Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:37

Həbsdə olan AXCP fəalı döyüldüyünü deyir


.

AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Elvin Abdullayev məhkəmə tibbi ekspertizadan keçiriləcək. Bu haqda AzadlıqRadiosuna vəkil Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, ekspertizadan keçməyi Elvin Abdullayev özü istəyib:

“Mən Elvinin vəkili olsam da hələlik onunla görüşə bilmirəm. Yanvarın 15-də onun işini aparan müstəntiqlə görüşdüm. Müstəntiq dedi ki, Elvin öz ifadəsində saxlanarkən əməliyyatçılar tərəfindən döyüldüyünü qeyd edib. O bildirib ki, bədənindəki xəsarət izləri buna sübutdur. Buna görə də müstəntiq ekspertiza keçirilməsi ilə bağlı qərar verib. Bu gün Elvini Məhkəmə Tibbi Ekspertizasına aparacaqlar. Böyük ehtimalla sabah mənim təqdimatım olacaq və təcridxanada Elvinlə görüşüb, daha ətraflı məlumat ala biləcəyəm”.

Elvin Abdullayev yanvarın 10-da saxlanıb. Bir gün sonra məhkəmə narkotik ittihamı ilə onun haqqında 4 aylıq həbs qərarı çıxarıb.

AXCP Gənclər Komitəsi Elvin Abdullayevin saxlanmasını sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi ilə əlaqələndirir. Komitə son vaxtlar 4 AXCP fəalının müxtəlif bəhanələrlə həbs olunduğunu, Azərbaycanda hakimiyyət tənqidçilərinin tez-tez məhz narkotik ittihamlarla üzləşdiyini xatırladır.

Elvin Abdullayevin saxlanmasının konkret səbəbləri barədə hüquq-mühafizə orqanlarından hələlik heç bir açıqlama verilməyib. Amma bir qayda olaraq hüquq-mühafizə orqanları vətəndaşların saxlanarkən zorakılığa məruz qalmalarına dair iddiaları inkar edirlər.

XS
SM
MD
LG