Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:39

"Kinematoqrafiyanı sənət saymıram"


Sasha Sokolov
Sasha Sokolov

Kanada vətəndaşı olan rus yazıçısı Sasha Sokolov-un həyat qaydaları

-

"Yəqin bu Yeni Dünyada ən doğru danışan televiziya kanalı – hava haqqında məlumat verən kanaldır".

Sasha Sokolov

HƏYAT QAYDALARI

Normal kişinin həyatında qadınlar həlledici rol oynayır. Amma elə nəzakətlə, elə yumşaq oynayır ki, heç hiss etmirsən.

Dostluq münasibətləri mənim üçün kifayət qədər məşəqqətlidir. Axı gərək daim münasibəti ayaqda saxlayasan, özünüz ki, bilirsiniz.

Adətən Amerika milyonçuları yaxşı təhsil almış adamlar olurlar. Dərhal mütaliəli olduqlarını anlayırsan. Əksəriyyəti idmanı sevən və səliqəlidir. Beynəlxalq turizmlə maraqlanırlar. Ancaq nədənsə bütün bu cəhətlər onları maraqlı həmsöhbət etmir.

Mahnıları kiminçün oxumağın bir önəmi yoxdur. İstəsən hətta Selincer kimi öz-özünə də oxuya bilərsən.

Qərbdə əclaflar gizlidir və qanuna hörmətlə yanaşırlar. Buna görə də onları sezmək mümkün olmur.

Zaman keçdikcə, bir-birini təqlid etmək daha geniş yayıldı. Ancaq bu mənə aid deyil. İngilis ədəb-ərkanıyla danışmaq, siçan yarışlarında iştirak etmək kimi axmaqlıqlar məni maraqlandırmır.

Aralıq dənizi dəbində geyinirəm. Əbədi və köhnəlməz bir dəbdir. Bu dəb başdan ayağa qara geyinməkdən ibarətdir. Tövsiyə edirəm. Qara geyinin, bu əbədilik rəngidir.

Sasha Sokolov
Sasha Sokolov

Rusiya həmişəki tarixi yolu ilə irəliləyir: pisdən müdhişə doğru.

Xoşbəxtlik maşında deyil. Məgər insanların başlarını ovutduqları oyuncaqları azdır. İnfantilizm – emosional defisit və şəxsiyyətin piylənməsi nəticəsində ortaya çıxır.

Üsyankarlıq – rus xarakterinin valehedici özəlliklərindən biridir.

Mən maşınımla bir neçə dəfə Amerikanın bu başından o başına səyahət etmişəm. İqlimi, coğrafiyası normaldır. Memarlığı qorxunc, primitiv, yeknəsəqdir. Pişikləri tosqundur, siçanı tuturlar, amma yemirlər. İtləri dostcanlı, gülümsər, şuxdular. Eləcə də insanları.

Anam mənə pula önəm verməməyi öyrətmişdi. O, qapalı adam idi, amma mömin xristian idi. Mənsə yaxşı buddist kimi böyüdüm, ya pulum az olub, ya da heç olmayıb.

Bizim xalqımız hər şeyi bilməyə həvəsli, zəkalı və cəsarətli bir xalqdır. 1989-cu ilin yayında arvadım Marlini ilk dəfə ölkəmizə apardım. Hardasa bir ay sonra o, Nyu-Yorkdakı rəfiqəsinə zəng edib Moskva ilə bağlı təəssüratlarını bölüşmüşdü: “Burda əsl inqilab baş verir, bura qəhrəmanlar ölkəsidir”. Mən onda hər şeyi başa düşdüm.

İçimdə belə bir inam var ki, növbəti həyatımda hər şey indikinə nisbətən yaxşı olacaq.

Kinematoqrafiyanı, xüsusilə də müasir, səsli kinonu sənət saymıram. Adına sənət deyilən şey texnologiyadan bu qədər təsirlənməz, üstəlik də bu qədər kütləviləşməz. Bundan əlavə, biz qədimdən bəri bilirik ki, sənət əbədidir, filmlərinsə köhnəlmək kimi xüsusiyyəti var.

Çaplin və Aki Kaurismyakınin səssiz filmlərinə dəfələrlə baxa bilərəm. Sonuncunun ən yaxşı əsəri – “Kibrit fabrikində işləyən qız”dır. Bu filmdə demək olar ki, dialoqlar yoxdur. Elə buna görə də o, tamaşaçıların rəğbətini qazanıb.

Yəqin bu Yeni Dünyada ən doğru danışan televiziya kanalı – hava haqqında məlumatlar verən kanaldır.

Qərbin azadlıq adlandırdığı şeyi yaxından tanıdıqca ona münasibətim dəyişdi. Bu yaxınlarda aydın oldu ki, ABŞ jurnalist azadlığının səviyyəsinə görə dünyada 52-ci yerdədir. Xalqsa susur və mürgüləyir. Orta statistik amerikalı siyasi cəhətdən məlumatsızdır. O, Bulat Okucavanın mahnısındakı ölü əsgər kimidir, demokratiya cənnətində yaşadığını sanır. Prezident də daim onu buna inandırır.

Heç qırx yaşla altmış yaş arasındakı fərqi görmürəm. Şax yeriyirəm, belim bükülməyib, yuxusuzluqdan əziyyət çəkmirəm. Deyirlər, heç ağlımı da itirməmişəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG