Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:37

İran Səudiyyə Ərəbistanını neftin qiymətini qaldırmağa çağırır


İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian.
İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian.

İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian deyib ki, Tehran bu barədə Səudiyyə ilə daha təfərrüatlı müzakirələr aparmaq niyyətindədir.

Neft qıymətlərinin enməkdə davam etməsinin əsas qurbanları artıq bəllidir.

Mətbuat, təhlilçilər və siyasətçilər bunların ilk növbədə Rusiya, İran və Venesuela olduğunu təkrar-təkrar qeyd edirlər.

Bir sıra siyasi analitiklər bir qədər də dərinə gedərək adı çəkilən ölkələrin üçünün də anti-Qərb siyasəti yürütdülklərinə diqqət çəkirlər.

Elə həmin ölkələrdə də təhlilçilərin və siyasətçilərin əksəriyyəti neft qiymətlərinin hazırkı eniminin ilk növbədə ABŞ-ın və onun Yaxın Şərq müttəfiqlərinin düşünülmüş siyasəti olduğuna əmindir.

Bu mənada onsuz da Səudiyyə Ərəbistanı ilə ənənəvi rəqabətə malik olan İran neft qiymətlərinin sürəkli düşməsində ər-Riyadın düşünülmüş siyasətini görür.

Sünni-şiə faktoru

İran və Səudiyyə İraqdan tutmuş Bəhreynə qədər bütün Yaxın Şərq boyunca sünni-şiə çaları alan düşmənçilik siyasəti yürüdür.

İndi isə İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian Reuters agentliyinə müsahibəsində ölkəsinin əsas rəqibini neftin qiymətinə çarə etməyə çağırıb.

Hossein Amir Abdollahian Səudiyyənin neft qiymətlərinin enməsini dayandırmamasını “strateji səhv” adlandırır.

O ümid etdiyini bildirib ki, Səudiyyə neft bazarındakı vəziyyətin dəyişməsi üçün hər halda addımlar atacaq.

İran Səudiyyə ilə danışıqlar aparmaq istəyir

Bu arada neft qiymətləri son 5 il yarımda ən aşağı həddinə çatıb.

Neft qiymətlərinin düşmə sürəti neft istehsal edən ölkələrin OPEC təşkilatının ötən ilin sonlarında keçirilmiş iclasında istehsalın ixtisar edilməməsi barədə qərarın qəbul edilməsindən sonra artıb.

Məsələ burasındadır ki, OPEC-in özündə də aparıcı rolu elə ən böyük neft ixracatçısı olan Səudiyyə oynayır.

Abdollahian deyib ki, əgər Səudiyyə Ərəbistanı neftin ucuzlaşmasının qarşısını almasa, bu səhvin bütün region üçün ağır nəticələri olacaq.

Nazir müavini deyib ki, İran bu barədə Səudiyyə ilə daha təfərrüatlı müzakirələr aparmaq niyyətindədir.

Səudiyyə Ərəbistanın neft naziri son bəyanatında neftin bir barreli 20 dollara ensə də, buna əhəmiyyət verilməyəcəyini deyib.

Bəhreyn: İran öz dərdini çəksin

Son həftələrdə İran və Səudiyyə Suriyadan kənarda daha bir coğrafi məntəqədə toqquşublar.

İran Səudiyyəni şiə Bəhreynə hərbi müdaxilədə, Bəhreyinin özünü isə şiə müxalifət lideri Sheikh Ali Salman-ı həbsdə saxlamaqda ittiham edir.

Bəhreyn rəsmiləri İranın tələbinə standart cavab veriblər: “Tehran öz insan haqlarının dərdinə qalsa, daha yaxşıdır”.

Tehran və ər-Riyad Suriya, Yəmən vıə Livanda da qarşı duran tərəfləri dəstəkləyirlər.

Bu qədər ziddiyyətin mövcud olması İranı tənqidin hədəfini Səudiyyədən ABŞ-ın üzərinə yönəltməyə vadar edir.

İran xarici işlər nazirinin müavini Reuters-ə müsahibəsində deyib ki, ABŞ əslində İslam Dövlətinə qarşı vuruşmur və əsas məqsədi Yaxın Şərqdə öz siyasətini yürütməkdir.

Cənab Abdollahian İranın Suriya lideri Bashar al-Assad-a dəstəyini bir daha təsdiq edib. O həmçnin ABŞ-ın İranı təmsil edən bəzi fərdlərin üzərinə yeni sanksiyalar qoymasını pisləyib.

Nazir müavini deyib ki, bu sanksiyalar İranın Qərblə nüvə danışıqlarına müsbət təsir göstərməyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG