Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

Azərbaycan ucuz neftin burulğanından necə çıxacaq?


Rəsmilərin bəyanatlarından görünür ki, onlar əsas etibarilə neft qiymətinin qalxacağına ümid edirlər.

EurasiaNet.org saytı yazır ki, hökumət yönlü media “barreli 60 dollar olan neftdən qorxmuruq” ruhlu xəbərlər yaysa da, qiymətin hətta 60 dollardan da aşağı sürüşdüyü bir vaxtda rəsmi Bakının qorxacağı bəzi şeylər hər halda var”.

“Analitiklərin dediyinə görə, 2015-ci il üçün Azərbaycanın dövlət büdcəsi neftin bir barreli üçün 90 dollar qiymətindən hesablanıb. Hökumətin 19, 4 milyard manatlıq (24, 8 milyard dollar) təxmini büdcəsinin 53, 5 faizi hökumətin idarə etdiyi... “daxıl bankından” – Dövlət Neft Fondundan, 20 faizi isə neft sektorundakı şirkətlərdən alınan vergilərdən gəlir” – yazır sayt.

Hökumət inanır, yəni ümid edir...

Məqalədə deyilir ki, hökumət büdcənin aşağı neft qiymətinin öhdəsindən gələcəyinə inanır və ya başqa sözlərlə, daha doğrusu, neft qiymətlərinin yenidən qalxacağına ümid bəsləyir.

Energetika naziri Natiq Əliyev ötən dekabrın ortalarında Trend xəbər agentliyinə müsahibəsində deyib ki, neft qiymətlərinin daim dəyişməsi artıq 20 ildir baş verir.

Bununla belə, elə təxminən həmin vaxtlarda Rusiyanın Rossiya-24 TV kanalına müsahibə verən prezident İlham Əliyev etiraf edib ki, neft qiymətlərinin düşməsi hökumətin büdcə planlarına mənfi təsir göstərir.

EurasiaNet.org yazır ki, 2015-ci il büdcəsinin üçdə biri investisiya layihələri üçün nəzərdə tutulub və bunun 20 faizi prezidentin sevimli layihəsi olan Avropa Olimpiya Oyunlarına xərclənməlidir.

“Prezident lazım gələrsə, infrastruktur layihələrinə xərclərin qısıla biləcəyini bəyan etsə də, Oyunlara xərclənəcək pulun ixtisarı niyyətini göstərən heç bir əlamət yoxdur. Hər halda o bunu xırdalamayıb” – yazır sayt.

Xeyli insan işsız qala bilər

“İqtisadi Forum” aylıq təhlil jurnalının baş redaktoru Samir Əliyevin dediyinə görə, 2013-cü ildə tikinti layihələri Azərbaycanın 73, 56 milyard dollarlıq Ümumi Daxili Məhsulunun (ÜDM) 12 faizini verib və bu sahə neft sektorundan kənarda ən çox iqtisadi fəallıq imkanı yaradan sahə sayılır.

“Əgər hökumət bu kimi layihələri dayandırsa, xeyli insanı işsiz qoyacaq” – deyib baş redaktor.

Prezident İlham Əliyev bildirib ki, neftin bir barrelinin qiyməti 60 dollardan aşağı düşməsə, heç bir iqtisadi dəyişiklik olmayacaq.

Hazırda qiymət həmin həddən də bir qədər aşağı düşüb.

“Artıq indidən bəlli olan budur ki, Azərbaycan hökumətinin xərcləri artırmaq üçün manevr imkanı çox məhduddur” – deyilir yazıda.

Hamının ümid yeri - Neft Fondu da ümid edir

İqtisadçı Samir Əliyev isə qeyd edir ki, elə indiki qiymətlərlə Azərbaycanın Dövlət Neft Fondu 2014-cü il üçün 2, 5 milyard manat (3, 2 milyard dollar) kəsir gözləyir.

EurasiaNet.org yazır ki, bunu fondun sözçüsü Cəmalə Əliyeva da təsdiqləyib, hərçənd spesifik rəqəmlər göstərməyib.

O da energetika naziri kimi neft qiymətlərinin yenidən qalxacağına inanır.

Məqalədə qeyd olunur ki, Neft Fondu ölkənin yeganə dollaryığanı deyil. Samir Əliyevin sözlərinə görə, neft qiymətləri artıq Azərbaycan Mərkəzi Bankının ehtiyatlarına da təsir göstərməyə başlayıb.

Bununla belə, bankın internet saytında ehtiyatların yalnız azacıq (15 milyard dollardan 14, 99 milyard dollara) azalması göstərilib. Bank məqalə müəlliflərinin şərh barədə ricasını cavabsız buraxıb.

Korrupsiya, korrupsiya…

Hökumətin tənqidçiləri bildirirlər ki, hakimiyyət çətin günlərə yaxşı hazırlaşa bilməyib.

“Onlar korrupsiya ilə mübarizə aparmalı, büdcə gəlirlərini şaxələndirməli, kiçik və orta sahibkarlığı həvəsləndirməli idilər, - deyib müxalif REAL hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli, - hökumət bunları heç vaxt etməyib”.

O bildirib ki, hazırda kiçik və orta sahibkarlıq Azərbaycanın ÜDM-ində yalnız 1, 7 faiz təşkil edir.

Millət vəkili Vahid Əhmədov isə, əksinə bu qənaətdədir ki, hökumət şaxələndirməyə diqqət verir.

O deyir ki, Azərbaycanın qeyri-neft sektoru son iki-üç ildə 10 faizdən 15 faizə yüksəlib.

Əhmədov da ümidlərini ehtiyat fondlarına bağlayır və bildirir ki, camaat neft qiymətlərinin düşmə təsirini növbəti iki ildə hiss etməyəcək, çünki bufer fondları mövcuddur.

Eurasianet.org yazır ki, hökumət hələlik ehtiyac vaxtlarında əhalinin sosial təminatı üçün görülmüş ehtiyat tədbirləri barədə də danışmır.

Petrodövlət

Bu məqalədə ifadə edilmiş bəzi ümidlərin reallığına müəyyən mənada Vice News saytında dərc olunmuş bir məqalə işıq sala bilər.

“Aşağı neft qiymətləri petrodövlətlərə bəla gətirir” məqaləsində John Dyer yazır ki, aşağı neft qiymətləri 2015-ci ildə ABŞ-da firavanlığı yüksəltdiyi halda, Rusiya və Venesuelada yoxsulluq və rəzalət törədə bilər.

İran, Rusiya və Venesuelada isə belə bir qənaət yaranıb ki, neft istehsalını ixtisar etməklə onun qiymət artımına təsir göstərmək istəməyən Səudiyyə Ərəbistanı ABŞ-la sözü bir yerə qoyublar.

“Superzəngin səudlar rəqiblərini və geosiyasi düşmənlərini cəzalandırmaq üçün pul itirməyə belə hazır kimi görünürlər” – deyibAmerikadakı Oppenheimer & Co investisya bankından Fadel Gheit.

ABŞ-Səudiyyə - müttəfiq rəqiblər

Gheit düşünür ki, məsələ bu qədər də bəsit deyil və burada söhbət Səudiyyə Ərəbistanı ilə Amerikada şist neftini istehsal edənlər arasındakı rəqabətdən gedir.

Onun sözlərinə görə, Səudiyyə maya dəyəri baha olan Amerika neftini hədəfləyib, onu əldən salmaq istəyirvə məhz buna görə də hazırda qiymətlərin yüksəlməsində maraqlı deyil.

Lakin burası da var ki, ABŞ imkanlarına görə hətta superzəngin Səudiyyədən də zəngindir və o da bu oyunu, necə deyərlər rahatca oynaya bilər.

Üstəlik, Amerika nefti siyasi dəstək əldə etməyə başlayıb. Prezident Barack Obama bu yaxınlarda Amerika neftinin ixracı üzərindən qadağanı qismən qaldırıb.

Konqres və Senatda nəzarətə malik respublikaçılar isə bu qadağanın, bu il,ünmumiyyətlə, ləğvini istəyirlər.

Putin tarixə çevrilə bilər

Məqalədən bəlli olur ki, neft ehtiyatları da, ixracatları da Azərbaycandan qat-qat yüksək olan ölkələr artıq neft qiymətlərinin enməsindən vahiməyə düşüblər.

OPEC təşkilatının təsisçilərindən biri olan Venesuelanın prezidenti Nicolas Maduro bildirib ki, bu, ABŞ-ın “iki il üçün nəzərdə tutulmuş planıdır” və Vaşinqton təkqütblü dünya yaratmağa çalışır.

John Dyer yazır ki, İran hakimiyyəti artıq indidən büdcəsini ixtisar etməyə başlayıb və çox güman, əvvəllər vergidən azad “müqəddəs dini təşkilatlarının” hesabına vergiləri artırmağı planlaşdırır.

Məqalədən bəlli olur ki, Rusiyada vəziyyət daha mürəkkəb ola bilər.

Burada da, Azərbaycanda olduğu kimi ÜDM-in üçdə biri neft ixracatından gəlir və 2015-in büdcəsi bir barrel üçün 100 dollar civarında hesablanıb.

“Rusiya böyük, çox böyük bəlaya düşüb – deyir Gheit, - Yarıtmaz idarəçilik, korrupsiya. Hətta Putinin özü də böyük, nəhəng təzyiq altındadır. Əgər neft qiymətləri qalxmasa, o bir tarixə çevriləcək. O adamların dəstəyini itirəcək. Ruslar valideynləri və nənə-babalarının illər öncəsi etdikləri kimi çörək növbələrinə qayıtmaq niyyətində deyillər”.

Boşalan kisə bir daha dolacaqmı?

Son media xəbərlərinə görə, Rusiya vəziyyətdən çıxmaq və müəyyən mənada boşalan kisəni doldurmaq məqsədilə neft istehsalını rekord həddə çatdırıb.

Lakin bir qayda olaraq Rusiyadan nümunə götürən Azərbaycan bu məsələdə çətin ki, nümunə götürə bilsin.

Almaniyanın Bremen şəhərindən müstəqil siyasətşünas Fərid Quliyev hələ ötən avqustda BBC Azərbaycan Xidmətinin saytında yazırdı:

“ABŞ Enerji İnformasiyası Administrasiyasının təxminlərinə görə, Azərbaycanda neft istehsalı artıq 2010-cu ildə özünün zirvə nöqtəsinə çatıb və BP-nin əməliyyatçı olduğu Azəri-Çıraq-Günəşli yatağında istehsalın azalmasından sonra sabitləşib”.

“Neft qiymətlərinin dəyişməsi son illərdə əsasən sabit olsa da və ondan qaynaqlanan qısamüddətli problemlər neft fondunun hesabına çözülsə də, daxili məhsul bütün bu müddət ərzində azalıb və onun tədrici tənəzzülü geriyə dönməz prosesə çevriləcək” – yazırdı təhlilçi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG