Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:32

Thomas Melia: "ABŞ Azərbaycandakı müstəqil səsləri dəstəkləməkdə davam edəcək"


Thomas Melia
Thomas Melia

-

"Azərbaycan hökumətindəki tərəfdaşlarımızın bizim gerçək maraqlarımızın nədən ibarət olduğunu bilməsi vacibdir. Bizim maraqlarımız bundan ibarətdir: Azərbaycanda sabitlik və firavanlıq istəyirik.

Və düşünürük ki, bunu təmin etmək üçün getdikcə daha çox müstəqil səslərə sayğı göstərilməli və normal müasir cəmiyyətlərdə onların adətən gördükləri işləri görmələrinə icazə verilməlidir”.

Bunu ABŞ-da Demokratiyaya Milli Dəstək təşkilatında (NED) Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunarkən ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Thomas Melia deyib.

Onun bildirdiyinə görə, ABŞ ən yüksək səviyyədə Azərbaycan hökumətilə kontaktları davam etdirəcək və öz ölkəsinin sürətlə müasir demokratik dünyaya inteqrasiyasına çalışan müstəqil səsləri dəstəkləməkdə davam edəcək.

Demokratiyaya Milli Dəstək təşkilatında Rusiya və Avrasiya Proqramlarının direktoru Miriam Lanskoy isə deyib ki, beynəlxalq qurumların işinə cəlb etmək yolu ilə hansısa ölkələrdə demokratiya və insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına nail olmaq tezisi özünü doğrultmayıb. Bu tezis 20 ildir gündəmdədir. “Azərbaycan ATƏT, Avropa Şurası, Avropa Birliyinin Qonşuluq siyasətinə nə qədər çox inteqrasiya edirsə, bundan nə qədər çox faydalanırsa, insan haqları sahəsində vəziyyət bir o qədər kəskin pisləşməkdə davam edir“ – deyə Lonskoy qeyd edib.

Bakı Dövlət Universitetinin professoru Altay Göyüşovsa deyib ki, Avropa Şurasına qoşulmamışdan əvvəl Azərbaycan daha demokratik ölkə idi. Onun fikrincə, indi Avropa Şurasına rəhbərlik etməsi Azərbaycana demokratiyanı daha da inkişaf etdirmək üçün bir fürsət olmalı idi. Amma bunun əvəzində həmin dövrdən müstəqil səsləri tamamilə boğmaq, müxalif fikir üçün meydanı tamamilə daraldıb aradan qaldırmaq üçün istifadə edildi.

Azad Avropa və Azadlıq Radiolarının Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev bildirib ki, hazırda radionun Azərbaycandakı fəaliyyəti tamamilə iflic edilib. Radionun Bakı bürosu bağlanıb, bank hesabı dondurulub:

AzadlıqRadiosunun Bakı bürosu möhürlənib.
AzadlıqRadiosunun Bakı bürosu möhürlənib.

“Bizə və başqa qeyri-hökumət təşkilatlarına qarşı edilənlər – sıradan hadisələr deyil. Bu, sistemli və koordinasiya olunmuş şəkildə edilir və bizim təşkilatların heç birinin fərdi fəaliyyəti ilə bağlı deyil”.

K.Əliyev onu da deyib ki, radio təzyiqlər qarşısında geri çəkilmək fikrində deyil:

“Biz israrlıyıq və polisin Bakı büromuza və jurnalistlərimizə hücumuna qarşı çıxmaqda davam edəcəyik. Bizi susdurmaq mümkün olmayacaq. Azadlıq Radiosu Azərbaycan xalqına azad, senzurasız, obyektiv xəbərlər çatdırmaqda davam edəcək. Buna heç kəsin şübhəsi olmasın."

Ötən il dekabrın son günlərində Azadlıq Radiosunun Bakı bürosu möhürlənib və o vaxtdan bəri radionun onlarla əməkdaşı Respublika Prokurorluğunda dindirilib.

Demokratiyaya Milli Dəstək təşkilatında (NED) Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olundu

XS
SM
MD
LG