Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39

Millət vəkili nazirləri küçədə qar təmizləməyə çağırır


.

“Nazirlər küçələrimizi təmizləsinlər”. Yanvarın 9-da əksər saytlar millət vəkili Elmira Axundovanın qarlı günlərdə azərbaycanlı nazirlərə tövsiyəsini yayıb. O AzVision saytına açıqlamasında avropalı nazirlərdən örnək gətirib və yerli məmurlara təklifdə bulunub:

Millət vəkili Elmira Axundova

Millət vəkili Elmira Axundova

“Avropa ölkələrində deputatlar, nazirlər, məmurlar, dövlət qulluqçuları qarlı və leysan yağışlı havalarda küçələrə çıxırlar və insanlara kömək edirlər. Bakıda isə bu yoxdur. Yaxşı olardı ki, bizim də dövlət qulluğunda işləyən işçilərimiz, məmurlarımız, nazirlərimiz icra orqanları işçiləri ilə əl-ələ verərək küçələri təmizləsinlər”.

Millət vəkili bildirib ki, qarlı günlərdə aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində çalışmalıdırlar, qaz və işıq problemləri də yaranmamalıdır:

“Bakı meriyası nə qədər yaxşı işləsə də belə şaxtalı və qarlı hava şəraiti bizim üçün gözlənilməzdir...

Bizim müvafiq qurumlarımız da qışa hazılıq işləri görməlidirlər. Ən azı işıqlar sönməməli, qaz fasilələrlə verilməməlidir. Camaat onsuz da evlərdə donur. Əksər evlərdə istilik sistemləri yoxdur. Başa düşməlidirlər ki, qarlı qış günlərində gücləndirilmiş iş rejimində işləməlidirlər. Qışa hazırlıq zəif aparılıdığı üçün həmin qurumlar vəzifələrinin öhdəsindən gələ bilmirlər”.

Əli Kərimli

Əli Kərimli

“Azadlıq” qəzeti Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin facebook sosial şəbəkəsində qiymət artımı ilə bağlı yazdıqlarını yayıb:

“ARDNŞ onsuz da son vaxtlar benzini ölkə daxilində xaricə satdığından 2 dəfə baha satırdı. Dekabr ayında hər ton benzin xaricə 563 dollara satıldığı halda, Azərbaycanda 1168 dollara satılıb.

Bura qədərini başa düşdük, hər necə olsa, boynumuza qoyublar ki, xalqımız dözümlü xalqdır. Bəs, bundan sonra da müxtəlif bəhanələrlə benzinin, dizel yanacağının, maye qazın qiymətlərinin qaldırılacağı haqda rəsmi məlumatları necə başa düşək? Axı bütün dünyada neftlə birlikdə benzin də ucuzlaşır. Hətta bunlar da Gürcüstana satdıqları benzini ucuzlaşdırıblar. Bəs, dövlət başçısının vədi necə oldu?”

AXCP sədri bəzi məhsulların aksiz vergisinə cəlb olunması təklifinə də toxunub:

“Beləliklə, platin, qızıl, almaz, onlardan hazırlanmış zərgərlik məmulatlarının, avtomobillərin, spirtli içkilərin, siqaret və tütün məmulatlarının qiymətləri bu ildən xeyli artacaq. Mənzil və torpağa görə vergilər də artacaq.

İndi mən soruşuram, ölkəmizdə təkcə bu məhsulların qiymətinin artmasından ziyan görməyən ailə olacaqmı? Dövlət başçısının vədi niyə belə tez unuduldu? Kiminsə ümidi varmı ki, Milli Məclis cəsarət edib, hökumətin bu anti-xalq təkliflərinə yox deyə bilər? Əgər ölkədə seçkilər azad olsaydı, millət vəkilləri həqiqətən də xalqın səsi ilə seçilsəydi, onlar belə bir təklifə səs verərdilərmi?

Büdcəyə əlavə pul cəlb etmək məqsədilə bu ildən vətəndaşlar banklardakı əmanətlərindən qazanacaqları puldan da 10 faizini gəlir vergisi kimi dövlətə verməli olacaqlar...

Bu yolla hökumət il ərzində büdcəyə cəmisi 50 milyon manata qədər vəsait cəlb edə biləcək. İndi soruşuram, bu vəsaitin 10 mislini şöhrətpərərəstlik motivləri ilə Avroviziya mahnı müsabiqəsinə xərcləyən, bu vəsaitdən 20 dəfə artığını təkcə bir parkın (Qış bulvarı) salınmasına xərcləyən, 70 dəfə artığını Avropa Olimpiya Oyunları üçün xərcləməkdə olan hökumətin nə haqqı var ki, milyonlarla insanın ümid yeri olan əmanət faizlərinə də göz diksin?”

“Yeni Müsavat” qəzeti Fransada “Şarli Ebdo” jurnalının binasına edilən terror hücumundan sonra belə bir sual qoyur: “Azərbaycanda qəzet redaksiyaları necə qorunur?” “Yeni Müsavat” yazır ki, media orqanları arasında aparılan sorğu “Azərbaycan” nəşriyyatı istisna olmaqla heç bir redaksiyanın mühafizə olunmadığını göstərir.

Aynu Camal

Aynu Camal

“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camal:

“Təəssüf ki, redaksiyalarımızda mühafizə xidməti yüksək səviyyədə qurulmayıb, bu sahədə problemlər mövcuddur. Həmin problemi biz təxminən bir il bundan əvvəl yaşadıq. Bir tərbiyəsiz qoçu gəlib redaksiyamızda əməkdaşımızı döyüb getmişdi.

Buna görə də, düşünürəm ki, mətbu orqanlarının redaksiyasında mühafizə xidməti güclü şəkildə qurulmalıdır. Bununla məşğul olan xüsusi şirkətlərlə müqavilə bağlayıb bu işi onlara həvalə etmək daha doğru olar”.

Bəxtiyar Sadıqov

Bəxtiyar Sadıqov

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov:

“Çox şükür ki, uzun müddətdir Azərbaycanda yazdığı yazıya görə jurnalistin zorakılığa məruz qalması faktı müşahidə olunmur. Əvvəlki illərdə belə hallar bir neçə dəfə baş verdi, jurnalistlər fiziki zorakılığa məruz qaldılar. Ancaq bu, birmənalı olaraq hamı tərəfindən qınandı. Biz bu məsələləri dəfələrlə Mətbuat Şurasında müzakirəyə çıxartmışıq. Artıq Azərbaycan mətbuatı da insanların şərəf və ləyaqətini təhqir etməkdən çəkinir, peşə davranış qaydalarına əməl edirlər”.


Bəxtiyar Sadıqov bunu da deyib ki, hər jurnalistə bir cangüdən təhkim etmək mümkün deyil: “Jurnalistlər ehtiyatlı olmalı, yazılarında etik prinsiplərə əməl etməli, insanların şərəf və ləyaqətinə, dini hisslərinə toxunmamalıdırlar.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərif:

“Bu hadisə Fransa kimi bir dövlətdə, Avropanın ən böyük şəhərinin mərkəzində baş verirsə, deməli, digər mühafizə sistemi, təhlükəsizliyi zəif olan ölkələrdə də heç kim bundan sığortalanmayıb”.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan bildirib ki, redaksiyaların mühafizəsi təkcə qəzet kollektivlərinin qayğısı olmamalıdır:

“Hökumət nə qədər müstəqil mətbuatı sevməsə də sırf terror faktı baxımından bu məsələdə hər şeyi bir kənara atmalı, vətəndaşı olan jurnalistlərin təhlükəsizliyini təmin etməlidir”.

Arxiv fotosu: Prezident İlham Əliyev xanımı ilə Qəbələ istirahət mərkəzində. 3 yanvar 2013

Arxiv fotosu: Prezident İlham Əliyev xanımı ilə Qəbələ istirahət mərkəzində. 3 yanvar 2013

“Azərbaycan” qəzeti prezident İlham Əliyevin ötən il ölkədaxili səfərlərindən yazıb. Məqalədə prezidentin bir ildə Azərbaycan bölgələrinə 23 dəfə səfər etdiyi və 78 obyektin açılışına qatıldığı bildirilir. 2014-cü ildə dövlət başçısı Qəbələyə 2, Gəncəyə 2, Göygöl, Sumqayıt, Ağdaş, Şamaxı, Neftçala, Xızı, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Horadiz, İsmayıllı , Abşeron, Daşkəsən, Naftalan, Goranboy, Şəmkir, Sabirabad və Naxçıvan MR və başqa bölgələrə azı bir dəfə səfər edib.

Bu səfərlər çərçivəsində bir sıra mühüm obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışını edib avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, təməlqoyma mərasimlərində iştirak edib, hərbi hissələrə baş çəkib və sakinlərlə görüşlər keçirib.

Prezident 2014-cü ilin ilk səfərini Qəbələyə, son səfərini isə Sabirabada edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG