Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48

-

Kiminlə gəldi dostluq eləmək kimi səhvi hamımız hansısa illərdə eləmişik. Bəzilərimiz bunun acı nəticələrini hiss etmiş, bəzilərimiz isə hələ də oyanmamış, fərqinə varmamışıq...

Günel Mövlud

KİMLƏ GƏLDİ DOSTLUQ ETMƏK

Bir şair tanıyırdım. Gənc idi, güclü nəfəsə, müşahidə qabiliyyətinə sahib idi. Lil, çöküntü, xılt qoxusu verən yerli poeziyaya o yeni, təravətli, sərin, buzlu bir külək gətirmişdi.

Onun gətirdiyi külək o qədər güclü, o qədər qarşısıalınmaz idi ki!... O qədər ki, adətən yeniliyə, gəncliyə, yeni sözə, fikrə ən pis halda nifrət, yəni yaxşı halda qısqanclıqla yanaşanların hamısı o küləyi qəbul etməli, o imzanın parıltısı qarşısında gözlərinin qamaşdığını etiraf etməli olmuşdular.

Cəmi 25 yaşı olanda şair artıq ölkədə bir qələm adamının əldə edə biləcəyi şöhrətin zirvəsindəydi. Əldə edə bilməyəcəyi heç nə yox idi, ən maraqlı adamlar onunla tanış olmaq, ən gözəl qızlar ona təslim olmaq, ən oxunaqlı orqanlar onun şeirlərini, yazılarını əldə etmək istəyirdilər. Dostlar, məclislər, tiraj, qadınlar…

Onun uğuru heyranlıq doğurduğu qədər paxıllıq, həsəd, nifrət doğururdu. İçlərində uğuruna, tirajına görə şairə paxıllıq, nifrət edənlər onunla tanışlığa can atırdılar, onun olduğu məclislərə düşmək istəyirdilər, onunla badə qaldırmaq, söhbət etməyə çalışırdılar.

Şairsə hər şeydən xəbərsiz idi, o ancaq özünün, dostlarının yaratdığı güclü, istedadlı, uğurlu şair obrazını düz on il idi ki, istismar etməklə məşğuldu. O, bu imzadan bacardıqca çox tiraj, bacardıqca çox qadın, bacardıqca çox heyranlıq əldə etmək istəyirdi.

Şair bu şöhrət adlı bu alovlu köynəyi geyinə bilmədi. Tədricən şöhrət onu həqiqətdən uzaqlaşdırdı, o öz çevrəsinə üstən-aşağı baxmağa başladı. Düşündü ki, hamı onun uğurunun işığına yığışır, hamı ondan nəsə qoparır. Kobudlaşdı, dostlarını, çevrəsini acıladı, onların uğurlarına bəzən barmaqarası baxdı, bəzən isə bunun məhz özünün xidməti olduğunu düşündü. Onun kobudluqlarını, bəzən gizli həsəd dolu acılamalarını həzm etməyən insanlar yavaş-yavaş ondan uzaqlaşdılar.

Onun ətrafı yavaş-yavaş dəyişdi. Öyrəndiyi, müzakirələr elədiyi insanlar azaldıqca şairin ətrafı onun uğurundan pay qoparmaq istəyənlərlə doldu. İçlərində ona nifrət edənlər, ona dəhşətli dərəcədə həsəd aparanlar üzdə tərif dolu sağlıqlar deyir, onu göylərə qaldırırdılar.

Oturduğu saysız məclislər, ona içirdikləri keyfiyyətsiz içkilər şairin bütün vaxtını alır, onu insanlardan, hadisələrdən, öyrənməkdən, düşünməkdən, üzərində işləməkdən uzaqlaşdırırdı. Bu müddətdə isə ətrafındakı uğursuz adamlar onunla dostluğunu reklam edirdilər. Biri onun sayəsində müsahibə verir, biri işə düzəlir, biri onun adını çəkib, dostluğunu reklam edir, biri onun sayəsində qızlarla tanış olurdu. Bir sözlə, kim nə bacarırdı, acgözlüklə qoparırdı, aparırdı. Şairin şöhrəti, adı sürətlə bu adamlara xərclənir, azalır, öləziyirdi.

O özü də bunları görür, lakin indi daha tək qalmaq istəmədiyindən, bu adamlardan uzaqlaşa bilmirdi. İndi ona çevrə lazım idi, onu tərifləyənlər, ona heyran olanlar lazım idi. Əgər onun imzasını, şöhrətini sümürən bu insanlar olmasaydı, onu kim tərifləyəcək, ona kim bəlağətli sözlər deyəcək, kim ona sönüb-getməkdə olan şöhrətini xatırladacaqdı?

Günlərin bir günü gözünü açanda o, özünü böyük bir boşluqda gördü. Şöhrət xərclənmiş, səhhət korlanmış, dostlar tərk etmiş, tiraj gülməli həddə çatana qədər azalmışdı. Ondan qalan bir neçə gözəl sətir idi, insanlar bu sətirləri müəllifi çoxdan dünyasını dəyişmiş sətirlər kimi xatırlayırdılar.

Bu müasir nağıl mənim ən çox ibrət götürdüyüm hadisələrdən biridir. Şöhrətin balıq kimi necə sürüşkən olması, çevrənin düzgün seçilmədiyi halda ən uğurlu insanı belə hara düşürəcəyi barədə bundan daha ibrətamiz hekayə tapmaq çətindir. Bu ibrətamiz hadisə dil açıb deyir ki, kiminlə gəldi dostluq eləmək, özünü, adını, uğurunu kimə gəldi xərcləmək olmaz.

Əgər hansısa səbəbdən sənin yanında heç kim yoxdusa, təksənsə, bu sənə kiminlə gəldi ünsiyyət saxlamağa əsas vermir. Əgər təksənsə, bu təkliyi qürur və ləyaqətlə yaşamağı bacarmalı, təkliyi belə səmərəli istifadə eləyə bilməlisən. Səni ancaq yoran, nələrsə qoparan, səni mənəvi cəhətdən heç cür zənginləşdirə bilməyəcək insanlara vaxt, əsəb xərcləməkdənsə, nə qədər şey oxumaq, öyrənmək olar. Nə qədər iş görmək olar. Sənin vaxtını istismar edən insanlara ayırdığın zamanı oxumağa, öyrənməyə xərcləsən, bu şeyləri sonra heç kim səndən ala bilməz. Öyrəndiklərin sənin xəzinəndi, ömrün boyu xərcləyib, bitirə bilməyəcəyin xəzinən.

Gözümüzün qarşısında neçə adam vardı ki, məhz çevrələrini düzgün seçə bilmədiklərinə, bəzən hansısa səbəbdən tək qalanda, bu təklikdən qorxub, öz vaxtlarını, biliklərini, uğurunu qarğa-quzğun kimi qapan insanlara xərclədiklərinə görə hər şeylərini itirdilər. Elə bilirdilər uğur, şöhrət daimidi, elə bilirdilər qalxdıqları yerdən onları heç kim düşürə bilməz. İncə, çox incə məqamlarda uduzdular, sırf təklikdən, çevrəsizlikdən qorxduqları üçün kiminlə gəldi dostluq elədilər, inciləri donuzların ayaqları altına səpələdilər.

Kiminlə gəldi, dostluq eləmək mənəvi deqradasiyanın başlanğıcıdır, yaradıcı adamı, fikir adamını uçuruma aparan çox pis yoldur. Sənə heç nə verə bilməyən insanlar, səni nəyin bahasına olursa-olsun öz səviyyələrinə dartıb gətirəndən sonra, o uçuruma adamı məmnuniyyətlə, həvəslə aparırlar. Onlar uçuruma, deqradasiyaya gedən bu yolu təriflərlə, məclislərlə, parıltıyla bəzəyirlər.

Kiminlə gəldi dostluq eləmək kimi səhvi hamımız hansısa illərdə eləmişik. Bəzilərimiz bunun acı nəticələrini hiss etmiş, bəzilərimiz isə hələ də oyanmamış, fərqinə varmamışıq.

Əgər insan gəncdisə, ömür hələ qarşıdadısa, əgər düzəlməz səhvlərə yol verilməyibsə, deməli, gec deyil. Lazımsız, ancaq vaxt, əsəb aparan ünsiyyətləri bitirmək, çevrəni məhdudlaşdırmaq, dostluq edəndə vasvasılıq dərəcəsində seçici olmaq vacibdir. Bunun əksini edən hər bir yaradıcı şəxs mənəvi deqradasiya adlanan o dəhşətli uçuruma doğru getməkdədir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG