Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:27

Rusiyanın çökən iqtisadiyyatı iğtişaşlar yarada bilər...


.

Xarici jurnalistlər Türkiyədə "casusa" necə çevrilir?

"Türkiyə müsəlman dünyasına bir model kimi göstəriləndə, qlobal böhrana baxmayaraq iqtisadiyyatı çiçəklənən bir vaxtda, ölkəni tərifləyən jurnalistlərə də qucaq açmışdı. Ərəb inqilabları dövründə Türkiyəyə daha çox xarici jurnalist gəldi. Vaxtilə Beyrutdakı kimi, indi də İstanbul, Hatay, Qaziantepdə onların regional ofisləri yarandı". Bunu Al-Monitor.com-da dərc olunmuş yazıda oxuyuruq.

Arxiv fotosu: Vladimir Putinin Türkiyəyə səfərinə dair medianın bağlığı. 2 dekabr 2014
Arxiv fotosu: Vladimir Putinin Türkiyəyə səfərinə dair medianın bağlığı. 2 dekabr 2014

Müəlliflər qeyd edir ki, xarici jurnalistlər və xarici medianın yerli əməkdaşları Ədalət və İnkişaf Partiyasını (AKP) tərifləyəndə böyük nüfuzları vardı. Ancaq elə ki, həssas mövzulara toxunmağa başladılar, bir gecəyə hökumətin gözündə casusa çevrildilər:

"Getdikcə daha çox jurnalistə böhtan atılır, Prezident Recep Tayyip Erdogan çıxışlarında da bu məsələni qaldırır. Erdoganın hədəfə aldıqları hədələnir, sosial mediada təhqir olunur. Nəticədə bəziləri Türkiyədən geri çağrılıb, bəziləri işini azaltmağa çalışır. Çoxları oturum icazəsinin alına biləcəyindən narahatdır".

Bir jurnalist kürd məsələsindən, digəri İslam Dövləti silahlı qruplaşmasının Türkiyədə jurnalistləri oğurlaya biləcəyindən, yaxud Türkiyənin qərbində mina qəzasında 301 nəfərin ölməsindən yazdığı üçün təzyiqlərlə üzləşib. "Today’s Zaman"ın reportyoru Mahir Zeynalov Erdogan barədə tvit yazdığı üçün Azərbaycana deportasiya olunub.

"Bəs, təhlükəsizlik və ədliyyə rəsmilərinin cavabı necədir? Qızışdırma, hədə və nifrət çıxışına bərabər bu cinayətlərə görə bir tədbir görürlərmi? Xeyir. Cinayətə yol verənlər toxunulmazdır, çünki birinci daşı lap başda oturan atır," - deyə Al-Monitor yazır.​

Erdoganın sarayında nizəli və dəbilqəli əsgərlər

Frans Press agentliyi isə Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın sarayında mərasim qvardiyasının dramatik görünüşündən yazır:

"Nizəli və dəbilqəli əsgərlər, zirehli geyimlər, yaraq-əsləhə, hətta bəzilərinin saxta bığı – Türkiyə prezidentinin heç nəyi əsirgəmədiyi görünür.

Bazar ertəsi Fələstin prezidenti Mahmud Abbas Ankarada danışıqlara gələndə tarixi dram, yaxud hansısa balet tamaşasına gəldiyini düşünə bilərdi. Abbas Erdoğanla əl verib görüşəndə, Türkiyə liderinin yeni sarayının əsas pilləkənini yaraq-əsləhəli, əllərində nizə, qalxan, qılınc tutmuş əsgərlər qoruyurdu."

Kostyumlardan bəziləri elə də həqiqi görünmürdü və bu səhnə sosial mediada xeyli lağa qoyuldu. Bloqqerlər Erdoganın Photoshop proqramında düzəldilmiş, əsgərlərin yerinə müxtəlif oyun qəhrəmanlarının şəkilləri qoyulmuş fotolarını yayırdılar. Rəsmi Anadolu agentliyi sonradan yazdı ki, 16 döyüşçü Türkiyə tarixində 16 imperiyanı təmsil edib.

Erdoğan bu nəhəng sarayı ötən ilin oktyabrında Ankarada açıb. Sarayda 1.150 otaq var, 490 milyon avroya (615 milyon dollara) başa gəlib. Özü bu sarayı qurduğu Türkiyənin simvolu adlandırır. Ancaq opponentləri onu getdikcə avtoritarlaşan dövlətdə dəbdəbəyə meylin güclənməsi sayır.

Dmitry Medvedev
Dmitry Medvedev

Rusiyanın çökən iqtisadiyyatı iğtişaşlar yarada bilər?

Rusiyanın baş naziri Dmitry Medvedev bazar ertəsi deyib ki, ölkəsinin İqtisadi durumu "ən azın kifayət qədər problemlidir." Foreign Policy yazır ki, neftin qiymətinin və rublun dollara nisbətən sürətlə düşdüyü bir vaxtda bu sözlər yeni ilin xeyli təmkinli bəyanatı sayıla bilər. Foreign Policy yazır:

"İstehlak mallarının getdikcə qıtlaşmasının, rublun ucuzlaşmasının, bunun Rusiyanın daxili siyasətinə də ciddi təsirləri var. Yanvarın ilk həftəsindən Orta Asiya və Qafqazdan Rusiyaya əmək miqrasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb.

Məlumatı Federal Miqrasiya Xidməti yayıb. Bu, ölkənin ksenofobik, bəzən də zorakı millətçi hərəkatı üçün bir stimul ola bilər, çünki onlar immiqrantların evlərinə qayıtmasını istəyirlər."

Foreign Policy qeyd edir ki, 144 milyon əhalisi olan Rusiyada 11 milyon mühacir yaşayır. Çoxu da Moldova, Ukrayna, Özbəkistan və Tacikistandan gəlib. Miqrantlarla yerli əhali arasında toqquşmalar da az olmayıb. Sova Mərkəzinin məlumatına görə, 2014-cü ildə etnik hücumlarda 19 nəfər ölüb, 103 nəfər yaralanıb.

Müəllif qeyd edir ki, miqrantlar bütün bu çətinliklərə baxmayaraq iş dalınca Rusiyaya gəlirdilər. Məsələn, Orta Asiyanın iqtisadiyyatı Rusiyadan göndərilən pullardan çox asılıdır. Ancaq rublun dəyəri düşdükcə bu göndərişlər də iki dəfəyədək azalıb.

2012-ci ildə Rusiya Federal Miqrasiya Xidməti Federal Migration Service bildirirdi ki, ölkə əhalisi azaldığından mühacirlərin əməyinə ehtiyac var. Digər tərəfdən avtoritar Orta Asiya hökumətləri də fəhlələrin xaricə getməsinin tərəfdarıydı. Əmək miqrasiyasına sosial "təhlükəsizlik nəfəsliyi" kimi baxırdı, yəni bu yolla iqtisadi durğunluğu ertələməyə, siyasi sabitsizliyi önləməyə çalışırdı.

Foreign Policy-də dərc olunmuş məqalədə daha sonra oxuyuruq:

"Orta Asiyaya daha çox miqrant qayıtdıqca, regionda siyasi sabitsizlik yarana bilər. Uzağa getməyək, 2010-cu il Qırğızıstan inqilabına baxaq. 2008-ci il iqtisadi böhranından sonra Rusiya iqtisadiyyatı zəiflədi. Daha çox kişilərdən ibarət miqrantlar Qırğızıstana qayıtdı. Opportunist siyasətçilərin dəstəyi ilə küçə etirazları başladı və nəhayət 2010-cu ilin aprelində prezident Kurmanbek Bakiyev devrildi.

İndi işsiz fəhlələrin yeni nəsli korrupsiyaya uğramış, iqtisadiyyatı durğun Orta Asiyaya qayıdır. Rusiya periferiyasında daha çox hökumətlər çökməyə başlasa, Medvedev digər "problemli" durumlardan narahat olmağa başlayacaq".

XS
SM
MD
LG