Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

«Gürcüstan vətəndaşısınızsa, gedin öz Saakaşvilinizin yanına…»


Bakı Dəmiryol Stansiyası, 14 oktyabr 2006

Bakı Dəmiryol Stansiyası, 14 oktyabr 2006

Bu günlər Moskvadan Bakıya gələn qatarlarda Gürcüstan vətəndaşlarına tez-tez rast gəlmək olar. Onlar Rusiyadan deportasiya olunduqlarını, Bakıya gəlib buradan Gürcüstana getdiklərini bildirirlər. Dediklərinə görə, Rusiya ilə Gürcüstan arasındakı kommunikasiya əlaqələri kəsildiyindən onlar Moskvadan Bakıya gəlib Gürcüstana getməyə məcburdurlar. Artıq bir müddətdir ki, Rusiyanın Miqrasiya Xidmətinin qanunsuz miqrant kimi gürcüləri Rusiyadan çıxardığı bildirilir. Gürcü miqrantların Rusiyadan çıxarılmasına Gürcüstanda casusluq ittihamı ilə 4 rus zabitinin həbs edilməsindən sonra başlanılıb. Sonradan həmin zabitlər ATƏT-in vasitəçiliyi ilə azad olunsa da Rusiyadakı gürcü miqrantlara qarşı münasibətin dəyişmədiyi bildirilir.

«Küçədə tuturlar, sənəd yoxlayırlar, açıq deyirlər ki, gedin burdan. Sizə yer yoxdur. OMON döyür, incidir. Fərq qoymurlar, Gürcüstan vətəndaşısan, qurtardı, getdi»
Moskva-Bakı qatarından təzəcə enmiş Maquli Leqişvilinin həyat yoldaşı Bakı vağzalında da Tbilisi qatarına bilet almağa getmişdi. O, son günlər Rusiyada yaşamağın onlara çox çətin olduğunu deyir: «Biz Smolensk vilayətindəydik. Dedilər ki, pasportunuz qaydasında deyil. Bizə 10 gün vaxt verdilər. Bildirdilər ki, Gürcüstan vətəndaşısınızsa, gedin öz Saakaşvilinizin yanına. Orada çox çətin idi. Bakıya bilet aldıq, buradan Tbilisiyə gedəcəyik».


Marina isə Moskvaya oğlunun yanına gedibmiş. Dediyinə görə, sənədləri qaydasında olanlarla problem yaradılmır, amma sənədlərində problem olduğu üçün onu Rusiyadan çıxarıblar: «Mənim oğlum Rusiyada normal yaşayır, o Rusiya vətəndaşıdır, sənədləri də qaydasındadır. Sənədlər qaydasında olanda səninlə heç kimin işi olmur, əgər nəsə varsa, onda qurtardı».


40 yaşlı Otar isə deyir ki, o, Rusiyada tikintidə işləyirmiş. Milis onun sənədlərini yoxlayıb görəndə ki, qaydasında deyil, ondan bir neçə günə ölkəni tərk etməyi tələb edib: «Bunlar hamısı siyasətdir. Mən isə siyasətlə məşğul olmuram, mən fəhlə adamam, qeyri-leqal işləyirdim, ona görə deportasiya olundum».


Bakı Dəmiryol Stansiyası, 14 oktyabr 2006
Bakıdan Gürcüstana getməyə hazırlaşanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da var. Onlardan biri Şükür Quliyev Gürcüstanın Marneuli rayonunda yaşadığını, neçə vaxtmış Rusiyada işlədiyini deyir: «Küçədə tuturlar, sənəd yoxlayırlar, açıq deyirlər ki, gedin burdan. Sizə yer yoxdur. OMON döyür, incidir. Fərq qoymurlar, Gürcüstan vətəndaşısan, qurtardı, getdi».


Moskva-Bakı qatarının bələdçilərindən olan Maarif Məmmədov isə deyir ki, son vaxtlar bu qatarla gələn Gürcüstan vətəndaşlarının sayı artıb: «Gürcülər üçüncü dövlət kimi Azərbaycana gəlirlər, buradan Gürcüstana gedirlər. Hardasa bu briqadada 25-30 Gürcüstan vətəndaşı olardı. İndi rahat yol kimi onları buranı seçirlər».


Rusiyada gürcülərə münasibətin dəyişməsini onlarla bir yerdə bazarlarda işləyən azərbaycanlılar təsdiqləyir. Ucar rayonundan olan Xatirə Kərimova deyir ki, o neçə müddətidir Tulanın «Solyut» bazarında alver edir. İndi Bakıya həyat yoldaşının müalicəsinə görə gəlib: «Putinin qərarından sonra özümüzə yox, gürcülərə qarşı münasibətin dəyişməsini gördük. Bizim bazardan da onları çıxardırdılar. Orada iş ağır olsa da yenə qayıdacağam, çünki bu ölkədə biz ac qalırıq».


Gəncədən olan Nofəl Əliyev isə son vaxtlar azərbaycanlılara da münasibətin dəyişdiyini deyir:


«Elə azərbaycanlıları da sıxışdırarlar, düzdür gürcülər kimi deportasiya etmirlər, ancaq baxırlar, sənədin düz deyilsə, pul alırlar. Nə bilim, bizim arxamızda duran yoxdur, günümüzə ağlayan yoxdur…»


Tərtərdən olan Müşfiq Quliyev isə ona etiraz edir. Deyir ki, o qardaşıgilə qonaq gedibmiş, nə özünə, nə də qardaşına qarşı kobud hərəkət görməyib: «Mən orada pis münasibət görmədim, düzdür gürcülərə qarşı tamam başqa vəziyyətdir, bizim sənədimizə baxırdılar, familiyamıza baxan kimi qaytarırdılar. O düzdür ki, sənədində problem varsa, çətin olur, yoxdursa, yox».


Günün bütün mövzuları

XS
SM
MD
LG