleyi-aləmin hüzurundan çıxandan sonra mənə dəyərsən, - İskəndər bəy astadan dilləndi, sonra yanımızdan gəlib keçənlərin diqqətinə başqa bir söz dedi. - Əliqulu bəy Hüsyenəli bəyin yanındadı, məndən təvəqqe elədi, görsəm, bunu sənə çatdırım.

İskəndər bəy bu sözləri mənə deməsə də, bilirdim, Əliqulu bəyi ancaq əmisinin yanında tapmaq olar, bu səbəbdən, Bünyad bəylə Hüseynəli bəy Bayatın hücrəsinə doğru yönəldik. Əliqulu bəy doğrudan da, ordaydı, amma bayaq pıçıldaşa-pıçıldaşa yanımızdan keçən Xoca Səfərlə Həsənəli bəy də içəridəydilər. Bağır basıb, salam verdik, Hüseynəli bəy bizə yer göstərəndən sonra oturduq. Ortada xoşagəlməz sükut varıdı. Əliqulu bəylə gözləşdim, bəlkə, səbəbini anlayam, amma onun gözləri mənə heç nə demədi, daha doğrusu, hələ demək istəmədi.

-Yaxşı, Hüseynəli bəy, - Xoca Səfər ayağa durdu. – Qibleyi-aləmin hüzurunda görüşərik, inşallah.

Əzici sükut o gedəndən sonra da davam elədi. Üçümüz – mən, Əliqulu bəy, Bünyad bəy bir-birimizə, sonra Hüseynəli bəyin üzünə baxırdıq, Hüseynəli bəysə hücrənin yuxarısı girdə pəncərəsindən içəri düşən işıq topasına baxa-baxa susurdu. Axır ki divanbəyinin göndərdiyi buyruqçu içəri girib təzim elədi:

-Hüseynəli bəy, dəvət olunanlar Qibleyi-aləmin hüzuruna buyursunlar.

Hüseynəli bəy durdu, arxasınca da biz qalxdıq, hücrədən çıxıb divanxanaya sarı yönəldik. Bu vaxt fars kökənli Əlfəqih Əmir qaranəfəs özünü yetirdi, bizim dəstəmizdə o da divanxanaya girdi.

Qibleyi-aləm hələ gəlməmişdi, amma dövlətxananın qeyri adamları gəlib yerlərini tutmuşdular. Qibleyi-aləmin taxtının sağ tərəfində vəkil Etimad-üd-dövlə Hatəm bəy Ordubadi, yanında İskəndər bəy, qeyri əyan-əşrəf, sol tərəfində daxiliyyə vəziri Allahverdi xan, xariciyyə məsləhətçisi Xoca Səfər, Hüseynəli bəy Bayat, ingilis müsafir ser Antoni Şerli əyləşdilər. Biz – mən, Əliqulu bəy, Bünyad bəy, Həsənəli bəy, Əlfəqih Əmir, qorçu dəstəsinin başçısı Yadigar bəy Məhəmməd təzim eləyib ingilis müsafirindən solda oturduq. Hamı intizar içində Qibleyi-aləmin varid olmasını gözləməyə başladı.

Bu müddətdə Şahımızın gəlməsini gözləyənləri gözaltı nəzərdən keçirdim. Hatəm bəy aradabir dən düşmüş saqqalına sığal çəkə-çəkə düşüncələrə dalmışdı; Allahverdi xan yanında əyləşən Xoca Səfərə baxmamağa səy göstərir, gözlərini divanxananın girişindən ayırmırdı; Xoca Səfərin biclik tökülən gözləri bir-bir hamıya dikilir, elə bil hüzurundakıların fikirlərini oxumağa can atırdı; Hüseynəli bəy çox narahat oturmuşdu, deyəsən, agah olduğu məsələlər barədə düşünürdü; ingilis müsafir ilk nəzər salandan xoşuma gəlməmişdi: balacaboy, sarışın, kosasaqqal, gözləri oyur-oyur oynayan cavan bir adamıydı...

İngilis müsafirə baxdığım zaman divanbəyi Qibleyi-aləmin gəldiyini xəbər verdi. Şahımız içəri girəndə hamımız ayağa durduq, ikiqat əyilib, təzim elədik, yalnız Hətəm bəy, bir də ingilis müsafir yüngül təzimlə kifayətləndilər. Otuz yaşlarında olan cavan, əzəmətli, vüqarlı Şahımız qıvraq yerişlə keçib taxtda oturdu, hüzurundakıları bircə baxışla süzəndən sonra barmağının işarəsilə Hatəm bəyə başlamaq əmri verdi. Hatəm bəy ayağa qalxıb əlini saqqalına çəkdi, gözlərini məclisdə dolandırıb ağır-ağır dilləndi:

-Həzarat, məlumunuz olsun, Avropanın səkkiz dövləti ki, xanədanımıza dostluq anlaşması, osmanlılara qarşı cəngdə əlbir hərəkət təklif eləyiblər, öz elçilərini məmləkətimizə göndəriblər. – Bu sözləri ingilis müsafirə tərcümə eləməkdən ötrü dilmanc lazım olmamışdı, türkcəni yaxşı bildiyindən, deyiləni başa düşüb gülümsəyə-gülümsəyə baş əydi. – Qibleyi-aləm çoxdan belə niyyəti varıdı, bu səbəbdən, məsləhətləşmələr aparırdı. Axırda belə bir fikir yarandı, həmin dövlətlərə bir heyət göndərək, Moskov çarı, Poloniya, Firəng, İspan, German imperatoru, Venedik hökmdarı, Roma papası, ingilis, şotland krallarının hüzuruna getsin, Əlahəzrətin naməsini onlara çatdırsın.

Sonra ser Antoni Şerli danışdı. Türkcəsi mənim düşündüyümdən də anlaşıqlıydı. Uzun-uzadı səkkiz dövlətin Şahımızla danışıq aparmaq xüsusunda onu vəkil elədiklərindən, osmanlılara qarşı birgə cəng aparmağın vacibliyindən, lazım gələrsə, özünün də heyətlə birgə yola düşməyə hazır olduğundan, o səkkiz dövlətin hökmdarlarının Şahımıza böyük hörmət göstərməsindən söz açdı. O, danışdıqca, vücudumda baş açmadığım narahatlıq duyurdum, elə bil, içimdə kimsə oturub: «Bu göygöz, sarışın, balacaboy kafirə inanma!» -deyirdi.

Onun ardınca Xoca Səfər sözə izin istədi. Qibleyi-aləmin xariciyyə məsləhətçisinin üz-gözündəki mütilik, hərəkətlərindəki itaətkarlıq, baxışlarındakı biclik kimi, danışığındakı yaltaqlıq da ürəyimi bulandırdı. Xoca Səfər xeyli Şahımızın şan-şöhrətini tərifləyib göylərə qaldırandan sonra əllərini sinəsinə qoyub ingilis müsafirin sözlərinə qüvvət verdi:

-Fəda olduğumuz, Aləmlərin bəzəyi, Əlahəzrət Şahımızın uzaqgörən niyyətinin gerçəkləşməsinə hamımız canla-başla çalışmalıyıq. Buna görə də Qibleyi-aləmin hökmüylə yola düşəcək heyəti müəyən eləmişik, - Xoca Səfər bayaqdan əlində saxladığı kağızı oxudu. - Hüseynəli bəy Bayat heyətin başçısı, Şahımızın elçisi olacaq, - Hüseynəli bəy cəld ayağa durub təzim elədi. – Oruc bəy Bayat baş münşi, - bunu eşidəndə həyəcandan nəfəsim tutuldu, elə cəld ayağa sıçradım, az qala, yıxılacaqdım, amma təzim eləyəndə Qibleyi-Aləmin xoş münasibətini duyub bir az rahatlandım. - Əliqulu bəy, Bünyad bəy, Həsənəli bəy mirzələr, Yadigar bəy Məhəmməd heyətin təhlükəsizliyini təmin eləyən şəxs, Əlfəqih Əmirsə uca dinimizin - bu sözləri Xoca Səfərin dilindən eşidəndə, az qaldım, ucadan güləm, - nüfuzunu qoruyacaq. Şahımızın hökmü belədi, bir həftə ərzində heyət yola çıxmağa hazır olsun... - Nəhayət, susub gözlərini Qibleyi-Aləmin üzünə dikdi.

Qibleyi-Aləm barmağnın işarəsiylə ona oturmaq üçün icazə verdi. Sonra sağ əlinin iki barmağıyla iri bığlarına sığal çəkib üzünü ingilis müsafirə tutdu:

-Heyəti bu dövlətlərdə müşayiət eləmək zəhməti hörmətli müsafirlərimizin üzərinə düşəcək. Bir həftə ərzində bütün hazırlıqlar görülsün, bütün hökmdarlara namələr hazırlansın, qiymətli hədiyyələr tədarük edilsin. Heyət cümə axşamı yola düşsün. - Sonra bir anlığa ısusub, hüzurundakı adamları nəzərdən keçirdi, axırda barmağının işarəsiylə bildirdi, kimin sözü var.

Təkcə Hüseynəli bəy Bayat danışmağa cəsarət elədi, heyətin əcnəbi məmləkətlərdə Şahımızı, dövlətimizi layiqincə təmsil eləyəcəyinə söz verdi, Qibleyi-aləmə sədaqətini bildirdi.

Sonra ser Antoni söz aldı, Əlahəzrətin bu qərarının Avropa ölkələriylə münasibətlərə böyük xeyir verəcəyindən, osmanlılara qarşı durmağa yardım göstərəcəyindən danışdı.

Təzim eləyib, Qibleyi-aləmin hüzurundan çıxandan sonra Hüseynəli bəyin hücrəsinə getdik. Hüseynəli bəy bizə – dörd mirzəyə bir həftə ərzində görəcəyimiz işləri izah eləyib, getməyə icazə verəndə mən ləngidim, Bünyad bəylə Həsənəlibəyin çıxıb getməsini gözlədim – Əliqulu bəydən gizli sözüm ola bilməzdi. İçəridə üçümüz qalanda, astaca Hüseynəli bəydən sordum:

-Hüseynəli bəy, bu Həsənəli bəy məsələsi nə olan işdi?

-Xoca Səfər Qibleyi-aləmi inandırıb ki, rusların dilində danışa bilir, üstəlik, firəng dilini də başa düşür...

Daha bir söz danışmasaq da, bir-birimizi tamam anladıq. Sağollaşıb çıxanda yadıma düşdü, İskəndər bəy demişdi, mənə deyərsən. Əliqulu bəyə də işarə elədim, İskəndər bəyin hücrəsinə sarı yönəldik. İskəndər bəy yazısından başını qaldırıb yer göstərdi. Uzun-uzadı nəsə fikirləşib axırda dilləndi:

- Bir-birimizi neçə illərdi tanıyırıq, sizdən belim bərkdi, amma Bünyad bəyə bir o qədər də bələdliyim yoxdu. Xoca Səfər Şahımızın qəlbinə nə cür yol tapıbsa, həmişə onun məsləhətlərinə qulaq asır. Allahverdi xan da onun bir çox işlərindən xəbərdardı, mənə tapşırdı, sizə çatdırım, Həsənəli bəyi gözdən qoymayasınız. Əlfəqih Əmir də etibarlı şəxs deyil, onu da məsələdən kənar saxlarsınız. Ola bilsin, Həsənəli bəy Xoca Səfərdən gizli göstərişlər alsın, getdiyiniz ölkələrin hökmdarlarıyla ünsiyyət yaratmağa çalışsın... Məni başa düşdünüzmü?

-Başa düşdük, - dedim, Əliqulu bəy də başını tərpətdi.

-Dildə özünü müsəlman qələmə verməyinə baxmayın, - İskəndər bəy lap astadan danışırdı, - sinəsində xaç gəzdirir. Öz adamlarını hər cür yollarla vəzifələrə oturtmağa çalışır. Xəbər tutmuşam, indi də ermənilərin dərdini böyük dövlətlərin hökmdarlarına yetirmək yönümündə əl-ayağa düşüb... – İskəndər bəy bir an susdu, sonra gözümüzün içinə baxdı. – Ola bilsin, ingilis elçiylə də dil tapmış olsunlar...

- Bəs, Yadigar bəy Məhəmməd necə, ona bel bağlamaq olarmı? – Bu mənim də ağlıma gəlmişdi, ancaq Əliqulu bəy sordu.

- Yadigar bəyi mənim təklifimlə Hatəm bəy heyətə daxil elədi, - İskəndər bəy başını tərpətdi. – Onu Təbrizdən tanıyıram, arxayın ola bilərsiniz. Onsuz da hər gün gələcəksiniz. Səkkiz dövlətin hökmdarlarına Qibleyi-aləmin naməsini hazırlayacaqsınız, imkan tapıb səfər qabağı bir də görüşərik.

İskəndər bəyin hücrəsindən çıxıb dövlətxayana girdiyimiz qapıya doğru getdik. Dövlətxananın həyətinə çıxanda qəfildən qarşıdakı səfərin vacibliyini dərk elədim: azı il yarım-iki il yollarda olacaq, neçə-neçə məmləkət, cürbəcür adamlar görəcəkdim. Bu müddətdə gözəl Nisəxanımdan, nuri-didəm Sultanəlidən uzaq düşəcək, onların həsrətini çəkəcəkdim. Amma gördüyümüz işin məmləkətimiz üçün xeyirli olmasını hər şeydən çox arzulayırdım...

Əlbəttə, Abbasabad məhəlləsindəki evimə çatanda Nisəxanımı nigaran-nigaran həyətdəki çarhovuzun qırağında oturub yolumu gözləyən gördüm. Sultanəli də qarğı atını həyətdə o tərəf- bu tərəfə çapırdı. Atdan enib yüyəni nökərə verəndən sonra Nisəxanımla üzbəüz oturdum, onun baxışlarındakı nigarançılığı necə sovuşdurmağımı fikirləşə-fikirləşə üzünə baxdım.

- Nə xəbərlə gəldin, ağam, - Nisəxanım tab gətirə bilməyib, soruşdu. – Yenə səfərəmi çıxırsınız?

- Hə, - dedim, - amma bu səfər özgə səfərdi.

- Necə özgə səfər? – Nisəxanım təəccüblə qaşlarını çatdı.

- Şahımız uzaq ölkələrə – rusların, germanların, firənglərin, ispanların, ingilislərin yaşadıqları dövlətlərə səfarət göndərir. Buyurub, mən də yola düşüm.

Nisəxanım səfərimin cənglə bağlı olmadığından sevinsə də, uzaq ölkələrə getməyimdən sarı qayğısını bildirdi:

-Bu səfərin nə qədər çəkər, Allah qoysa?

-Ən azı bir il yarım, bəlkə də iki il... – dedim.

Nisəxanımın üz-gözünə kölgə endi, ürəyindən gələn sözləri dilinin ucundan qaytardı, köksünü ötürüb astadan:

-Bunca vaxtı necə yaşayacağıq, ağam? –sordu.

İki-üç aylığa məmləkətin vilayətlərinə cəng səfərinə çıxanda, Nisəxanımın nələr çəkdiyini bilirdim. Hər dəfə səfərdən qayıdanda mənsiz yaşadığı günlərin-ayların ona nələrin bahasına başa gəldiyini duyurdum.

-Mehrəli bəy sizi Təbrizə, atangilə aparar, mən səfərdən dönənəcən orda qalarsınız, - dedim. – İnşallah, yolumuz uğurlu olar, tez qayıdarıq...

Bu vaxt Sultanəli qarğı atında özünü yetirib aramıza girdi:

-Məni çeşmə başına nə vaxt aparacaqsan? - sordu. - Demişdin, ata mindirəcəksən... – dumduru gözlərini üzümə dikib durdu, cavab gözlədi.

Baxdım, axşama xeyli var, üzümü nökərə tutdum:

- Gədə, Qulaməli, atları hazırla, kiçik ağanı çeşmə başına aparcağıq. – Sonra Nisəxanıma dedim. – Tapşır, Sultanəlini geyindirsinlər, biz qayıdana yaxşı süfrə hazırlatdır...

Günün bütün mövzuları

XS
SM
MD
LG