Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

-

Lalə Məhərrəmli

ŞƏXSİYYƏT ƏVƏZLİKLƏRİ

Mən, sən, o
Biz, siz, onlar..
İlahi, necə də zalımdılar.
Bəs bizimkilər, bəs sizinkilər?
Burdakılar, ordakılar?
Onlar susmadılar.
Cədvəldən çıxarıldılar.
Bizdən qurdular cədvəli.
Sən, mən, o
Biz, siz, onlar.
Şəxsiyyət əvəzlikləriydik..
Olduq şəxs əvəzlikləri.

MƏN UÇDUM

Uçmağa başlayanda qanadlarını yolduğun qızam, xatırladın?
Elə bilirdin tullana-tullana qalmışam..yorulmuşam..oturmuşam.
Mən uçdum..
Unutmuşdun..
Mən qanadlarımla yox, ümidlərimlə uçuram.
Səndən gizlətmişdim
Ümidlərimi də yolmayasan deyə..
Ora bura dəyə-dəyə uçdum.
İndi bədənimdəki yaralar elə həzin həzin sızıldıyır, dinləyirəm, dincəlirəm.
Bilirəm
Elə bilirsən göyə uçdum..
Eehhh..yenə eyni ağıldasan.
Nə işim var mənim göydə?
Mən uçanda heç bilmirdim məkan nədir, zaman nədir.
Göy dediyin hər nədisə
Uçmaq üçün bəhanədir.

Gözlərini döyə-döyə nə baxırsan?
Dizlərinə döyə-döyə bax mənə.
Yadındadır bir gecə
dizlərimi möhkəm- möhkəm qucaqladım, ağladım?
O qədər bərk qucaqladım
Oqədər çox yığıldım dodaqlarım lap dizimə toxundu.
Elə bilirsən dodaqlarıma diz çökdüm?
Xəbərin var həmin gecə təslimiyyətimi öpmüşdüm.
Dizlərimi sığallayıb laylalar oxumuşdum uşaq kimi.
Sən qorxmuşdun.
Qorxmuşdun ki, o qədər büzüşərəm, o qədər kiçilərəm qaçaram öz içimə.
Qaçmağımdan qorxa-qorxa yaşadın.
Çox axmaqsan incimə.
Mən qaçmadım, mən uçdum...

Günün bütün mövzuları

XS
SM
MD
LG