Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

Birinci Dünya Müharibəsi: Tribunalla başa çatan “atəşkəs matçı”


Britaniya və Almaniya əsgərləri “Milad futbol sülhü”nün 100 illiyini Kabulda qeyd ediblər

Əfqanıstandakı Britaniya və Almaniya qoşunlarının əsgərləri Birinci Dünya Müharibəsinin ən heyrətamiz hadisəsinin 1 əsrlik yubileyini 100 il əvvəl olduğu kimi cəbhə xəttində futbol matçı keçirməklə qeyd ediblər.

Mərmi səsləri əvəzinə Milad nəqmələri

1914-cü ilin Milad gecəsi Fransanın Flanders çöllərində cəbhə xətti boyunca düşmən tərəflər arasında baş vermiş qısa sülh Birinci Dünya Müharibəsinin ən unikal epizodu olaraq qalır.

Həmin gecə toplar bir müddət susmuş, əvəzində qarşı qazılmış səngərlərdən alman və ingilis dillərində Milad nəğmələri səslənməyə başlamışdı.

Bunun ardınca baş verənlər isə, ümumiyyətlə çətinliklə təsəvvür olunur.

Britaniya mətbuatı bu günlərdə həmin hadisəyə aid yenicə açıqlanmış sənədləri dərc edib.

Bunlardan ən qiymətlisi düşmənlə sülhün şahidi olmuş əsgər və zabitlərin evlərinə yazdıqları məktublardır.

Cəbhə boyunca qardaşlaşma

Məhz bu məktublardan məlum olur ki, Birinci Dünya Müharibəsinin yüzlərlə məqalə və kitaba romantik mövzu vermiş həmin hadisəsi sonradan onun iştirakçıları üçün hərbi tribunalla başa çatıb.

“Bütün cəbhə xətti boyunca qardaşlaşma gedir – yazırdı leytenant Edward Hulse anasına, - Bunları kinoda görsəm, inanmazdım”.

Bu qısa “sülhdən” sonra qismətinə sağ qalmaq yazılanlar daha üç Milad bayramını səngərlərdə keçiriblər. Elə əsl həqiqəti də evə onlar gətiriblər.

Leytenant Hulse 1915-ci ildə gedən döyüşlərdən birində həlak olub və silahdaşlarının düşmənlə qardaşlaşmasının tribunalla başa çatdığından xəbəri olmayıb.

Düşmənlə siqaret çəkmək

Sağ qalanlardan biri, 28 yaşlı, kapitan İain Colquhoun gündəliyində yazırdı: “Alman zabitlərindən biri irəliyə çıxıb Milad gecəsi atəşkəs elan etməyimi istədi. Mən dedim ki, bu, mümkün deyil. Onda o iki səngər arasındakı meyitlərin dəfn olunması üçün 45 dəqiqə fasilə istədi. Mən buna razılıq verdim”.

“Bizimkilər və almanlar bir-birlərinə siqar və siqaret təklif edirdilər. Sonra vaxt başa çatdı və mən fit çaldım. Hər iki tərəf öz səngərlərinə qayıtdı” – yazırdı Britaniya zabiti.

“Bütün gün bir güllə də atılmadı. Gecə almanlar öz səngərlərindən Milad şamlarını qaldırdılar. Bizim pulemtyotlarımız işə düşdü və onlar şamları yığışdırdılar”.

Baş nazirin bacısı qızının əri

Gündəlikdən bəlli olur ki, sonrakı on gün də nisbi sakitliklə keçib. Əsgərlər qumar oynayır və içirmişlər.

Bundan az sonra İain Colquhoun həbs edilib.

Hərbi tribunal ona qarşı “düşmənlə sülhə razılaşma” ittihamı irəli sürüb.

Bu tribunalda Britaniya qoşunlarının baş komandanı general Douglas Haig şəxsən iştirak edib.

Tribunal tərəfindən təqsirli bilinsə də, zabitə yüngül cəza verilib. Bəzi tarixçilər bunu onunla izah edirlər ki, zabitin həyat yoldaşı baş nazir Herbert Asquith-in bacısı qızı imiş.

Bəlkə elə buna görə də kapitan İain Colquhoun-un sonrakı hərbi karyerasına də xələl gəlməyib.

“Bu barədə faktlarla tanış olanların hamısı bilir ki, buna görə tribunal keçirilməsinin özü belə rüsvayçılıq idi” – sonralar yazırdı zabit.

Topu ingilislər gətiriblər

Cəbhə xəttinin başqa bir hissəsində isə Britaniya əsgərlərindən birinə - sıravi William Setchfield-ə evdən Milad hədiyyəsi kimi futbol topu göndəribmişlər.

Lakin topu göndərən valideynlərin heç ağlına da gəlməzdi ki o, həmin topla “mənfur hanslar”la futbol oynayacaq.

“Əla bir Milad keçirdik. Günorta almanlar səngərlərindən çıxıb bizə tərəf gəldilər. Bir yerdə şəkil çəkdirdik” – yazırdı əsgər.

Alman batalyonundan olan əsgər Kurt Zehmisch isə evə məktubunda yazırdı: “İngilislər top gətirdilər və o saat da oyun başlandı”.

Görəsən, fotolar necə alınıb?

William Setchfield başqa bir məktubunda yazırdı ki, almanlar bu hadisədən sonra bir həftə atəş açmlayıblar.

“Onlar üçün maraqlı idi ki, görəsən, fotolar necə alınib...” – yazırdı əsgər.

Setchfield müharibədən sağ-salamt qayıtsa da, sonrakı illərdə orden və medallar alsa da, şəxsi işindəki “fərari” damğası o 1946-cı ildə vəfat edənədək üstündə qalıb.

Bu hadisədən 100 il sonra Fransanın İpr adlanan elə həmin nöqtəsində İngiltərənin və Almaniyanın – Nyuark və Emmindengen qardaş şəhərlərinin futbol komandaları xatirə matçı keçiriblər.

İndi orada “Milad sülh matçı”nı yad edən xatirə daşı qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG