Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:53

“Qələm qılıncdan kəsərlidir”: Bu fikrin müəllifi kimdir?


-

Parisdə “Charlie Hebdo” jurnalına hücum zamanı öldürülən jurnalistlərə dəstək üçün keçirilən aksiyalarda insanlar başları üstünə qələm qaldırırlar.

Bir çox karikaturalarda “qələm qılıncdan kəsərlidir” sözləri yazılır.

Bəs bu deyimin müəllifi kimdir?

Alison Gee BBC-dəki məqaləsində yazır ki, qələmin qılıncdan güclü olduğunu 1839-cu ildə “Kardinal Richelieu” pyesində ingilis yazarı Edward Bulwer-Lytton yazıb.

Kardinal ona qarşı sui-qəsd planının üstünü açır, amma bir ruhani olaraq öz düşmənlərinə qarşı silahdan istifadə edə bilmir.

Onun pajı Francois deyir ki, “əlahəzrət, sizin ixtiyarınızda başqa silahlar da var”.

“Bəli”, - Richelieu razılaşır, - “Qələm qılıncdan da kəsərlidir… Qılıncı bir kənara qoyun. Dövləti qılıncsız da qorumaq olar”.

Oxford Sitatlar Lüğətinin redaktoru Susan Ratcliffe deyir ki, bu ifadə qısa zamanda məşhurlaşır və 1840-cı illərdə artıq mütəmadi işlənməyə başlanır.

Amma Ratcliffe onu da deyir ki, oxşar ifadələrə Bulwer-Lytton-dan əvvəl yaşamış yazarların da əsərlərində rast gəlmək olar.

İngilis alimi Robert Burton 17-ci əsrin əvvəllərində yazdığı “Melanxoliyanın anatomiyası” əsərində satira haqda danışarkən “söz yarasının qılınc yarasından dərin olduğunu” qeyd edir.

Burton-dan əvvəl – 1582-ci ildə isə ingilis dramaturqu George Whetstone “qələmin vurduğu zərbənin nizə zərbəsindən ağır olduğunu” yazmışdı.

Miladdan əvvəl 406-cı ildə vəfat etmiş yunan şairi Euripides-in isə “Dil qılıncdan itidir” dediyi söylənir.

Napoleon
Napoleon

Amma Oxford Universitetinin professoru Armand D'Angour buna şübhə edir. Onun sözlərinə görə, Euripides “dil, nitq” sözlərini çox vaxt mənfi mənada işlədir. Onun nəzərində insanın əməli daha mühümdür, nəinki dedikləri.

Amma D'Angour onu da deyir ki, ümumilikdə klassik ədəbiyyatda söz məğlubedilməz sayılır, qılıncla qazanılan qələbələrin uzun sürmədiyi vurğulanır.

Sözü qılıncla müqayisə etmiş daha bir tarixi şəxsiyyət də Napoleon-dur.

Onun “4 düşmən qəzeti 1000 süngüdən qorxuludur” dediyi söylənir.

Oxford Universitetinin professoru Michael Broers deyir ki, bu sitatın hardan götürüldüyü bilinmir, amma ümumilikdə, Napoleon-un mətbuat haqda fikirlərinə uyğun gəlir. O, hakimiyyətə gələndə Fransada onlarla qəzet vardı. Amma Napoleon-un təzyiqləri nəticəsində çoxu bağlanmışdı.

XS
SM
MD
LG