Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:57

David Kramer-dən Azərbaycan hakimiyyətinə sərt mesajlar...


David J.Kramer
David J.Kramer

.

Müsahibəni burada dinlə (İngilis dilində):

Gözlə

No media source currently available

0:00 0:10:59 0:00
Direct-ə keçid


ABŞ-ın McCain İnstitutunda İnsan Haqları və Demokratiya məsələləri üzrə direktor David J.Kramerin AzadlıqRadiosuna müsahibəsi:

David J.Kramer: Məncə son baş verənlər nəinki münasibətlərə ziyan vura bilər, artıq vurmaqdadır. Konqresin aparıcı üzvlərindən bəziləri bəyanatlar verib. Buraya konqresmenlər Keating, Engel daxildir. Administrasiya da bu məsələdə ritorikanı gücləndirib və bu həftə (ötən həftə - red.) administrasiyada bəzi şəxslərə söhbətlərimdən belə qənaətə gəlmişəm ki, məyusluq həddi artır. Elə bir həddə çatır ki, onlar mümkün variantları nəzərdən keçirirlər, bu məsələdə necə ciddi olduqlarını göstərmək üçün görə biləcəkləri tədbirləri götür-qoy edirlər. Artıq narahatlıq ifadələri işləmir və Bakıdakı rəsmilər də anlamalıdırlar ki, bu cür davranış axırda onlara baha otura bilər.

Sual: Azərbaycan hakimiyyəti narahatlığa ciddi yanaşmır. Son vaxtlar onların tənqidi açıq dilə gətirir, elə Əli Həsənovun müsahibəsində də bunu görürük. Sizcə, Azərbaycan ABŞ-ı nə dərəcədə sınağa çəkir?

David J.Kramer: Onlar ABŞ-ı sınağa çəkir, yoxlayırlar ki, nə qədər uzağa gedə bilərlər. Məncə, təhlükəli oyun oynayırlar. İstər administrasiyanın olsun, istər Konqresin, müəyyən nöqtədə Azərbaycanla bağlı səbr kasası daşmaq üzrədir. Özəlliklə də, Konqres Azərbaycanda baş verənləri daha çox öyrəndikcə, narazılığını çox real və konkret yollarla bildirmək üçün addımlar ata bilər.

Əgər onlar sadəcə düşünürlərsə ki, belə uzağa gedəcək və cəzasız qalacaqlar, yəni bu, sınağa çəkmək deyil, məncə, bunun bir səhv olduğu sübuta yetiriləcək. İndiyədək belə olub – geniş tənqid olunan və pislənilən 2013-cü il oktyabr seçkilərindən sonra özlərini belə aparıblar. O vaxtdan bəri təzyiqlərin artdığını görürük.

Vəziyyət özəlliklə ötən ay pisləşib, Ramiz Mehdiyev Birləşmiş Ştatlara, AzadlıqRadiosu və xüsusilə də Xədicə İsmayılovaya hücuma keçib.

Daha sonra Azərbaycanın bəzi rəsmiləri ABŞ-ın ATƏT-dəki səfiri Dan Baer-in AzadlıqRadiosuna basqını pisləməsinə mənfi reaksiya verib. Məncə, onlar səhvə yol verirlər. Ola bilsin düşünürlər ki, ABŞ geri çəkiləcək və bütün bunları qəbul edəcək. Bir sıra Amerika təşkilatları və beynəlxalq qurumlar ölkədən çıxmağa məcbur olublar. Məncə, Administrasiyanın olmasa belə, Konqresin "Artıq yetər!" qərarını verməsi vaxt məsələsidir.

Sual: Yəni hansısa addımlar gözləyə bilərik?

David J.Kramer: Hansısa addımlar gözləmək? Ümid edirəm ki, belə olacaq. Nəzərə alın ki, Sergey Magnitsky-nin ölümünə görə Rusiyaya tətbiq olunan Magnitsky aktı Konqresdə qəbul olunana qədər 2 il çəkdi. Sonra həmin sənəd Konqres tərəfindən qəbul olundu və prezident onu imzaladı.

