Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

Quba, Qusar və Şabranda boş məntəqələr, dolu qutular...


Qaranlıq məntəqədəki şəffaf qutuda aydın görünən iç-içə bülletenlər

Qaranlıq məntəqədəki şəffaf qutuda aydın görünən iç-içə bülletenlər

-

Dekabrın 23-də səhər saatlarında kameranı götürüb evdən çıxanda axşamadək seçki məntəqələrində xeyli maraqlı kadrlar çəkəcəyimi düşünürdüm. Axşamadək dolaşdığım məntəqələrdə kameranın yaddaşına həkk etdiklərim yalnız yarıqaranlıq məntəqələr, yuxulu məntəqə üzvləri, boş müşahidəçi stulları, qutulardakı iç-içə bülletenlər oldu. Seçici görəndə isə necə deyərlər, papağımı göyə atırdım - ən azı kadrlarımda bir-iki seçici də görünəcək...

Seçkiyə getməyən Bağban kənd sakini

Seçkiyə getməyən Bağban kənd sakini

“ƏVVƏLDƏN HAMI BİLİR KİM SEÇİLƏCƏK”

Reportaja başladığım Quba rayonunun Bağbanlı kəndində ilk üz tutduğum sakinlər məntəqənin yolunu belə tanımırlarmış. Bir kəndli seçkiyə getməməyini belə izah edir:

“Bilsəm ki, qutudan səs verdiyim çıxacaq, başqa məsələ... Yoxsa ki, əvvəldən hamı bilir kim seçiləcək, nəyimə lazımdır...”

QARANLIQ MƏNTƏQƏ

Bu da bağbanlıların yolunu tanımadığı 53 saylı Quba-Qusar Seçki Dairəsinin 23 saylı seçki məntəqəsi... Məntəqədə qaranlıq hökm sürürdü. İşıqlar söndüyündən məntəqədə seçki qutusuna dəyib yıxılmamaq üçün ehtiyatla gəzişirdilər. Deyəsən məntəqələr belə vəziyyətlərə hazır deyildilər – nəinki generator quraşdırılmamışdı, heç şam da yox idi...

Məntəqə sədri Səməd Seyfullayev

Məntəqə sədri Səməd Seyfullayev

Məntəqə sədri Səməd Seyfullayev deyir ki, həmin dəqiqələrə olan məlumata görə 970 seçicidən 300-dən çoxu səsvermədə iştirak edib.

Dairənin digər məntəqəsinin baxışları qapıda qalan üzvləri isə bir növ bekar qalıblar.

Bu səssizlik ab-havası Şabran, Xaçmaz və Qubadakı seçki məntəqələrinin demək olar ki, hamısında hökm sürürdü...

İÇ-İÇƏ BÜLLETENLƏR...

Zərdabi qəsəbəsindəki 53 saylı Quba-Qusar Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində də sükut idi. Yarıqaranlıq məntəqədəki seçici qutularına iç-içə atılmış bülletenlər necə deyərlər, “göz çıxarırdı”.

52 saylı Quba Seçki Dairəsinin 1 saylı məntəqəsinin üzvləri otaqda quraşdırılmış kameradan “qorunmaq” üçün küncə “sığınmışdılar”. Deyəsən diqqət yetirmədilər ki, kamera onları güzgüdən “müşahdidə edir”.

"MƏNTƏQƏ SƏDRİ: AKTİVLİK DAHA ÇOXDUR”

Həmin Dairənin 42 saylı seçki məntəqəsinin ətrafında 1 saat vaxt itirib gözləsək də, məntəqənin qapısından keçən olmadı ki, olmadı... Məntəqə sədri Nəzakət Salahova isə deyir:

“923 seçicimiz var, hal-hazıra kimi 416 nəfər səs verib. Əvvəlki seçkilərlə müqayisədə bu ilki seçkidə aktivlik daha çoxdur”.

Elə MSK sədri Məzahir Pənahov da Quba və Qusarda seçicilərin daha aktiv olduğunu söyləyib.

XS
SM
MD
LG