Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:14

Nəvəsi Picasso-dan qisas alır? Şedevrlər niyə satışa çıxarılır?


Marina Picasso, "İndependent"
Marina Picasso, "İndependent"

-

Şedevrləri satmağın çox səbəbi ola bilər. Adətən əsas səbəb qaz vurub qazan doldurmaq olur.

Amma dünya şöhrətli ispan rəssamı Pablo Picasso-nun nəvəsi Marinanın hərəkəti deyəsən, sırf qisasdır.

Bunu Britaniyanın “İndependent” qəzetindəki məqaləsində John Lichfield yazır.

Nəyin qisası?

Lichfield yazır ki, məşhur rəssam vaxtilə Marinaya xoş üz göstərməyib və o, yoxsulluq içində böyüyüb.

Marina 2001-ci ildə çap edilmiş “Mənim babam Picasso” kitabında yazır ki, övladları rəssamı qətiyyən maraqlandırmırdı və ona yaxın gedən hər kəsi ümidsiz vəziyyətdə geri qaytarırdı.

Marina Picasso-nun 64 yaşı var. O bu günlərdə deyib ki, babasının daha 7 rəsmini satmaq istəyir. Təklif edilən rəsmlərin ümumi dəyəri 200 milyon funt-sterlinqdir. Marina bundan başqa rəssamın Kann şəhəri yaxınlığındakı villasını da satmağı planlaşdırır.

Niyə?

Marina ötən il Picasso-nun iki rəsmini satmış və demişdi ki, “bununla istəyir ki, onun həyatda ən mühüm saydığı işlərdə babası da iştirak etsin”.

Marinanın həyatda ən mühüm saydığı işsə yetim uşaqlara yardım etməkdir. Xüsusən də Vetnamda.

Həmin iki rəsmin pulunun çox hissəsi onun yaratdığı “Marina Picasso Fondu”na köçürülmüşdü.

Pablo Picasso və Olga Hohlova, 1919
Pablo Picasso və Olga Hohlova, 1919

Marina babasının 400-cən rəsminə və 7000-cən eskizinə sahibdir. Rəsmləri satmaqla nəvə xəsis babasını “məcbur edir ki”, ölümündən 41 il sonra onun yetim və kasıb uşaqlar üçün gördüyü işlərə “dəstək versin”.

Marina Picasso hazırda Cenevrədə yaşayır.

O, Picasso-nun rus balerinası Olga Khokhlovadan olan oğlu Paulo-nun qızıdır. Rəssamın balerina ilə evliliyi çox az çəkib.

Marina ötən il demişdi ki, “şəkilləri öz mövcudluğunu mənalandırmaq üçün satır”.

“Mənim uşaqlığımın müəyyən bir dövrü hədsiz yoxsulluq içində keçib. Uzun illər mən babamın rəsmlərinə baxa bilməmişəm. Çünki bu mənə əzab verib”.

Marina 7 rəsmi satması haqda elanı “New York Post”da verib. Bildirib ki, rəsmləri “özü satır”.Güman ki, ötən il satdığı iki rəsmdən Sotheby’s hərracının yüksək haqq (5 milyon funt sterlinq) alması onu hiddətləndirib.

İndi satışa çıxarılan rəsmlər arasında Marinanın anası Olga Khokhlova-nın portreti (40 milyon funt sterlinq), “Mandolina çalan qadın” (40 milyon funt sterlinq) rəsmi də var.

Picassonun "Üç musiqiçi" rəsmi
Picassonun "Üç musiqiçi" rəsmi

Picasso-nun villasına da böyük maraq var. Rəssam ömrünün son illərini orada, xanımı Jacqueline Roque ilə keçirib.

Həmin ev rəssamın mirası 1974-cü ildə bölünəndə Marinaya çatıb.

Picasso vəsiyyətnamə yazmayıb. Və o zaman məhkəmə onun var-datını övladları arasında bölmüşdü.

Marina villanı Picasso-nun Muzeyinə çevirmişdi.

O, 2001-ci ildə çap olunan kitabında yazır ki, həmin villa onda kədərli xatirələr doğurur. Jacqueline Roque qoca Picasso-nun yanına hər adamı buraxmırdı və anası Olga Khokhlova ilə onu “qapı arxasında uzun-uzun gözlədərdi”.

Ötən il “France Presse” agentliyinə müsahibəsində Marina demişdi ki, həmin evdə yaşamaq onun üçün, təhtəlşüur səviyyəsində, bir zamanlar kənarda saxlandığı məkanda itirilmiş zamanı geri qaytarmaq kimidir. “Jacqueline tapşırardı ki, bizi gözlətsinlər. O, Picasso-nun rahatlığını pozan hər şeyə yox deyərdi”.

Picasso-nun ölümündən sonra Marinanın qardaşı Pablito intihar etmişdi - Jacqueline Roque ona babasının dəfnində iştirak etməyə icazə vermədikdən sonra.

Bu da Marina-nın öz babasından qisas alması üçün daha bir səbəb…

XS
SM
MD
LG