Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18

İlham Əliyevin Türkiyədə həmkarı Erdoğanla görüşünün "pərdəarxası"...


.

İLHAM ƏLİYEV TÜRKİYƏDƏ NƏYİ MÜZAKİRƏ EDƏCƏK

“Azadlıq” qəzeti prezident İlham Əliyevin yanvarın 15-də Türkiyəyə edəcəyi səfərinin “pərdəarxası”ndan yazır. Səfər zamanı iki dövlət başçısının birgə rəhbərliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV konfransı da keçiriləcək. Görüşlərdə həmçinin, iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacağı bildirilir.

Recep Tayyip Erdogan (solda) və İlham Əliyev

Recep Tayyip Erdogan (solda) və İlham Əliyev

Qəzetin yazdığına görə, İlham Əliyevin Türkiyəyə səfəri son günlər bu ölkədə yenidən gündəmə gələn “paralel yapı” ilə bağlıdır:

“AKP hakimiyyəti ilə Fetullah Gülen arasında münasibətlərin pozulduğu ilk dövrlərdə Receb Tayyip Erdoğan rəqibinin Azərbaycandakı dayaqlarını da sarsıtmağa çalışırdı”.

“Azadlıq” ehtimal edir ki, Erdoğan İlham Əliyevlə görüşündə yenidən bu məsələyə qayıdacaq.

Başqa mülahizələrə görə, səfər çərçivəsində İlham Əliyevin beynəlxalq aləmlə, xüsusilə ABŞ-la münasibətlərinin pozulması əsas müzakirə mövzusu ola bilər.

Ehtimallardan biri də Qərbə qarşı birgə fəaliyyətin müzakirə olunacağıdır:

“Məlumdur ki, hazırda Ərdoğanın da Qərblə münasibətləri ürəkaçan deyil. Mümkündür ki, Türkiyə prezidenti müttəfiq axtarışı zamanı Qərblə qarşıdurmada olan İlham Əliyevi də məqsədəuyğun sayıb”.

PARLAMENTİN QƏZETİNDƏN SUAL: "BƏS, SİZ?"

Bəxtiyar Sadıqov

Bəxtiyar Sadıqov

“Azrbaycan” qəzetinin redaktoru Bəxtiyar Sadıqov “Biz bunları etmişik! Bəs, siz?” adlı məqaləsində Dağlıq Qarabağ münaqişəsinin həllinə görə beynəlxalq qurumları tənqid edib. O yazır:

“Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizi işğal olunduqdan sonra BMT bununla bağlı və indiyədək icra edilməyən dörd qətnamə qəbul edib. ABŞ “Azadlığa Dəstək Aktı”na ədalətsiz sayılan 907-ci düzəlişi həyata keçirib. Rusiya iki dəfə Ermənistana hərəsində 1 milyard dollar həcmində silah-sursat bağışlayıb.

Fransa az qala “erməni soyqırımı”nı tanımayanları cinayətkar kimi məsuliyyətə cəlb edəcəkdi. Doğrudur, Azərbaycan iqtidarının çox böyük səyi nəticəsində müəyyən müsbət məqamlara nail da olunub: BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi dünyanın aparıcı təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.
Vəssəlam!..

Boş danışıqlardan və vədlərdən başqa heç nə yiyəsi olmamışıq!
Nə Ermənistan qoşunları işğal etdikləri ərazilərdən çıxarılıb, nə də qaçqın və məcburi köçkünlər doğma yurdlarına qaytarılıblar.

Səbəb?

Guya Azərbaycanda “demokratik tələblər”ə düzgün əməl olunmur.
Niyə, bunu hansı cihaz göstərir, - bilən yoxdur!

Ümumi şəkildə “insan hüquqlarının qorunmasında”, “mətbuat və söz azadlığında” “problemlər var” deməklə və heç bir tənqidə dözməyən faktlar göstərməklə kifayətlənirlər.

İndiyədək demokratik cəmiyyət quruculuğunda etdiklərimizi isə görmək istəmirlər!”

Müəllif Azərbaycan hakimiyyətinin “hüquqi demokratik dövlət quruculuğu, iqtisadi, azad, demokratik və şəffaf seçkilər keçirilməsi” sahəsində atdıqları addımları sadalayır:

“Bütün bunları - yuxarıda qısa şəkildə sadaladıqlarımızı biz etmişik!
Bəs siz nə etmisiniz?
AZƏRBAYCANIN HANSISA KƏNDİNİN BİRCƏ KÜÇƏSİNİN İŞĞALDAN AZAD EDİLMƏSİNƏ NAİL OLMUSUNUZMU?

Ən nəhayət, bizim bu qədər etdiklərimizin qarşılığında heç nə etmədiyinizə görə özünüzü vicdanınız qarşısında günahkar sayırsınızmı?!”

EVLƏR SƏNƏDLƏŞDİRİLİR, AMMA...

Rövşən Ağayev

Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev prezident prezident İlham Əliyevin sənədsiz evlərlə bağlı verdiyi fərmana münasibət bildirib. "Qafqazinfo" həmin açıqlamanı təqdim edir:

"Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesinə nəhayət ki, yaşıl işıq yandırıldı. Çox müsbət addımdır. Amma bu məsələdə diqqətimi çəkən bir neçə məqam var.

Əvvəla, uzun illərdir məmurlar deyirdi ki, bu problemin həlli çox mürəkəbdi, qanun olmalıdı, problemin həllilə bağlı mexanizmlər tapılmalıdır və s. İndi məlum oldu ki, az qala Marsa uçmaq qədər qəlizləşdirilən bu problemin bir fərmanlıq canı varmış.

İkinci, bu qərar çox aydın surətdə ortaya qoydu ki, Qarabağ problemi istisna olmaqla yerdə qalan istənilən problemin həlli bir fərmana, göstərişə, qanuna bağlıdır.

Üçüncü, bir daha aydın oldu ki, bu ölkədə cəmi bircə idarəetmə institutu - Prezident institutu işlək vəziyyətdədir.

Nəhayət, bu proses çox ciddi ictimai nəzarət tələb edir. Vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, "centlmen sövdələşmələrlə" fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək. Müstəqil QHT-lərin axırına çıxmasaydılar, hətta indi ictimai nəzarət üçün jurnalistlərlə birgə qrup da yaratmaq olardı.

Sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlarımız üçün çox mühümdür. Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta "uçastkovı" belə onun mənzilini buldozer qabağına verə bilər. Hətta bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət elədiyini bir neçə tanışımın ailəsində görmüşəm.

Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsanlar. Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlrin satşını demək olar ki, mümkünsüz etmişdi".

NEFT QUYUSU ÜSTÜNDƏ İDMAN

Arxiv fotosu: Balaxanıda neft çirkabı

Arxiv fotosu: Balaxanıda neft çirkabı

“Yeni Müsavat” yazır: “Bayıl qəsəbəsində iki neft quyusunun üzəri şüşə örtüklə qapadılacaq və üstündə park salınacaq”.

Məqalədə deyilir ki, Bakının Bayıl qəsəbəsində Su İdman Sarayının tikintisi davam edir. 6 hektarlıq ərazidə inşası aparılan Sarayda 3 üzgüçülük hovuzunun tikilməsi nəzərdə tutulub.

Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyəcək. Amma bu ərazidə tikinti başlayandan bəri bir neçə dəfə müxtəlif problemlər yaşanıb. İlk olaraq ərazidə yaşayan sakinlərin köçürülməsi zamanı gərginlik yaşandı. Neft quyularının olduğu ərazilərdən sakinlər köçürüldükdən sonra park, keçid və Su İdman Sarayı tikilir.

Su İdman Sarayının yaxınlığında tikilən piyada keçidi ötən ilin ortalarında çöküb. Keçidin çökmə səbəbi isə qurunt suları olub. İndi isə həmin keçid yenidən tikilir.

Tikinti zamanı ortaya çıxan yeganə problem bu deyil. Belə ki, bəzi iddialara görə, inşa işləri gedən ərazidə əvvəllər olan neft quyuları olub. İndi isə Su İdman Sarayı və park həmin buruqların üzərində tikilir. Tikinti işləri aparmaq üçün isə neft buruqlarının üzəri betonlanır. Bu isə böyük bir təhlükədən xəbər verir. Çünki neft quyusu hər an partlaya bilər. Əgər iddialar doğrudursa, neft quyuları üzərində tikiləcək tikintilər böyük faciəyə yol aça bilər.

Ərazidə çalışan işçilərdən aldığımız məlumata görə, iki neft quyusunun üzəri şüşə örtüklə qapadılacaq. Həmin neft quyuları isə tikiləcək olan parkın ərazisinə düşür:

“Parkın ərazisinə iki neft quyusu düşür. Onların üzərini betonlamayacaqlar. Əksinə, şüşə örtüklə ətrafı qapadılacaq. Gözəl görünüş veriləcək”.

Ərazidə yaşayan sakinlər də narahatdır:

“Burada yaşayan camaatın evlərini sökdülər. Söküntülər zamanı bəhanə olaraq dedilər ki, ərazi neft şirkətinə məxsusdur. Və burada evlərin tikintisi təhlükəlidir. Bəs, indi nə dəyişdi ki, həmin neft quyularının üstündə tikinti işləri aparırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG