Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:55

Ermənistan Qarabağda öldürülən əsgərlərini dəfn edir


Qarabağda döyüşlərdə öldürülmüş Ermənistan əsgəri Vardan Mkrtchyanın dəfn mərasimi. 5 yanvar 2014
Qarabağda döyüşlərdə öldürülmüş Ermənistan əsgəri Vardan Mkrtchyanın dəfn mərasimi. 5 yanvar 2014

.

Yanvarın 5-də Ermənistanın Türkiyə ilə sərhədi yaxınlığında Ararat rayonun Artaşat və Ovtaşen kəndlərində 2 hərbçi üçün təntənəli dəfn mərasimi təşkil edilib. Ermənistan ordusunun əsgərləri Karen Qriqoryan və Vardan Mkrtchyan yanvarın 3-də Qarabağda Azərbaycan silahlı qüvvələri ilə atışmada öldürülüblər.

Erməni tərəfi onların Azərbaycan ordusunun təxribat qrupunun qarşısını alarkən həlak olduqlarını iddia edir. Qarabağdakı separatçı rejimin rəhbərliyi onları medallarla da təltif edib.

Qarabağdakı separatçı erməni rejimi həmçinin iddia edir ki, Azərbaycan tərəfi yanvarın 4-ü və 5-də də intensiv şəkildə atəşkəsi pozmaqda davam edib.
Azərbaycan tərəfidə son bir neçə gündə erməni silahlı qüvvələrinin Azərbaycan kəndlərini, yaşayış sahələrini intensiv atəş altında saxladığını bildirir:

"Azərbaycan Müdafiə Nazirliyi bir daha qəti şəkidlə bəyan edir ki, kəndlərin, dinc əhalinin, heç bir hərbi əhəmiyyət daşımayan obyektlərin Ermənistanın silahlı birləşmələri tərəfindən atəşə məruz qalması Azərbaycan tərəfindən qarşılıqsız qalmayacaq və bunun cavabı sarsıdıcı olacaq".

Bunu Trend agentliyinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. Onun sözlərinə görə, son günlər Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan, ələlxüsus bir neçə ildən sonra ilk dəfə minaatanlardan istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutur.

O qeyd edib ki, işğalçı Ermənistan özünün son zamanlar cəbhədə hərbi sahədəki uğursuzluqlarının heyfini Azərbaycanın mülki əhalisindən çıxmaq istəyir. Azərbaycan tərəfi isə bununla bağlı bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görür və görəcək:

"Cavabımız Ermənistan SQ-nin daha ağır və sarsıdıcı itkilər verməsi ilə nəticələnəcək və bunun məsuliyyəti tamamilə erməni rəhbərliyin üzərinə düşəcək”.

Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat verərək bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər:

"Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı slahlı birləşmələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir. İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

1990-cı illərin əvvəllərində Azərbaycanla Ermənistan arasında qanlı müharibədə ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafında 7 rayonu işğal edib, dinc əhali evlərindən qovulub. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da tez-tez bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

XS
SM
MD
LG