Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

Zaur Qurbanlı: “Həbsxana o qədər də dəhşətli yer deyil”


Zaur Qurbanlı

Zaur Qurbanlı

-

- Gənc və yaraşıqlı məhbuslara adətən sevgi məktubları yazılır. Siz alırdınız belə məktublardan?

- (Gülür) Əvvəl-əvvəl alırdım. Lakin indiki nişanlımla münasibətdə olduğum ictimaiyyətə məlum olandan sonra məktubların ayağı tədricən kəsildi...

Bloqçu, "Nida" Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı ilə müsahibə

Bu yaxınlarda əfv fərmanı ilə azadlığa buraxılan Zaur gənclər arasında intellekti, yenilikçiliyi ilə tanınır. Onunla həbsdə keçirdiyi vaxt, yaşantıları və indiki durumu, planları barədə söhbət etdik.

- Zaur, həbs olunacağınızı gözləyirdinizmi?

- Bəli. Onda hədəf "Nida" idi, mən də həmtəsisçi və aktiv üzv olaraq, bu hədəfin tərkib hissəsi idim. Tutulacağımın dəqiq tarixini bilməsəm də, 1 gün qabaq atamla danışıb: “mən tutulsam, nələri etmək lazımdır” deyə bir söhbət etmişdim.

- Həbs olunanda nə hiss etdin?

Azadlığa çıxan "Nida"çılar Zaur Qurbanlı və Üzeyir Məmmədli

Azadlığa çıxan "Nida"çılar Zaur Qurbanlı və Üzeyir Məmmədli

- Valideynlərimə görə bir az kədər, içəridəki yoldaşlarımla br yerə düşdüyümə görə isə sevinc və əlbəttə ki, fəxr hiss elədim.

- Məhkumluğun ilk günlərində həbsxana həyatı barədə nə təsəvvür edirdin, hansı stereotiplər vardı və nələr yaşadın?

- Mən BMCMİ-də ("Bandotdel"də) olanda daha çox darıxırdım, çünki orda televizor, radio və Kürdəxanıda olan bir çox əşyalar yox idi. Ona görə də, darıxacağımı düşünürdüm. Amma 8 nəfərlik kameraya düşdüm. Öyrəşənə, öyrənənə qədər vaxt maraqlı keçdi. Müdafiəmiz möhtəşəm idi, qəzetlərdən oxuyurdum, daha da möhkəm olurdum. Stereotiplərim əsgərlikdən qalmışdı, daha doğrusu, bunlar ehtiyatlandığım məsələlər idi. Amma təcridxanada bunların çoxunu görmədim.

- Filmlərdə, kitablarda həbsxana bizə dəhşətli yer kimi təqdim olunur. Zorakılıq, iyerarxiya, qəddarlıq, iyrənclik. Azərbaycan həbsxanalarında belə şeylər varmı?

- Bu "həbsxana" sözünə hüquqi yanaşsam, Azərbaycan Respublikasında yalnız 1 həbsxana var - Qobustan. Amma bütün azadlıqdan məhrum etmə yerlərini və təcridxanaları nəzərdə tutursunuzsa, mən cəzaçəkmə müəssisəsində (CÇM) olmadım, ona görə "Azərbaycan həbsxanası" deyə bildiyimiz bütün məntəqələrdəki vəziyyəti deyə bilmərəm. Bakı İstintaq Təcridxanası (BİT) haqqında isə gördüklərim əsasında onu deyə bilərəm ki, Hollivud filmlərindəki "dedovşina", işgəncə rastıma çıxmadı. Kiminsə döyüldüyünü, əsassız yerə karsa atıldığını da gördüm, məhbuslara sərf edəcək səviyyədə rüşvətxorluq da. Amma o qədər də dəhşətli yer deyil. Bir az oturandan sonra insanın öyrəşmə instinkti öz sözünü deyir.

- Sizə səkkiz il yarım vermişdilər. Bu müddəti tam çəkəcəyinizi düşünürdünüz,yoxsa, əfvə, bəraətə ümid edirdiniz?

- Düzəliş edim - 8 il vermişdilər. Bəraət məsələsinə gəlincə, yalnız quracağımız demokratik hökumətimizin vaxtında bəraət alacağıma inanıram. Əfvə düşməyi isə ehtmal edirdim. Amma hər bir halda özümü 2021-ci ilə hazırlayırdım ki, buraxılmasam, psixoloji çətinliklərim az olsun. Psixoloji hazırlığa da uğurla nail olduğumu düşünürəm.Yəni o səkkiz ili tam çəkməyə hazır idim.

- Həbsxanada sizi bozluqdan, darıxmaqdan, doğmalardan uzaq qalmaq dərdindən nə xilas edirdi?

- Kitablar oxuyurdum, dostlarımın dəstəyini görürdüm. Mətbuat, hüquq müdafiəçiləri başda olmaqla, bir qrup insanın fədakarlığı və hər həftə verilən görüşlər dadımıza çatırdı.

- Orda ən çox kimdən, nədən, hansı hisslərdən, yeməklərdən, filmlərdən ötrü darıxırdınız?

- Ən çox ailə üzvlərimdən, sevdiyim insanlardan ötrü darıxırdım. Facebook-dan ötrü darıxdığım da olurdu. Azad Azərbaycanda azad yaşamaq hissindən ötrü darıxırdım. Televiziyadan çoxlu film verirdilər deyə, hansındansa ötrü konkret darıxmırdım. Hərdən çöldə çəkilən filmlərin (məsələn,"Nida"nın çəkdiyi "5 fəsil" filmi) səsinə qulaq asa bilirdik. Onları görmək istəyirdik, əlbəttə. Yemək sarıdan isə korluğum yox idi. Anam hər şeyi təmin edirdi.

- Siz həbs olunanda insanlardan gözlədiyiniz reaksiyanı gördünüzmü?

Zaur Qurbanlı AzadlıqRadiosunun Bakı studiyasında, 2011

Zaur Qurbanlı AzadlıqRadiosunun Bakı studiyasında, 2011

​- Bəli. Gözlədiyimdən də artıq oldu. Düzdür, vaxt keçdikcə təəssüfləndirici dərəcədə passivləşmə oldu. Amma əvvəllər həm ictimai sektordan, həm də digər insanlardan xeyli reaksiya vardı. Məsələn, anam taksidə gedəndə, onu qəzetdəki şəklindən tanıyan taksiçi pul almır, deyirdi ki, "bu da, mənim nidaçılara dəstəyim olsun". Bir belə hadisə onlarla gözlənilən dəstəkdən daha güclü təsir edirdi.

- Belə bir hiss oldumu ki, bu xalq üçün həbs olunmağa dəyməzmiş?

- Qətiyyən! Ən yaltaq adamla, ən əclaf üzəduranla da qarşılaşanda, tutduğum yola əminliyimdən heç bir sapma olmayıb.

- Gənc və yaraşıqlı məhbuslara adətən sevgi məktubları yazılır. Siz alırdınız belə məktublardan?

- (Gülür) Əvvəl-əvvəl alırdım. Lakin indiki nişanlımla münasibətdə olduğum ictimaiyyətəməlum olandan sonra məktubların ayağı tədricən kəsildi.

- Bildiyim qədərilə, həbsdən çıxandan sonra sevdiyiniz xanımla münasibətləri qismən rəsmiləşdirmisiniz və yaxın zamanlarda ailə qurmaq barədə fikirləşirsiniz.

- Bəli, nişanlanmışıq. İçəridəki 4 nəfər də azadlığa çıxandan və bir-iki xırda problemi həll edəndən sonra evlənəcəyik.

- Bundan sonra həyatınızı və fəailiyyətinizi necə planlaşdırırsınız?

- İşə düzəlməyi, mübarizəmizi davam etdirməyi planlaşdırıram.

Söhbətləşdi: Günel M.

Günün bütün mövzuları

XS
SM
MD
LG