Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Dünyanın ən gözəl rəsmi...


NAHID
NAHID

-

Qəzəbindən damağını yara eləmiş protez dişlərini qonaq otağında, kitab rəfinin üstündə, yarım stəkan suyun içində unutduğunu xatırlayır.

Daha da qəzəblənib yorğun ayağı ilə rəngi pulçuqlamış köhnə qapını təpikləyir...

NAHİD

MOLBERT

(Hekayə)

... indi fikrindən çıxmayan qəzəbli cümlə həmin gün ağlına gəlsəydi, belə narahat olmayacaqdı. Qəzəbini ağır sözlərlə ifadə edəcək, sındırmağa cəsarət etmədiyi qədəhi daha bərkdən, ən sonuncu insanın belə “nə baş verir” təəccübü ilə dönüb baxacağı şəkildə yerə çırpacaqdı. Ancaq gecdir.“Ürəkdən tikan çıxardan” cümlə indi ağlına gəlmişdi.

Taxta oturacağında oturub, əlində oynatdığı köhnə fırçaya baxaraq heyfsilənir. Bu fırçanı Bakının hansı mağazasından, hansı küçəsindən aldığını gecənin saat ikisində fikirləşmək, boşluğu doldurmaq üçün son bir saatda ən yaxşı vasitəyə dönmüşdü.

Lakin heç nə yadında deyil. Hər zaman getdiyi rəsm mağazasına necə getdiyini, hansı marşruta minib, hansı küçədən kəsmə döndüyünü belə xatırlamır. “Başqa şeylər fikirləşmək lazımdır. Amma nə?” sualı ilə ətrafına baxır. Elə bir şey tapmaq istəyir ki, baxdığı hər nədirsə, obraza dönsün, fərqli fiqurlar alınsın, əcaib görsənsin, hər nə olursa-olsun onun üçün maraqlı olaraq qalsın. İlk cəhd üçün önündə dayanmış kətan rəsm lövhəsindən başlamaq istədi. Ancaq ondan cəmi beş addımsolda, matrası sökülmüş kirli divanın rəsm lövhəsindən daha maraqlı görsəndiyini hiss etdi. Və ya otağın qapısı üzərindən iki gündür asılı qalmış şalvarın sol cibindəki pulun miqdarından çox, qəpiyin olub-olmamasını fikirləşmək daha ecaskar gəldi ona.

Əli ilə gözlərini bağlayıb bir anlıq hərəkətsiz dayandı. Lakin barmaqlarının arasından baxaraq gördüyü dağınıq masanın üstündə, qol saatının önündə dayanmış ərimiş şam istədiyi obrazda görsənirdi. (Saatın dəmir qapağında insan görkəmli əksi canlanırdı. Qara, uzunboğaz, bədheybət görkəmində). İndi, elə bu dəqiqə, adi ağcaqanad vızıltısı da ona maraqlı gəlir. Boşluğu doldurmaq üçün hansısa melodiyaya qulaq asırmış kimi boğazını yuxarı qaldırıb, başını xəfifcə yellədərək mızıldayır.

Gecənin saat üçündə “nə çəkim?” sualı ona əzab verməkdən yorulmur. Ümidsizdir.

Qonşu binanın eyvanından baxan bir cüt gözü bu qərarsız insanın necə də yalnız olduğunu açıq-aydın hiss elətdirir.

Daha xəyalımda heç nə canlanmır - O, bütün səmimiyyəti ilə öz-özünə qəbul etdirir ki, artıq heç nə çəkə bilməyəcək. Ancaqbu həqiqətin əzabı ilə barışmaq istəməyib yenə də, nəsə çəkmək ümidi ilə gözləyir.

Oturduğu taxta oturacaqdan qalxır. Matrası sökülmüş divana yaxınlaşıb yenidən geri qayıdır. Qaşlarını çatıb, əslində neçə aydır “Nə çəkim?” sualından çox, “Niyə baxır?” sualını fikirləşdiyinin fərqinə varır. Qəzəbindən nəyisə təpikləmək üçün, quyruğu ilə oynamaq istəyən it kimi ətrafına dönür. Heç nə gözünə sataşmayada dünən, ağzına qədər dolmuş zibil vedrəsini götürüb mətbəxə qoyduğu üçün özünü danlayır. İndi bu əsəblə, zibil vedrəsinin düz ortasından karlı təpik ilişdirə biləcəyini sıxılmış yumruğu ilə ifadə edib döşəməyə çöməlir.

...

...indi xatırladığı o son cümlə həmin gün dilinə gəlməsəydi, bəlkə də indiki kimi narahat, əzab çəkən tərəf olmayacaqdı. Qədəhi daha bərkdən yerə çırpıb, məclisdəki ən sonuncu insanın belə “nə baş verir” təəccübündə dönməyinə şərait yaratmayacaqdı. Ancaq gecdir. Qədəhin səsini, tədbir olan binanın tinində, sərnişin dayanacağının dəmir oturacağında yuxulayan qoca dilənçi də eşitmişdi. Lakinbaşını qaldırıb səsin hansı tərəfdən gəldiyinə baxmamışdı. (Yəqin ki sonuncu, boş araq şüşəsinin qucağından diyirlənərək yerə düşüb sındığını zənn etmişdi)

Olan olmuşdu artıq.

Sayını unutduğu siqaret tüstüsünü içinə çəkib artıq neçənci gecədir ki, izlədiyi bəsit bir həyatın yeni seriyası üçün eyvanın taxta sürahisinə dirsəklənir. Qonşu binanın eyvanından görsənən ümidsiz insan obrazı, tamaşada rolunun gələcəyi anı gözləyirmiş kimi oturub gözləyən aktyora bənzəyir.

“Bu ümidsiz və maraqsız insanın gecəsini maraqlı etmək üçün qapının zənginə toxunmaq lazımdır” düşünərək yeni seriyaya öz əlavələrini etməyə başlayır;

“Cəsarətli olmaq üçün bir az içmək lazımdır. Sonra pillələri qaça-qaça enmək, bu səs-küylü küçəni bir maşın yolu enlilikdə keçmək, qonşu binaya daxil olub pillələri nəzakətlə çıxmaq olar. Qapıya yaxınlaşıb, gecənin qaranlığından qadın bədənimi qorumaq həyəcanı ilə qapının zənginə toxunmaq gərəkdir. Qoy ilk zəngə fikir verməsin, ancaq ikinci zəngin səsindən bir neçə an sonra, yorğun halda qapıya yaxınlaşıb, gözlükdən baxmadan qapını açsın.

Və ya heç nə olmamış kimi mini ətəkdə, dekolteli paltarda, rəngi pulcuqlamış köhnə qapının taxtasına söykənə də bilərəm. Sol gözümün üstündən üzümə tökülmüş qəhvəyi saçımın arasından rəngsiz dodağım aydın görsənər. Qapını açdığında, lüt bədənin şəklini çəkmək üçün dünən zəng etdiyi fahişə olduğumu da deyə bilərəm.

Səhv təsəvvürlər olmamalıdır. Ona rəsm olmağa gəldiyimi demək üçün tələsmək lazım deyil. Gözləri yummaq, köhnə, saplağının yavaş-yavaş yox olduğu fırçanı hiss etmək lazımdı. Ancaq hər cəhdlə bu ümidsiz rəssama hiss etdirmək lazımdır ki,açıq sinəmi bacardığı qədər ecaskar çəksin. Sanki hansısa bir müğənni ən sonuncu oktavaya toxunmaq üçün boğazına olmazın əzab verdiyi kimi.

...

O, qapının ikinci zənginə ayağa qalxsa da, qapını açmayıb gözlükdən gələnin kimliyinə baxdı. Alt qonşusu, yetmişlik qoca. Hansı ki ona, hamamından evinə su axdığını, damının islandığını demək üçün gəlib və getmək üçün də tələsir. Elə bil evdə nəyisə, hansısa vacib bir işi yarımçıq qoyub. Ancaq cavanlığını boz şəkillərlə xatırlayan qoca ay işığının boğazından aşağı, sinəsinə qədər işıqlandırdığı gözəli, siqaret közərdiyində al qırmızı rəngə dönən dodaqları yenidən görmək üçün tələsirdi.

Əgər onu görməsəydi eyvanı bağlayıb otağına çəkiləcək və dünyanın qadınsız gecəsinə növbəti dəfə göz yumacaqdı. İndi, qapını əsəblə döydüyü an, ürəyi titrəyir. Qəzəbindən damağını yara eləmiş protez dişlərini qonaq otağında, kitab rəfinin üstündə, yarım stəkan suyun içində unutduğunu xatırlayır. Daha da qəzəblənib yorğun ayağı ilə rəngi pulçuqlamış köhnə qapını təpikləyir. Qəzəbinin dinmədiyini hiss edib, söyüş söymək üçün dişlərinin dalınca gedir.

Qocanın hərəkətləri onu güldürür. Otağa keçərək kətan rəsm lövhəsinin qarşısında əyləşib fırçanı əlinə alır. Tavandan asılmış lampa otağı güclə işıqlandırır. O düşünərək nəyəsə qərar vermək istəyən insanlar kimi vurnuxur. Gözü qıyılır, sağ əlini “nə edim” işarəsi kimi yellədir, sol ayağını pəncəsi üstə saxlayıb, dabanını yerə vurmadan aramsız olaraq stolun sol ayağını döyəcləyir.

Sonda qərar vermiş kimi oturulu vəziyyətdə geri çönüb ilk dəfə pəncərədən qarşı binaya baxır. Qarşı binanın eyvanında hər iyirmi saniyədən bir siqaretin necə közərdiyini, ay işığının sığal çəkirmiş kimi arıq, uzun boğazı, açıq sinəni necə işıqlandırdığını görür. Qəfil oturduğu yerdən qalxıb matrası sökülmüş divana tərəf gedir. Həminki cəldliklə də geri çönür. Fırçanı quaşa batırıb dünyanın ən gözəl rəsmini çəkmək üçün gülümsəyir.

2014

XS
SM
MD
LG