Məncə, biraz vaxt keçməlidir ki, Azərbaycanda baş verənlərə reaksiyaların real siyasi dəyişikliyə və mümkün nəticələrə çevrilməsini görək. Ancaq ilk addım adamları maarifləndirmək, onları baş verənlərdən agah etməkdir. Təəssüf ki, Azərbaycan hökuməti daha güclü mövqeyi dəstəkləyənlərə bu məsələdə irəli getmək üçün xeyli sursat da verib.

Sual: Deyə bilərikmi ki, son həbslər və AzadlıqRadiosunun ofisi bağlanandan sonra Azərbaycanın məsələsi aktuallaşır?

David J.Kramer: Deyərdim ki, ABŞ-ın maliyyələşdirdiyi radioda reyd keçirmək və işçilərini təqib etmək, onları dindirmək, e-maillərinə hücum, eləcə də onları qısa müddətə saxlamaq Azərbaycan hökuməti tərəfindən çox səfeh hərəkətdir.

Xədicə İsmayılova dekabrın 5-dən saxlanıb. Bu ya hökumət tərəfdən inanılmaz cəsarət, ya da tam səfehlikdir. Bu hərəkət bir göstərici də ola bilər – Azərbaycan hökumətində bəzilərinin, ola bilsin ki, Prezident Adminisytrasiyasıın rəhbərinin Birləşmiş Ştatlardan zəhləsi gedir və bundansa Rusiyaya ilə yatağa girməyə razıdır.

Bir mümkünlüyü istisna etmirik ki, hökumətdə parçalanmalar var, ya da Lukashenka kimi Rusiya və Qərblə oyun oynaya biləcəklərini düşünürlər.

Mənim fikrim belədir ki, bu cür fəndlərə aldanmamalı, diqqətimizi Azərbaycanda baş verənlərə yönəltməliyik. Onun Rusiya ilə münasibətlərini, Rusiyada indiki durumu görməzdən gəlməməliyik. Azərbaycandakı vəziyyət isə elə bir həddə çatıb ki, sakit dura və yalnız narahatlıq bəyanatları səsləndirə bilmərik.

Sual: Belə fikirlər də var ki, sanksiyalar səbəbindən Azərbaycan tamamilə Qərbə arxasını çevirə bilər.

David J.Kramer: Məncə, biz Azərbaycanı Rusiyaya təslim edəcək sərt mövqedən narahat olmamalıyıq. Bəzi hökumət rəsmilərinin Rusiya ilə münasibətlərinin yaxınlığına dair xeyli spekulyasiya var və onlar Rusiya ilə biraz da yaxınlaşmaya getməyə də bilər.

İkincisi, mümkün hərəkətlərimizin Azərbaycanı Rusiyanın qucağına atacağından çox narahatıqsa, gərək əl-qolumuzu bağlayaq və səmərəli siyasət hazırlamayaq.

Biz sadəcə əyləşib Azərbaycandakı hadisələri izləyə və heç nə etməyə bilmərik. Deyiriksə ki, bu, qəbuledilməzdir, gərək bu sözə anlam qataq və nə isə edək.

Tövsiyələrimdəki sanksiya çağırışı da Azərbaycan hökumətinin addımlarına cavabdır. Bunu ancaq sanksiya istədiyim üçün etmirəm. Bunu istəmirəm. Nəyə görə edirəm? Azərbaycan hökumətinin hərəkəti elə bir həddə çatıb ki, öz xalqı ilə rəftarı belə qorxu yaradır, həm də Birləşmiş Ştatlara meydan oxuyur.

Məncə, əgər bu davranışın daha da pisləşməsini istəmiriksə, buna cavab vermək öhdəliyimiz var. Yəni bu, davranışa cavabdır, hansısa təşəbbüs deyil, yaxud qabaqlayıcı addım da deyil, davranışın dayanması üçün ona cavabdır.

Hökumət vətəndaş cəmiyyəti fəallarının, müxalifət liderlərinin və jurnalistlərinin həbsini və təqibini dayandırsa, ABŞ-ın maliyyələşdirdiyi təşkilatlara reydini dayandırsa, onda sanksiyalara ehtiyac qalmayacaq. Ancaq bu yolla davam etsə, elə də çox seçimimiz qalmır.

Sual: Sizcə, reaksiyalar adekvat sayıla bilərmi?

David J.Kramer: Aydın deyəcəyəm, Geoge Buş administrasiyası dövründə dövlət departamenti rəsmisi olmuşam. Məncə, o vaxt biz Heydər Əliyevi, daha sonra İlham Əliyevi yerində oturda bilməmişik.

2008-ci ildə dövlət katibinin insan haqları, demokratiya və əmək məsələləri üzrə köməkçisi kimi 2 dəfə Azərbaycana səfər etmişəm. Hər iki dəfə prezident Əliyevlə görüşdə narahatlıqları, xarici yayımın dayandırılması, eləcə də Amerika və beynəlxalq QHT-lərə münasibət məsələlərini qaldırmışam.

Dövlət Departamentindən sonra Freedom House təşkilatına keçdim. Azərbaycan daimi olaraq azad olmayan ölkələr kateqoriyasına düşürdü – hər mətbuat, həm də digər azadlıqlar reytinqində.

Tamamilə haqlısınız ki, baş verənlər yeni deyil, əvvəllər də bunları çox görmüşük. Ancaq deyərdim ki, hadisələr daha da pisləşib və əməlli-başlı sürətlənib.

Elə bir həddə çatıb ki, demokratiya və insan haqları məsələsinə gələndə, birgə işləmək siyasətimiz, enerji, iqtisadi maraqlar, təhlükəsizlik və terrorçuluqla mübarizəyə fokuslanmaq işləmir. Ona görə də ABŞ-ın marağına uyğun olaraq demokratiya və insan haqlarının çəkisini artırmalıyıq. Bu, indiki hökumətə maraqlı olmasa da, uzun müddətə götürəndə Azərbaycanın da marağında olmalıdır.

Anlamalıyıq ki, son illər siyasətimiz həmin maraqları önə çəkə bilməyib. Fərqli bir yanaşma ilə Bakıdakı rəsmilərə anlatmalıyıq ki, demokratiya və insan haqları Birləşmiş Ştatlar üçün iqtisadi, enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə maraqları qədər vacibdir.

Sual: Ümid edək ki, 2015 dəyişikliklər ili olacaq.

David J.Kramer: Ümid edirəm. İki məsələyə diqqət ayırmağı planlaşdırıram. Birincisi, ABŞ Konqresində bu məsələni daha çox qaldırmaqdır ki, Nümayəndələr Palatası və Senatdakılar baş verənlərdən daha çox məlumatlı olsunlar. Deyərdim ki, AzadlıqRadiosunda dekabrın 26-da, Qərbdə bayram keçirilən bir vaxtda axtarış aparılması təsadüfi deyil. Ümid edirdilər ki, buna çox diqqət ayrılmayacaq.

İkincisi, Wall Street Journal-da yazdığım kimi, Azərbaycan iyunda Avropa Olimpiya oyunlarına ev sahibliyi edir. Məncə, hakimiyyətin öz adamları, Amerika və beynəlxalq qurumlar, bu təşkilatların əməkdaşları ilə rəftarını nəzərə alaraq, siyasi liderləri bu oyunları boykot etməyə çağırmalıyıq. Bunu ötən ilin fevralında Soçidə gördük. Məncə, eyni şey Avropa Olimpiya oyunları ilə baş verməlidir.

Prezident Əliyev bu oyunların Azərbaycan üçün vacibliyini vurğulayıb. Əgər oyunlar onlar üçün belə vacibdirsə, onlardan və qərb liderlərinin iştirakından təzyiq kimi istifadə etməliyik. Belə deyək, şöhrət anında yanında kimlərinsə olmağını istəyirsənsə, adamlarla bu cür rəftarı dayandırmalısan.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG