Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:47

-

Yanvarın 1-də “Media forum” saytının kollektivi məcburi məzuniyyətə buraxılıb. Saytda yerləşdirilən məlumatda bunun səbəbi belə izah edilir:

- Bu məcburi məzuniyyətin səbəbini izah etmək üçün öncə bildirmək istərdik ki, 2013 və 2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz.

Bu dəyişikliklər “Media forum” saytının da fəaliyyətinə təsirsiz ötüşməyib. Çünki “Media forum” saytı qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsidir. “İnternyus Azərbaycan” İctimai Birliyi yerli qeyri-hökumət təşkilatıdır, media layihələrini, o cümlədən “Media forum” layihəsini qrant müqavilələri əsasında reallaşdırır. “İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. “Media forum” saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin tərkib hissəsidir.

"Media forum" saytı Azərbaycanda əsasən kütləvi informasiya vasitələrinin durumuna dair məlumatlar yaysa da ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı da xəbərlər, məqalələr yayırdı.

Azərbaycan rəsmiləri QHT qanunvericiliyinə dəyişiklikləri bu sahədə şəffaflığın artırılması zərurəti ilə izah edirlər. Amma ictimai fəallar bununla hökumətin öz nəzarətində olmayan ictimai qurumların fəaliyyətinin faktiki qeyri-mümkün olduğunu, ölkədə bu sektorun tam sıradan çıxarıldığını deyirlər. Bundan əvvəl də bir sıra qurumlar, o cümlədən, Media Hüquqları İnstitutu, Müsbət Dəyişiklik Gənclər Hərəkatı həmin səbəbə görə fəaliyyətini dayandırdığını elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG