Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

-

Dekabrın 30-da Naxçıvan şəhər Məhkəməsində AXCP-nin həbsdə olan yerli fəalı Hicran Qasımovun işi üzrə hazırlıq iclası keçirilib. Bu haqda AzadlıqRadiosuna fəalın xanımı Səadət Qasımova məlumat verib. Səadət Qasımova deyir ki, məhkəmə haqqında onlara əvvəlcədən məlumat verilməyib:

“Görüş almaq üçün məhkəməyə getmişdik. Çatıb gördük ki, məhkəmə gedir. Soruşdum, dedilər Hicranın hazırlıq məhkəməsidir. Biz də girib zalda oturduq. Məlum oldu ki, məhkəmədən heç vəkilin də xəbəri yoxdur. Biraz keçdi, vəkili çağırdılar, gəldi. İclas başa çatandan sonar hakimin yanına gedib, görüş üçün icazə istədim. O da dedi ki, yalnız bayramdan sonar görüş vermək olar”.

Məhkəmə baxış iclası yanvarın 12-nə təyin olunub.

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG