Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:27

Qazaxıstan və Azərbaycan rejimləri üçün Tony Blair-i “qiymətli məsləhətçi” edən nədir?


Foto arxivdəndir.

Foto arxivdəndir.

ABŞ məcmuəsi yazır ki, "İraqda iztirab çəkənlər kimi, Azərbaycan və Qazaxıstanda da iztirab çəkənlər üçün Blair-in elə təkcə varlığı demokratikləşmə prosesinin zəhərlənməsinə bərabərdir”.

Müstəqil jurnalist Casey Michel Amerikanın 100 yaşlı siyasət jurnalı “The New Republic” məcmuəsində yazır ki, Ukrayna böhranının davam etdiyi, Rusiyanın rubl iflici yaşadığı bir vaxtda Avropa üçün qeyri-Rusiya qazını verəcəyinə ümid edilən Azərbaycan yenidən gündəmə gəlib.

Bununla belə, qeyd edir ki, müəllif, Azərbaycanın karbohidrogen sərvətini Avropa bazarlarına çaxarmalı olan Transadriatik Kəməri – TAP (Trans-Adriatic Pipeline) layihəsi Bakı rəsmilərinin arzuladıqları çevikliklə irəliləmir.

Məqalədə deyilir ki, Avropada, xüsusilə də İtaliyada ətraf mühit və vətəndaş qrupları bu layihənin icrasına ciddi etiraz edirlər.

Onlar bildirirlər ki, repressiv bir rejimin qazını bazara çıxaracaq bu kəmər üstəlik də Avropanın unikal dəniz məkanına və yerli fermerlərin təsərrüfatlarına ziyan vura bilər.

Jurnalist Casey Michel yazır ki, məhz belə bir başıbəlalı layihəni irəli itələmək üçün BP başda olmaqla qaz konsorsiumu keçmiş Britaniya baş naziri Tony Blair-i kirayələyib.

Görməməzlik və eşitməməzlik

Məqalədə deyilir ki, Azərbaycanın dövlət şirkəti SOCAR-dakı rəsmilər keçmiş baş nazirin “bilik və təcrübəsinin” bu işə böyük yardım göstərəcəyinə inandıqlarını bildirir, lakin təfərrüatlara varmırlar.

Jurnalist bunu Tony Blair-in bir çox məşhur avtoritar rejimlərlə işləyən bir şəxs kimi reputasiya qazanması ilə izah edir.

Məqalədə deyilir ki, bu, Blair-in Azərbaycanın işinə yaradığı yeganə epizod deyil.

Baş nazir olarkən, Blair Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin ərsəyə çatmasına dəstək verib. Lakin o postunu tərk edəndən sonra da Bakının imicini yüksəltmək üçün xeyli fəaliyyət göstərib.

Məqalədə xatırladılır ki, keçmiş baş nazir 2009-cu ildə Bakıda yeni formalaldehid zavodunun açılışında iştirakı üçün 150 min dollar qonorar alıb.

Casey yazır ki, Azərbaycanın avrokratiyaya yuvarlanmasını görməməzliyə vurması bir yana, Blair, aldığı qonorarı xeyriyyəyə vermək barədə çağırışları da eşitməməzliyə vurur.

Azərbaycanda ABŞ vətəndaşları da qısnanır

“The New Republic” yazır ki, 2009-cu ildə hələ Azərbaycanda vətəndaş və insan haqlarına bir az yer vardı və Blair bu ölkənin “çox pozitiv və həyacanlandırıcı gələcəyindən” dəm vura bilərdi. İndi isə Azərbaycan fərqli düşüncənin məkanını daraltmaqda bir post-sovet ölkəsi kimi hətta Rusiyanı da geridə qoyub.

Məqalədə qeyd olunur ki, indi Azərbaycanda hətta ABŞ vətəndaşları da hökumətin təqibindən sığortalı deyillər.

“Vətəndaş və media məkanındakı vəziyyət o qədər pisləşib ki, Dövlət Departamentinin rəsmiləri, ABŞ-ın Bakıdakı keçmiş səfiri Azərbaycanın hakim zümrəsinə qarşı sanksiyaların tətbiqinə çağırmağa başlayıblar” – deyilir məqalədə.

Jurnalist yazır ki, Bakını “cilalamaq” üçün ikinci dövərəyə başlayan Tony Blair həm də post-Sovet avtokratlarının nüfuzunu və sərvətini artırmaq sahəsində öz sxemini möhkəmləndimiş olur.

Lakin Casey Michel-in fikrincə, miqyasına baxanda, onun repressiv Qazaxıstan hökumətinə xidmətlərinin yanında Azərbaycan üçün etdikləri bir qədər solğun görünür.

“Borat” imicindən xilas

Casey yazır ki, İraq kimi yerlərdə özünün bədnam xarici siyasətilə tanınan keçmiş baş nazirin Qazaxıstandakı işini onun iflası da adlandırmaq olar.

Əslində o, 2011-ci ildə bu ölkədə fəaliyyətə başlayandan bəri Qazaxıstan özünün ən böyük vətəndaş haqları tənəzzülünü yaşayıb - hökumətin rəhbərliyi ilə törədilmiş qətliamlar, siyasi opponentlərin məhbəsə salınması, beynəlxalq insan haqları indekslərində dərin tənəzzül.

Jurnalist belə bir nəticəyə gəlir ki, bu arada Blair və onun yaxın həmkarlarına borclu qalmayıblar.

Məqalədə qeyd edilir ki, Sacha Baron Cohen-in 2006-cı ildə ekranlara çıxmış “Borat” filmindən sonra Qazaxıstan öz imicini bərqərar etmək üçün geniş miqyaslı PR həmləsinə başlayıb.

Bu ölkədə yaradılmış “Beynəlxalq Məşvərət Şurasında” Qərbin tanınmışları beynəlxalq miqyasda Qazaxıstanın təbliğatı ilə məşğuldurlar.

Jurnalist qeyd edir ki, 2011-ci ildə Qazaxıstan da, Azərbaycan kimi Blair-i “rəsmi müşavir” qismində kirayələmək qərarına gəlib.

Nazarbayev üçün Nobel mükafatı?

Lakin “Financial Times” qəzetində deyildiyi kimi, Blair ölkədə öz məşvərəti ilə islahatların həyata keçirilməsinə xidmət göstərmək əvəzinə, “Qərbin qarşısına ölkənin daha yaxşı sifətini çıxarmaqla” məşğul olub.

“The Daily Telegraph” qəzetinin iddialarına görə isə Blair 25 illik avtokrat prezident Nazarbayevin sovet dövründən qalma nüvə silahlarını təhvil verməsi müqabilində, onun Novbel mükafatı almasına çalışıb.

Məqalədə deyilir ki, ondan əvvəl daha iki ABŞ millət vəkili - Darrell Issa və Eni Faleomavaega da Nazarbayevin bu mükafata layiq olduğuna şəhadət veriblər.

Qazaxıstan nüvə silahından könüllü əl çəkmiş ilk ölkə kimi təbliğ edilirdi, halbuki Ukrayna bu işi daha əvvəl görmüşdü.

Casey yazır ki, Tony Blair 2011-ci ildə çəkilmiş reklam videosunda Qazaxıstanı “sabitlik və tolerantlıq adası” kimi göylərə qaldıranda, ölkədəki dini məhdudiyyətlər kəllə-çarxa çatmışdı. Blair “Wall Street Journal” və “Vanity Fair” kimi media qurumlarına da Qazaxıstan haqqında belə təmtəraqlı müsahibələr verib.

Məxfi məktub

Məqalədə keçmiş baş nazirin Qazaxıstan liderinə bu yaxınlarda aşkara çıxmış 2012-ci il tarixli məktubuna da diqqət çəkilir.

Bu məktub 2011-ci ildə hökumətin Janaozendə törətdiyi qətliam barədəir. O vaxt hakimiyyətin zorakılığı nəticəsində 14 dinc etirazçı öldürülmüşdü.

Casey yazır ki, “müşavir” öz məktubunda Nazarbayevə Janaozen qətliamının beynəlxalq təhqiqatını məsləhət görməkdənsə, diqqəti “nə qədər faciəli görünsə də,Qazaxıstanın nəhəng tərəqqisinə yönəltmək” məsləhətini verir. Nazarbayevin çıxışına 500 sözlük mətn əlavə etməklə keçmiş baş nazir bir növ qoca despotun referentinə çevrilib.

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyir ki, bu, çox dəhşətli bir hadisənin müsbət qələmə verilməsinin Blair-in kontraktına daxil olduğunu göstərir və buna görə də müəyyən mənada çox iyrənc yanaşma kimi qiymətləndirilə bilər.

Tony Blair-in “xeyriyyələri”

“The New Republic” yazır ki, Blair-in bu xidmətlərinin qiyməti barədə informasiya üzərində pərdə var. Məlumatlar ziddiyyətlidir. “Bloomberg”in verdiyi məlumata görə keçmiş Britaniya baş nazirinin Astana ilə müqaviləsi ona ildə 13 milyon dollar məvacib təmin edib. Qazaxıstan mediasındakı ehtimallarda 27 milyon dolların söhbəti gedir.

Tony Blair-in öz düşərgəsi isə “hər iki rəqəmin doğru olmadığını” bildirib, lakin əlavə edib ki, “bu, tamamilə konfidensial informasiyadır”.

Keçmiş baş nazirə məxsus “Tony Blair Associates” firması bunu da qeyd edib ki, Blair bu pulların bir pensini də görmür və vəsait “ona məxsus xeyriyyələri” maliyyələşdirir.

Bununla belə,“The New Republic”dəki məqaləyə görə, Blair Astana ilə bu spesifik müqavilədən birbaşa xeyir görməyibsə də, keçmiş baş nazirin Qazaxıstandakı fəaliyyət dövrü onun çox mənfəətli firmalarından biri və ona yaxın olan daha bir qurumla Qazaxıstan hökuməti arasında nəzərə çarpan silsilə biznes işbirliyi barədə razılaşmalarla eyni vaxta təsadüf edib.

“Tony Blair Associates” firmasının sözçüsü bildirib ki, Blair-lə eyni vaxtda “Windrush Ventures Limited” adlı şirkətin də kirayənləməsində heç bir ziddiyyət yoxdur.

Sözçü deyib ki, əslində “Windrush Ventures Limited”, başqa bir kommersiya şirkəti ilə birlikdə elə həmin “Tony Blair Associates” firmasına aiddirlər.

Jurnalist yazır ki, reallıqda Windrush Tony Blair-in ofisindən başqa bir şey deyil. “Bloomberg”in əldə etdiyi məlumata görə bu şirkət 2012-ci ildə 16 milyon funt sterlinq gəlir əldə edib.

Blair-in ayağı düşməyib

Məqalədə bildirilir ki, pərdələnmiş kommersiya strukturları bir yana qalsın, Qazaxıstan Windrush şirkətini kirayələməklə ABŞ-da “ictimai əlaqələr, məsləhət və media fəaliyyəti” ilə məşğul olan “Portland Communications” adlı şirkətlə də kontrakta girib.

Londonda mənzillənmiş Portland-ın təsisçisi Tim Allan isə Blair-in keçmiş müaviri və ictimai əlaqələr direktorudur.

Məqalədə bildirilir ki, “Portland” Qazaxıstanın “islahatları acgözlüklə həyata keçirməsi” barədə təbliğata dərhal girişib.

EurasiaNet saytının apardığı başqa bir təhqiqatdan isə bəlli olub ki, Portland-ın kompüterlərindən Nazarbayevə müxalifətdə olan mühacir siyasətçi Mukhtar Ablyazov barədə Vikipedia materiallarına müdaxilə edilməsində istifadə olunub.

Portland bu iddialar barədə sullara aydınlıq gətirmir.

Casey Michel yazır: “tamamilə mümkündür ki, Tony Blair özünün israr etdiyi kimi Qazaxıstan hökuməti ilə münasibətlərindən hələlik bir pens də şəxsi xeyir götürməyib, amma onun müşavirliyi dövründə ona məxsus çox mənfəətli şirkətə Qazaxıstan hökuməti tərəfindən kontrakt verilib və o da öz növbəsində Blair-in yaxınlarından biri tərəfindən Qazaxıstanın reputasiyasını yaxşılaşdırmaq üçün yaradılmış şirkətlə kontrakt bağlayıb”.

Müəllif bu nəticəyə gəlir ki, bütövlükdə Blair-in Qazaxıstandakı mövcudiyyəti bu ölkənin son dərəcə repressiv, kiçicik tənqidə də dözməyən, neftdən asılı avtokratiyaya yuvarlanması ilə eyni vaxta təsadüf edir.

Demokratiya üçün zəhər

Məqalədə göstərilir ki, Blair-in 3 illik müşavirliyi dövründə Qazaxıstan Freedom House təşkilatının qeyri-azad ölkələr kateqoriyasında qalıb, həm Sərhədsiz Reportyorlar qrupunun media azadlığı reytinqində, həm də Transparency International təşkilatının Korrupsiyanın Qavranması İndeksində 6 pillə aşağı düşərək müvafiq olaraq 161 və 126-cı yerlərdə qərarlaşıb.

Məcmuə yazır ki, hələ bundan da əlamətdarı odur ki, Blair-in kirayə dövründə Qazaxıstan Dünya Bankının biznes indeksində də 18 pillə aşağı sürüşüb.

Jurnalist yazır ki, “Janaozen qətliamına görə Qazaxıstanın başqa sahələrdəki tərəqqisini göməmək olmaz” deyəndə, Blair yəqin ki, bu göstəriciləri nəzərdə tutur.

Məqaləsinin sonunda jurnalist bildirir ki, indi isə Blair Azərbaycanın karbohidrogen ekspansiyasına məsləhətçilik edəcək və onun Bakıdakı işinin Qazaxıstandakı fəaliyyətindən fərqli olacağını gözləmək üçün heç bir əsas yoxdur.

“Blair-in baş nazir kimi demokratiyanı irəlilətmək istiqəmətindəki başabəla tarixçəsi nəzərə alınarsa, əslində onun özünün bu demokratiyaya daban-dabana antipod olduğunun üzə çıxması heç kimi şoka salmamalıdır, - yazır Casey Michel, - İraqda iztirab çəkənlər kimi, Azərbaycan və Qazaxıstanda da iztirab çəkənlər üçün Blair-in elə təkcə varlığı demokratikləşmə prosesinin zəhərlənməsinə bərabərdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG