Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

«Sübut edəcəyəm ki, Məşədi İbad qoca deyil!»


«O olmasın, bu olsun» operettasının son məşqləri

«O olmasın, bu olsun» operettasının son məşqləri

«Hazır olun, xahiş edirəm! Səs-küyü kəsin! Musiqi!» Opera və Balet Teatrında gərgin məşqlər gedir. Professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» operettası ilk dəfədir bu teatrda tamaşaya qoyulur. Premyeraya isə az qalıb. Ona görə rejissor da, aktyorlar da, məsləhətçi də həyəcanlıdır.

Məşhur replikalar, zərbi-məsələ dönmüş ifadələr, yenə də 50 yaşında kişinin gənc qıza evlənmək istəyi, gənc sevgililərin həyəcanı, bütün bunlara biganə qala bilməyən atanın nigarançılığı və hamıya bəlli sonluq… Rejissor aktyorlarla yanaşı səhnədədir. Mizanlara düzəliş verir, səssizcə kəm-kəsirləri düzəldir. Məsləhətçi Azər Paşa Nemətov isə tövsiyələrini yarı əsəbi, yarı şirin dillə çatdırır.


«İnanın ki, Məşədi İbad da, Həsənqulu da, Rzaqulu bəy də elə indi də var... Ona görə əsər aktualdır. Allah Üzeyir bəyə rəhmət eləsin»
Tamaşanın Milli Opera və Balet Teatrında qoyulması Mədəniyyət və Turizm Nazirliyinin ideyasıdır. Rejissoru Hafiz Quliyev, rəssamı Tahir Tahirov, musiqi rəhbəri Cavanşir Cəfərovdur. Tamaşanın məsləhətçisi Azər Paşa Nemətov deyir ki, Üzeyir Hacıbəyovun tamaşası hər dövrdə və hər bir teatrda oynanılmalıdır.


Amma deyəsən qızın iki adaxlısı var. Tamaşa eyni zamanda həm də Musiqili Komediya Teatrında da oynanılır. Düzdü, baş rolun ifaçısı Hacıbaba Bağırovun ölümündən sonra onun bir də nə zaman oynanacağı məlum olmasa da, tamaşa hələlik repertuardan çıxarılmayıb. Bəs Opera və Balet Teatrının yeni quruluşunda tamaşaçını cəlb edəcək, təəccübləndirəcək nə olacaq? Azər Paşa Nemətov: «Bu yeni quruluşdur. Fərqli olan rejissorlardır. Bir də Opera və Balet Teatrının öz xüsusiyyətləri var, Musiqili Komediya Teatrının isə ayrı. Səhnə tərtibatı da fərqlidir».


Baş rolun ifaçısı Azər Zeynalov
Baş rolun ifaçısı Azər Zeynalov özü isə bu qənaətdədir ki, onun Məşədi İbadı ondan əvvəlcə oynanılmışlardan fərqli olacaq. «Bu fərqi isə tamaşaçılar deyə biləcəklər» söyləsə də, sirrin üstünü azacıq açır. Deyir ki, onun Məşədi İbadı bir o qədər qoca deyil.


«Mən sübut edəcəyəm ki, 50 yaş qocalıq yaşı deyil. Amma Məşədi İbadın öz xarakteri var, həyata, sevgiyə, evlənməyə öz baxışı var. Bunları dəyişmək olmaz. Məşədi İbad sevgiliyə mal kimi baxır».


Yeri gəlmişkən, rejissor da, məsləhətçi də bu fikirdədirlər ki, Azər Zeynalov maraqlı Məşədi İbad obrazı yaradıb. Antrakt başa çatır. Səhnədə Gülnazla Sərvər oxuyur. Adaxlıbazlığa gələn Məşədi İbad artıq hasara dırmaşmalıdır. Amma Məşədi İbad, bağışlayın, Azər Zeynalov fürsət tapıb deyir ki: «Həyatda belə tiplərlə çox rastlaşmışam. İnanın ki, Məşədi İbad da, Həsənqulu da, Rzaqulu bəy də var... Ona görə əsər aktualdır. Allah Üzeyir bəyə rəhmət eləsin».


Tamaşanı araya-ərsəyə gətirənlərsə onun uzun illər teatrın repertuarında qalacağına əmindirlər.


«Deyirlər ki, toy olacaq.


Bəs nə vədə, nə vədə toy olacaq?»


Mənsə onu deyim ki, bir həftə sonra premyeradır. Oktyabrın 27-də. Necə deyərlər, yüz eşitməkdənsə bir görmək yaxşıdır.


«Bu toy, bu toy, bu toyda…»


XS
SM
MD
LG