Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

“Ögey ana” filminin ssenarisi bizim ailədən götürülüb"


Fuad Əsədov

Fuad Əsədov

-

"Ata qayğısı, ana nəvazişi görməmişəm"

Bu günlərdə 75 yaşını qeyd edən AFFA-nın sabiq baş katibi, keçmiş futbolçu Fuad Əsədovun müsahibəsi

- 1939-cu ilin dekabrın 31-də Tovuzda dünyaya göz açmışam. Orada boya-başa çatmışam, orta məktəbə getmişəm. O vaxt “26 Bakı Komissarı” adlanan rus məktəbini qurtarmışam. (İndiki Nəsrəddin Tusi adına məktəb – M.N). Müharibə vaxtı dünyaya gəldiyimdən çox çətinliklər görmüşük. Uşaqlıq illərim Tovuzda keçib. 2 yaşımdan məni nənəmlə babam böyüdüb.

- Nənə- baba diqqəti ata qayğısını və ana nəvazişini əvəz edə bilibmi?

- Mən ata-ana qayğısını və nəvazişi görməmişəm. Ona görə də onun necə olduğunu bilmirəm. Babamdan və nənəmdən isə tam razı qalmışam.

- Bəs ögey ana nəvazişini necə olub?

- Çox yaxşı, bunu həqiqi mənada deyirəm. Nəcibə xanımdan ömrü boyu razı qalmışam. O, mənə çox yaxşı münasibət bəsləyib.

- Bəs onda "Ögey ana" filmi necə yarandı?

- Ailəmizin real həyatından. Mənim nənəm Xanım xan qızı olub. Gəncə Mahalından Kəbleyi İsgəndərxan Muradovun qızı idi. Əsilləri Ağstafanın Dağ Kəsəmən kəndindədir. Çox mərd qadın olub. Atam Nəcibə xanımla evlənəndən sonra nənəmın onunla arası olmayıb.

"Ögey ana" filmindən kadr

"Ögey ana" filmindən kadr

O, həmişə mənim öz anamı istəyib, onu qəbul edib. Bunu da atamın dost-tanışı bilirdi. Adil İsgəndərov atamın yaxın dostu idi. Tez-tez bizə gəlib-gedib. Bir gün nənəmlə analığım arasındakı münasibəti müşahidə edib və nənəmə deyib ki, gərək bu haqda bir film çəkim. Düzdür, çəkməyinə özü çəkmədi. Həmin vaxt Kinostudiyanın direktoru idi. Ancaq ssenaridə olan hadisələr hamısı bizim həyatdan götürülüb.

- Sizin ögey bacınız olub, yoxsa qardaşınız?

- Əslində, Nəcibə Məlikovanın əvvəlki həyat yoldaşından Sahib adlı oğlu olub. 7 il öncə rəhmətə gedib. Filmdə isə bacımın olduğu göstərilib. Atam isə həqiqətən də yol mühəndisi olub. Hətta filmdə İsmayıldan soruşurlar “böyüyəndə kim olacaqsan” - fəxrlə deyir ki, “atam kimi yol mühəndisi olacağam”. Filmdə qabarıq olaraq gəlinlə qaynana münasibətini göstərirlər. Nəcibə xanım həyatda ögey anam olmaqla yanaşı, filmdə də ögey ana rolunu oynayıb.

- Bəs sizi niyə filmə çəkilməyə dəvət etmədilər?

- Film çəkiləndə 18-19 yaşım vardı. Rejissora az yaşlı uşaq lazım idi.

- Film sizin həyatınızı tam əks etdirə bilibmi?

- Çəkiliş zamanı Nəcibə xanım ssenaridə çox dəyişikliklər edib. Özü işin içində olduğu üçün hər detalı ətraflı danışıb və filmdə yaradıb. Hər şey real həyat əsasında çəkildiyi üçün film daha çox sevilir. Rejissor təkcə həyatdakı dəcəlliyimi filmdə tam əks etdirə bilməyib. Çünki həyatda çox dəcəl olmuşam.

- Yəni filmin qəhrəmanı olan dəcəl İsmayıldan da çox dəcəl olmusunuz?

- Bəli. Bizim dövrdə uşaqların ən böyük dəcəlliyi qonşuların bağına girmək sayılırdı. Mən də bu sahədə peşəkar idim. Gecələr qonşunun bağına düşüb ərik yeyirdik ( gülür). Rayon yerində o vaxt üçün başqa nə dəcəllik etmək olar?

- Filmin əks-sədası sizə necə təsir etdi?

- O vaxt filmlə bağlı SSRİ məkanından minlərlə məktub gəlirdi. Mən o məktubları oxuyub cavab yazırdım.

- Onlar məktublarında ögey ananı necə təsəvvür edirdilər?

- Demək olar ki, çoxu ögey analarından narazılıqlarını bildirir, zülmlərindən yazırdılar. Ona görə də o məktubları oxumaq çox ağır idi. Mənə isə qibtə ilə yanaşırdılar...

(ixtisarla)

Mikayıl NƏRIMANOĞLU

apasport.az

Günün bütün mövzuları

XS
SM
MD
LG