Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:47

Çeçenistan Dumaya ailəliklə cəzalandırma haqqında qanun layihəsi təklif edib


Çeçenistan başçısı Ramzan Kadırov.

Çeçenistan başçısı Ramzan Kadırov.

Qanun layihəsində qiyamçıların ailə və qohumlarının cəzalandırıması nəzərdə tutulub

Çeçenistan Respublikasının millət vəkilləri Rusiya Dumasına terrorçuluqda ittiham olunanların ailə üzvlərinin cəzalandırılmasına dair qanun layihəsi təqdim edib.

Qanun layihəsi ilə birlikdə təqdim olunmuş izahat məktubunda deyilir ki, hazırda terror aktları törədənlərin ailə üzvləri və yaxınları heç bir məsuliyyət hiss etmirlər, əksinə intihar bomba partlayışları üçün ödənilən böyük pullar onların ailələrinə çatır.

Qanun layihəsi müəlliflərinin fikrincə, ailə üzvləri və yaxın qohumların məsuliyyət dərəcəsi onların ictimaiyyətə qarşı ağır cinayət törədən qohumlarının fəaliyyətindən nə dərəcədə xəbərdar olduqlarından asılı olmalıdır.

Çeçenistasn parlamentinin spikeri Dukuvaxa Abduraxmanov deyib ki, terrorçunun valideynləri və həddi-büluğa çatmış yaxın qohumları terror aktının hazırlanmasında köməklik göstərdikləri halda məsuliyyətə cəlb olunmalıdırlar. Spiker bu köməyin nədən ibarət ola biləcəyini izah etməyib.

Rusiya mətbuatı yazır ki, ölkənin Cinayət Məcəlləsində artıq “terror fəaliyyətinə kömək” maddəsi mövcuddur. Lakin çeçen qanunvericilərə belə gəlir ki, bu maddə kifayət deyil.

Kollektiv cəzalandırma

Əslində onun hakimiyyətinə qarşı döyüşən yaraqlıların ailə üzvlərinin cəzalandırılması ideyası Çeçenistanın başçısı Ramzan Kadırovdan qaynaqlanırr.

Bir çox müşahidəçilərin firkincə, daha doğrusu, bu artıq ideya da deyil, tam miqyasında həyata keçirilən prosedurdur.

Ötən ay yaraqlıların Qroznıya hücumundan dərhal sonra onların yaxın qohumlarının evləri Kadırovun göstərişi ilə yandırılmışdı.

Media xəbərlərinə görə, Dövlət Dumasında əksər millət vəkilləri “kollektiv məsuliyyətin” Cinayət Məcəlləsinə daxil edilməsi təklifini başa düşmədiklərini bildirirlər.

Rusiyanın insan haqları qrupları isə qanunvericilik təşəbbüsünü “orta əsrlərə qayıdış” cəhdi kimi qiymətləndirir.

Divantutma əməliyyatlarının qanuniləşdirilməsi

“Kavkazski uzel” internet saytının baş redaktoru Qriqori Şvedov deyib ki, Ramzan Kadırov Rusiya Dumasına belə bir qanun layihəsini təklif etməklə, respublikada qiayamçıların ailə üzvlərinə qarşı artıq həyata keçirilən divantutma əməliyyatlarını legitimləşdirmək istəyir.

“Düşünürəm ki, bu, məhkəməsiz divan tutulmalarına haqq qazandırmaq üçün edilir” – deyib baş redaktor.

Şvedov BBC Rus xidmətinə müsahibəsində deyib ki, “qanun layihəsinə cəza olaraq yaraqlıların ailə və qohumlarının evlərinin sökülməsi və ya yandırılması daxil edilməyib, qalan müddəlar isə Rusiya qanunlarında artıq çoxdan mövcuddur”.

Qriqori Şvedovun fikrincə, bu qanun layihəsində çox sayda anlaşılmazlıqlar var. Məsələn, hər hansı cinayət haqqında məlumatlı olmaqla mülkiyyət müsadirəsinin necə uzlaşdırılacağı bəlli olmur.

Layihədə terror aktının hazırlanmasından xəbərdar olmaq, ona kömək etməklə bir qiymətləndirlir.

Çeçenistan millət vəkilləri həmçinin ictimai təhlükəsizliyiə qarşı cinayətlər üçün həbsxana cəzasının artırılaraq 15 ildən 25 ilə çatdırılmasını istəyirlər.

Qroznıya hücum edən yaraqlıların qohumlarının evləri yandırılan zaman Ramzan Kadırov bəyan etmişdi ki, “valideynlərin övladların hərəkətləri üçün məsuliyyət daşımadığı dövrlər artıq keçib”.

Kadırovun zəhmi

İnsan haqları qrupları bu qənaətdədirlər ki, Çeçenistan liderinin zəhmindən çəkinən Duma üzvləri təklif olunan layihənin absurdluğunu birbaşa tənqid etməkdənsə, onun məqsədə uyğunluğuna şübhə ifadə edirlər.

Məsələn, “Vahid Rusiya” fraksiyasından Frants Klintseviç TASS agentliyinıə deyib ki, terrorizmə görə cəzaların gücləndirilməsinə ehtiyac olsa da, bunun üçün məsuliyyətin terrorçunun ailə üzvlərinin üzərinə qoyulmasının qanuniliyindən əmin deyil.

“Onsuz da Şimali Qafqazın heç bir yerində yaxınlardan və qohumlardan nəyisə gizlətmək mümkün deyil, - deyib Klintseviç, - amma valideynləri “övladlarını düzgün tərbiyələndirmədiklərinə görə” həbsxanaya necə salmaq olar? Burada yüz ölçüb-bir biçmək lazımdır. Hələ üstəlik qəbul olunarsa, bu qanun bütün Rusiya ərazisində qüvvəyə minməlidir”.

Stalindən də qəddar

Rusiya insan haqları müdafiəçiləri ümid edirlər ki, Duma bu layihəni dəstəkləməyəcək. Tanınmış fəal Svetlana Qannuşkina “kollektiv məsuliyyəti” “absurd” adlandırıb.

“Bizə hansısa orta əsrlərə qayıtmağı təklif edirlər. Hətta Stalin vaxtında da deyirdilər ki, oğul ataya cavabdeh deyil və əksinə...Bu isə kollektiv məsuliyyət, kollektiv təqsir, kollektiv cəzadır və yalnız absurd kimi qiymətləndirilə bilər” – deyib fəal.

Qriqori Şvedov isə bildirib ki, bu təşəbbüssüz də Çeçeçnistanda artıq qohumların cəzalandırılması sistemi qurulub və fəaliyyət göstərir.

“Çeçenistanda terrorçuları dəstəkləyənlər artıq de jure yox, de facto qanundan kənar sayılırlar, - deyir redaktor, - Həm də onlara qarşı bank hesablarının həbsi və mülkiyyətlərinin müsadirəsindən daha ağır cəzalar verilir. Mənə belə gəlir ki, bu qanunvericilik aktı yaxşı heç nə vəd etmir, çünki Çeçenistan artıq çoxdandır ki, qanunlarla yox, Kadırovun dərrakəsi ilə yaşayır”.

Şvedovun sözlərinə görə, Çeçenistan reallığında terrorçuya kömək etmək yox, elə onun qohumu olmaq kifayətdir ki, kimisə cəzalandırsınlar.

“Bu qanun layihəsi qanunsuzluğu qaniniləşdirmək məqsədi güdür” – deyib Şvedov.

Kadırovun özü “böyük” sözünə baxırmı?

Rusiyanın müxalifət mətbuatı yazır ki, bu qanunvericilik təşəbbüsünün arxasında şəxsən Kadırovun dayanması heç kim üçün sirr deyil.

Ötən il, dekabrın 4-də yaraqlıların Qroznıya hücumu olmuş, hücum nəticəsində azı 10 çeçen polis öldürülmüşdü.

Hadisənin elə ertəsi günü Ramzan Kadırov terrorçuların valideynləri üçün cəzaların tətbiq edilməsi barədə çıxış etdi.

Onun bu ilk bəyanatından dərhal sonra qiyamçıların qohumları olduqları güman edilən bir neçə ailənin evləri yandırıldı.

Rusiya prezidenti Vladimir Putin isə Çeçenistan başçısının bəyanatını şərh edərkən, qohumların məsuliyyəti prinsipi ilə razılaşmadığını bildirmişdi.

Lakin təhlilçilərin fikrincə, indi Dumaya belə bir qanun layihəsinin təqdim olunması onu göstərir ki, Ramzan Kadırov da öz böyüyünün sözünə heç də həmişə qulaq asmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG