Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:12

Həsən Kərimov: “Hakimiyyətlə heç bir danışığım olmayıb”


Həsən Kərimov

Həsən Kərimov

.

“BU QƏRARI ÖZBAŞIMA VERMƏMİŞƏM”

AXCP sədrinin müavini Həsən Kərimov Azərbaycan hakimiyyəti ilə barışmaqla bağlı Avropa İnsan Hüquları Məhkəməsinin təklifini qəbul edib. Bu günlərdə həmin barışıq məhkəmədə rəsmiləşdirilib. Qərara görə Azərbaycan hökuməti mənəvi zərərə görə Həsən Kərimova 7 500 manat ödəməlidir.

Bu haqda AzadlıqRadiosuna Həsən Kərimovun özü məlumat verib. O bildirir ki, bu qərarı partiya rəhbərliyi ilə məsləhətləşdikdən sonra qəbul edib:

“2-3 ay öncə Avropa Məhkəməsindən məktub gəlmişdi ki, hakimiyyət orqanları mənimlə barışmaq istəyir və münasibət bildirməyimi istəyirlər. Mən də deim hakimiyyət orqanları buraxılmış səhvləri etiraf etsə, razı olaram.

Bu şərtlərlə razılaşdım. Bu məsələdə mənim hakimiyyətlə heç bir əlaqəm, danışığım olmayıb. Məsləni Avropa Məhkəməsi özü həll edir. Bu gün öyrəndim ki, məhkəmə barışığı rəsmiləşdirib. Bu qərarı özbaşıma verməmişəm. Məsələni öncə partiyada məsləhətləşdik və qərara gəlindi ki, səhhətimi nəzərə alaraq təklifi qəbul edim”.

Həsən Kərimov 2010-cu il parlament seçkilərində namizəd olduğu 29 saylı seçki dairəsindəki pozuntularla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdi. Barışıq qərarı da bu şikayətlə əlaqədar qəbul edilib.

DOQQUZ İL GECİKDİRİLƏN QƏRAR

Amma Həsən Kərimov eyni dairədən 2005-ci ildə də deputatlığa namizəd olub və seçkidə qanun pozuntularla bağlı Avropa Məhkəməsinə şikayət edib. Bu şikayətlə bağlı Avropa Məhkəməsinin daha bir qərarı da 9 il sonra - keçən ilin sentyabrında çıxarılmışdı.

Həmin qərar əsasən Azərbaycan hakimiyyəti pozuntulara görə, 10 min manat cərimələnib. Həsən Kərimov bu qərarı yumşaq hesab edir. O deyir ki, bu qərarın 9 il gecikdirilməsi və nəticədə də onun fikrincə, "yumşaq qərar" çıxarılmasında Azərbaycan hakimiyyətinin təsiri olub.

PREZİDENTİN DƏ SƏS VERDİYİ DAİRƏDƏ...

Həsən Kərimov deyir ki, sonuncu barışıq təklifini qəbul etməsində də əvvəlki seçki ilə bağlı şikayəti üzrə gec və onu qane etməyən qərarın qəbulu rol oynayıb:

“Həmin dairə çox əhəmiyyətlidir. Prezident və onun ailə üzvləri burada səs verirlər. 2005-ci il seçkilərində protokollarda 32 məntəqənin 29-da mənim xeyrimə nəticə göstərilmişdi. Bu mənim deputat seçilməyim demək idi.

Hakimiyyət bu məhkəmədə uduzacağı təqdirdə biabır olacaqdı. Ona görə də bütün gücü qoyub qərarı gecikdirməklə bu məsələnin əhəmiyyətini azaltdılar.

Biz gözləyirdik ki, hakimiyyətdən mənim 5 il deputat maaşımın ödənilməsi tələb olunacaq. Ancaq, çıxarılan qərarda hakimiyyət 10 min manat cərimələnmişdi. Sonuncu şikayətimlə bağlı da vəziyyət eynidir. Nəticə təxminən eyni olacaq. Buna görə də hakimiyyətin səhvlərini etiraf etməsi şərti ilə barışmaq təklifinə razı oldum”.

Bundan öncə də Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin qəbulunda və qərarların çıxarılmasında Azərbaycan hakimiyyətinin təsiri haqda iddialar olmuşdu. Hələlik Avropa Məhkəməsindən bu iddialarla bağlı hər hansı reaksiya səslənməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG