Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:31

Sabiq məmurların cinayət işi bir-birindən niyə ayrılır?


Akif Muradverdiyevə qarşı dövlət çevrilişinə cəhd ittihamı xətm edilməyib
Akif Muradverdiyevə qarşı dövlət çevrilişinə cəhd ittihamı xətm edilməyib

Prezident Aparatı İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyevin cinayət işi dövlət çevrilişinə cəhddə ittiham olunan digər məmurların işindən ayrılaraq məhkəməyə göndərilib. Akif Muradverdiyev sabiq İqtisadi İnkişaf, Səhiyyə nazirləri və yüksək rütbəli məmurla birlikdə ötən ilin oktyabrında həbs edilmişdi. Onlar dövlət çevrilişinə cəhdlə yanaşı, korrupsiya məsələlərində də ittham edilirdilər. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin əməkdaşı Əntiqə Qonaqova deyir ki, Akif Muradverdiyev küllü miqdarda mənimsəmədə, vəzifədən sui istifadədə, rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunur. Xanım Qonaqovanın sözlərinə görə, dövlət çevrilişinə cəhdlə bağlı epizod məhkəməyə göndərilməsə də, bu ittiham heç də xətm edilməyib.


Bu məmurlar sabiq Maliyyə naziri Fikrət Yusifovun ifadəsi ilə həbs olunmuşdu. Bir neçə ay əvvəl Fikrət Yusifovun da cinayət işi bu ümumi işdən ayrılaraq məhkəməyə göndərilmişdi. O, yalnız qanunsuz silah gəzdirməkdə ittiham edildi və 1 il 6 ay azadlıqdan məhrum edildi.


«Bu gün hər bir nazir öz sahəsində oliqarxdı. Onlar ölkə daxilində böyük investisiyalar qoyduqlarından çıxıb gedə bilmirlər. Nəticədə hakimiyyətdaxili gərginlik getdikcə qızışır»
Amma Respublika Prokurorluğundan bildirildiyinə görə, əsas ittiham - dövlət çevrilişi ittihamı üzrə istintaqı hələ davam edir. Buna baxmayaraq, Fikrət Yusifovun ümumi işdən ayrılmasını da həbsdə olan digər keçmiş nazirlərin vəkilləri hakimiyyətin onu dövlət çevrilişi ittihamından yayındıraraq cəzasını yüngülləşdirmək istəyi ilə yozdular. Vəkillərə görə, Fikrət Yusifov istintaqla könüllü əməkdaşlıq etdiyindən ona verilən cəza belə yüngülləşdirilib. Əslində, mövcud qanunvericilik də cinayət işlərinin ayrılmasına və ya birləşdirilməsinə imkan verir. Bu daha çox işi aparan müstəntiqlərin mülahizələri ilə izah edilir. Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili Ramiz Məmmədov isə düşünür ki, bir neçə nəfərin işinin ümumi istintaqdan ayrılması prosesin obyektiv davam etdiriləcəyinə şübhələr yaradır: «İşin hərtərəfli və obyektiv aparılması üçün onların hamsının işi birlikdə məhkəməyə göndərilməliydi».

Bir neçə həftə əvvəl isə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə, sabiq Səhiyə naziri Əli İnsanovun istintaqı daha 6 ay uzadıldı. Vəkillərinin deməsinə görə, istintaq ittihamı sübut edə bilmədiyi üçün vaxtı uzadır və bir halda ki, dövlət çevrilişi ilə bağlı ittiham üzrə istintaq yubanır, onda gərək Fərhad Əliyevlə Əli İnsanovun da ittiham edildikləri başqa cinayətlər üzrə məhkəmələri keçiriləydi. Çünki onlar dövlət çevrilişindən savayı, həm də korrupsiyada günahlandırılırlar. Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov deyir ki, bu ayrı-seçkilik yalnız siyasi sifarişlə izah edilə bilər: «Yuxarıdakılar çəkinirlər ki, Əli müəllim azadlığa çıxsa, öz elektoratından istifadə edib nəsə edə bilər. Bu da absurddur».


Ötən ilin oktyabrında dövlət çevrilişi ilə bağlı qalmaqallar təkcə bəzi nazirlərin həbs edilməsi ilə nəticələnmədi. Bir neçə nazir isə ya sadəcə, işdən çıxarıldı, ya da xarici ölkəyə səfir göndərildi. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, həmin dövlət çevrilişinə cəhdlə bağlı istintaq orqanları cəmiyyətə tutarlı faktlar təqdim edə bilməyib, ona görə də nazirlərin həbsi və ya yerdəyişmələrini yalnız nüfuz və maliyyə çəkişmələri ilə izah etmək olar. Cənab Mirqədirovun sözlərinə görə, hansı keçmiş məmur cəmiyətdə daha çox iqtisadi - siyasi dayaqlara malikdirsə, onlara münasibət də daha sərt olur:
«Bu gün hər bir nazir öz sahəsində oliqarxdı. Onlar ölkə daxilində böyük investisiyalar qoyduqlarından çıxıb gedə bilmirlər. Nəticədə hakimiyyətdaxili gərginlik getdikcə qızışır».


İndiyə qədər Prezident Aparatı İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyevin hansısa güclü iqtisadi və ya siyasi dayaqları haqqında məlumatlar yoxdur. Fərhad Əliyev və Əli İnsanovdan fərqli olaraq, cənab Muradverdiyevin adı hansısa mətbuat orqanını və müxalifət partiyasını maliyyələşdirməkdə də halanmayıb. Ona görə də mediada belə fikirlər səslənirdi ki, Akif Muradverdiyevin istintaqı başqa məmurlardan fərqli olaraq o qədər də uzun çəkməyəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG