Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Müdafiə nazirliyi Azərbaycan mövqelərinin cəbhəboyu atəşə tutulduğunu bildirir


Şuşa

Şuşa

Yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.

Bunu Azərbaycanın müdafiə nazirliyi yanvarın 4-də verdiyi məlumatda bildirir.

Müdafiə Nazirliyi bəyan edir ki, “kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir”.

Müdafiə nazirliyi xəbərdarlıq edir ki, “ bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə erməni rəhbərliyinin üzərinə düşəcək”.

Azərbaycan tərəfinin məlumatına görə, son sutka ərzində atəşkəs 64 dəfə pozulub.

Müdafiə nazirliyi bildirir ki, Qazax, Tovuz rayonlarının ərazisi Ermənistanın İcevan və Berd rayonları istiqamətindən atəşə tutulub. Tərtər, Ağdam, Xocavənd rayonlarında da Azərbaycan mövqeləri atəşə tutulub.

Azərbaycanın müdafiə nazirliyinin bəyanatına Erməni tərəfinin cavabı hələ bildirilməyib.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Ermənistan tərəfinin ynvarın 3-dəki bəynatına cavab verib.

“Ermənistanın Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər.”

Bunu, APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.

Ötən gün, qondarma "Dağlıq Qarabağ Ordusu"nun mətbuat xidməti bildirib ki, yanvarın 2-də Azərbaycan silahlı qüvvələri onların nəzarət etdiyi əraziyə daxil olaraq 2 əsgəri öldürüb, birini də yaralayıb.

Məlumata görə, insidentlər qoşunların təmas xəttinin şərq və cənub hissələrində baş verib və "görülən tədbirlər nəticəsində" qarşı tərəf "itki verərək geri çəkilib".

Azərbaycanın Müdafiə Nazirliyi "diversiya ittihamı"nı rədd edib, yayılan məlumatları uydurma adlandırıb.

"Təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb" - Nazirliyin saytındakı məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG