Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:04

Az qala havalandım: "bu nə işdi, Allah!"


Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq

-

Elə bil mənzilim sarılıq keçirmişdi. İnanmadım. Eyvana çıxdım, düzü-dünyanı sarının cürbəcür çalarlarında görəndə az qala havalandım: "bu nə işdi, Allah!" – dedim...

Zahid Sarıtorpaq

DƏRDİN SARI ÇƏPKƏNİ

(Romandan parça. Romanı tam oxu)

Bu keçən on gündə mənə ən dəhşətli təsir edən şey sərçələri bülbül rəngdə görməyim idi...

Bunu həzm edə bilmirdim. Əslində bu quşcuğazlar pis görünmürdülər, amma rənglərinə diqqət kəsiləndə elə bilirdim onların hamısının yuvası mənim içimdədi və içimin rənginə boyanıblar...

Vallah, oxusaydılar elə bilərdim gerçəkdən bülbüldülər, amma onlar oxumurdular və bülbül kimi şux deyildilər, həyətimizdəki donqabel şam ağacının mətbəximizin pəncərəsinə sarı boylanan qarğıdalı saçağı rəngli bulud-bulud budaqlarında əzgincəsinə büzüşür, uzaq başı ara-bir bir-iki ağız cikkildəşirdilər...

Necə oldu axı bu dərd məni yaxaladı? Nə baş verdi görəsən? Bəlkə uzun illər institutda "qulaqlarını çərtdiyim" tələbələrin ahı tutudu məni, hə? Guya o pullar hamısı mənə qalırdı?

Ona qalsa, gərək mənim alıb-ötürdüyüm, verib-yedirtdiyim adamlar indiyə təmiz kor olaydılar. Yoxsa, bu tələbə-müəllim arasındakı "görüm-baxım" məsələsini mən icad eləmişəm bu xarabada?

Bu yırtıq el palazının bir cucuğuna da mən bürünüb sürünürdüm də, neyləyirdim ki, yəni? Aldıqlarım, yığdıqlarım "aldım qoz – satdım qoz"a bərabər idi, mənə quruca tozdan başqa nə qalırdı ki? Yox, heç cür inanmıram ki, gözlərimi sarıya tutan həmin "toz" ola... Ona qalsa, həndəvərimdəkilərin doxsan doqquz faizi indi mənim günümdə olmalıydı.

Hə, necə oldu axı bu dərd yaxama ürcah oldu? Nə baş verdi görəsən? Heç nə, heç nə, vallah. Həmin gün elə bir fövqəladə şey baş verməmişdi. Allahın ver günü olduğu kimi həmin səhər də yuxudan oyandım. Düzdü? – düzdü. Gözlərimi açıb birinci tavana baxdım. Doğrudu? – doğrudu. Bəs nə gördüm? – ağ rəngli tavanımızı sanki mən yuxuda olanda zəfəran sarısıyla boyamışdılar... Elədi? – elədi ki var, bu da düppədüzdü! Hə, sonra nə baş verdi? – durub yüyürdüm vanna otağına, gözlərimi bərəldib güzgüyə ha baxdımsa, sarı rəngdən başqa gözümə heç nə dəymədi.

Evin divarlarından tutmuş bütün əşyalaracan hər şey sapsarıydı.

Elə bil mənzilim sarılıq keçirmişdi. İnanmadım. Eyvana çıxdım, düzü-dünyanı sarının cürbəcür çalarlarında görəndə az qala havalandım: "bu nə işdi, Allah!" – dedim. Dedim? – elədi ki, var... Bəs nə oldu? – bir saat, üç saat, beş saat, bir gün keçəndən sonra da heç nə dəyişmədiyini görüncə, içimdə yavaş-yavaş bu bəlayla barışığa meyillənən kimi oldum, amma yenə ümidimi üzmədim.

Günlər ötdükcə nə baş verdiyinin fərqinə varmağa başladım, özümü toparlayaıb əl-ayağa düşənəcən aradan bütün həyatımı alt-üst etmiş ömrümün bu rəzil on günü keçdi və gözümü açdım ki, artıq adlı-sanlı oftalmoloq Bürhan Nəcəfovun qəbulundayam. Di gəl ki, vallah, heç o məşhur professorun – o dəmdəməki adamın dediklərinə dərin inanmıram, aradan keçən bu on gün gözümə on il kimi görünsə də, içimdə, elə bil, bir dinclik var və mənə mütləq sağalacağımı diqtə eləyir!

Budur, artıq qaranlıq düşüb. Mənimçün bu qaranlıq qançır olmuş yaradan axan irinli qan rəngdədi.

Yox, tünd, lap tünd bir sarılıq var bu çalarda. Qumru quşunun tünd rənginə çalır ulduzsuz, aysız göy üzü. Qaranlığın içindəki ağ buludlarsa həmin rəngin bir az avazımış çalarına bürünüb Xəzərin üstünə dartındıqca lələk-lələk didilir elə bil. Dərd canımı alalı, fikir başımı necə qatırsa, budur, bax, qarşımdakı boz-bulanıq gördüyüm çayım da buza dönüb artıq.

Bu işə bir əncam çəkməliyəm, belə olmaz. Yatmaq lazımdı, yatmaq! Səhər durub Umudgilə – kəndə gedəcəm. Qoy Umuda danışım sirrimi, qoy o da bilsin məni giriftar eləyən bu andır xəstəliyimi, bəs doğma ağsaqqalıma – qardaşıma deməyib kimə deyəcəm dərdimi? Onsuz, o da rəhmətlik atam kimi ağzıbütöv adamdı, lap ona oxşayıb sirr saxlamaqda. Özü də fərasətlidi, hər şeydən baş çıxarandı. Bəlkə bir xeyirli məsləhət verəcək? Hə, hə, getməyim yaxşıdı kəndə. Orda bir-iki gün dincələndən sonra qayıdıb gələrəm, professorla görüşərəm, lazım olsa lap telefon açıb uşaqlara da xəbər eləyərəm üstüörtülü...

...Səhər ayılanda özümü toparlayıb bu gecəki yuxumu rəngli, ağ-qara, yoxsa bu lənətə gəlmiş sarı rəngdə görüb-görmədiyimi yadıma salmağa çalışdım. Neylədimsə, xeyiri olmadı, xatırlaya bilmədim.

ROMANI TAM ŞƏKİLDƏ OXU

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG