Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48

Təbriz həbsxanasında yeniyetmələrə işgəncə verilir


Ana dilində tədris tələbi ilə elan edilən boykotdan əvvəl və sonra 15-dən artıq adamın həbs edildiyi bildirilir

Ana dilində tədris tələbi ilə elan edilən boykotdan əvvəl və sonra 15-dən artıq adamın həbs edildiyi bildirilir

Beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International»ın oktyabrın 11-də verdiyi son bəyanatda deyilir ki, sentyabrın 21-də 25 yaşlı Mustafa Əvəzpur, habelə onun 14 və 16 yaşlı qardaşları Məhəmməd Rza və Murtuza nəzarət altına alınıb.


Azərbaycan dilində tədris tələbi ilə elan edilən boykotdan əvvəl və sonra 15-dən artıq adamın həbs edildiyi bildirilir. O cümlədən Əvəzpur qardaşlarının evində axtarış aparıldığı, atalarının sorğu-sual zamanı kəşfiyyat rəsmiləri tərəfindən döyüldüyü deyilir.


«Sentyabrın 21-də 25 yaşlı Mustafa Əvəzpur, habelə onun 14 və 16 yaşlı qardaşları Məhəmməd Rza və Murtuza nəzarət altına alınıb."

«Amnesty International»ın əldə etdiyi məlumata əsasən Murtuza Əvəzpur oktyabr ayının 9-da azadlığa buraxılıb, lakin Məhəmməd Rza hələ də Təbriz həbsxanasında saxlanılır. Mustafa isə aclıq elan etdikdən sonra Təbriz şəhər həbsxanasına köçürülüb. «Amnesty International» işgəncə təhlükəsində olan Mustafa və Məhəmməd Rza Əvəzpur kimi digər azərbaycanlı dustaqları vicdan məhbusları hesab edir və onların İran azərbaycanlılarının hüquqlarının təmin olunmasını dinc yolla tələb etdiklərinə inanır. Təşkilat İranı onların ya dərhal və qeyri-şərtsiz azad edilməsi, ya da günahlandırıldıqları cinayətlərə görə ittiham edilib, ədalətli şəkildə mühakimə edilmələrinə çağırıb.


İSNA xəbər agentliyi isə xəbər verir ki, Zəncan şəhərindən olan siyasi fəal Rza Abbasiyə 1 il həbs cəzası verilib. Rza Abbasinin vəkili cənab Xəlilinin İSNA-nın müxbirinə verdiyi məlumata görə Abbasi İran İslam respublikası əleyhinə təbliğat apardığı və dövlət rəsmilərinə hörmətsizlik etdiyi üçün İranın islam cəza qanunlarının 500 və 514 saylı maddələrinə istinadən iki dəfə 6 aylıq həbsə məhkum edilib.


İyunun 27-dən nəzarət altına alınan Rza Abbasi Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsi və İran Məzunlar Birliyinin üzvüdür. Onun vəkili cənab Xəlili həmçinin müttəhimin 110 gündən artıq çətin şəraitdə həbsdə saxlanılmasına etiraz edib. Xəlilinin dediklərinə görə Rza Abbasi təftiş edildikdən sonra bəzi səhvlərinə etiraf edərək İran rəsmilərindən üzr istəyib.


Abbasinin həbsindən sonra bəzi qaynaqlar onun işgəncəyə məruz qaldığı haqda da məlumat vermişlər. Bu mənbələrə əsasən, Abbasi etiraf məktubu imzalamağa məcbur edilib və bunun üçün onun özü və ailəsi təhdidlərə məruz qalib. «Amnesty International»ın sentyabrın 12-də Abbası haqqında verdiyi bəyanatda da onun işgəncə olduğu ehtimalı irəli sürülmüşdü. Rza Abbasi Zəncan şəhərində nəşr edilən «Mərdom-e no» («Yeni insanlar») qəzetində çalışır. Abbasi ilk dəfə 2003-cü ilin aprel ayında həbsə alınmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG