Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:20

«Azadlıq»-25: «Çörək kimi qəzet


Azadlıq qəzeti
Azadlıq qəzeti

-

Dekabrın 24-də “Azadlıq” qəzetinin 25 yaşı tamam olur. Qəzet yazarı Şahvələd Çobanoğlunun yazısını dərc edib:

“Həyatdan vaxtsız, nisgilli getmiş bir dostumuz vardı. Vüqar Padar. Ürəyi həqiqətlə döyünürdü, ədalətlə nəfəs alırdı. Azadlığın sadə, tanınmayan qəhrəmanı idi bu əyalət insanı. Vüqar yaşadığı kənddən hər gün rayon mərkəzinə gələr, “Azadlıq” qəzeti alardı. Bir gün də “Azadlıq” almağa gedərkən əyləşdiyi taksini yük maşını vurdu və həyatını itirdi. Vüqar həmişə deyirdi ki, “Azadlıq” onun çörəyidir.

Bu günlərdə Vüqarı yenidən xatırladım. Yaxından-uzaqdan qəzetimizə 25 illik yubileyi ilə bağlı çox sayda təbriklər gəlməkdədir və bu isti sözləri oxuduqca Vüqarı yada salıram. Onun qəzetimizə verdiyi qiymət yadımdan çıxmır. Onun “Azadlıq”a sevgisi unudulmur.

Əslində “Azadlıq” barədə danışmaq mənə çətindir, çünki əməkdaşı olaraq onun rolundan, gördüyü işin dəyərindən yazmaq yaxşı da alınmır. Amma susmaq da çətindir. Çünki qəzetimizin qiyməti onun söykəndiyi dəyərdədir. O dəyərdən danışmaq isə borcdur”.

Yazının davamını buradan oxuyun.

“14-CÜ KOLONDAKI SİYASİ MƏHBUSLARIN TALEYİNDƏN NARAHATIQ”

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamının baş verməsi barədə xəbər yayılıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər. Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib.

Siyasi məhbuslar - Müsavat başqanının müavini Yadigar Sadıqov, vəkil Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də 14 saylı cəzaçəkmə müəssisəsində saxlanır.

Yadigar Sadıqovun hüquqlarını müdafiə komitəsinin rəhbəri Elman Fəttah bildirdi ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisədə məhkumun öldürülməsi və üsyan qalxması barədə məlumat yayıldıqdan sonra oradan dəqiq məlumat almağa çalışır. Lakin Penitensiar Xidmətin mətbuat xidmətinin mediaya verdiyi açıqlamadan başqa heç bir məlumat əldə etmək mümkün olmayıb:

“Biz çox narahatıq. Heç bir halda Yadigar bəylə əlaqə yaratmaq mümkün olmadı. Penitensiar Xidmətlə əlaqə saxlamışıq. Mətbuata verdikləri məlumatı eynilə bizə verdilər. Dedilər ki, bu, tamamilə fərqli müstəvidə baş vermiş məsələdir və oradakı siyasi məhbuslarla heç bir əlaqəsi yoxdur. Biz çox israrla məlumat əldə etməyə çalışsaq da əlavə məlumat ala bilməmişik. Məcburən dekabrın 24-də şəxsən özüm 14 saylı cəzaçəkmə müəssisəsinə gedəcəyəm ki, Yadigar Sadıqovla görüşüm”.

BAYRAMDA BAKIDAN ÇIXMAQ MÜŞKÜL OLACAQ

“Bizim Yol” yazır ki, bayramqabağı ortaya çıxan problemlərdən biri də şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında sıxlığın yaranmasıdır. “Yeni ilə bir neçə gün qalmış vəziyyəti öyrənmək üçün Bakı Dəmiryol Vağzalına və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə üz tutduq.

“Sərnişinlər bu il də bayramdan qabaq sıxlıq, bilet qıtlığı ilə üzləşiblərmi? Sərnişinlər və dövlət qurumları nə deyir? Bakı Dəmiryolu Vağzalındayıq. Kassaların qarşısı boşdur, birinə yaxınlaşıb "bayram qabağı olsa da, deyəsən Bakıdan getmək istəyən yoxdur" replikamıza xəzinədar belə cavab verdi: "Sərnişin problemi yoxdur". Onunla söhbətdən məlum oldu ki, biletlər daha çox Bakı-Tiflis-Bakı və Bakı-Ağstafa-Bakı marşrutlarına alınır. Hətta Tiflis qatarına biletlərin satılıb qurtardığını öyrəndik.

Xəzinədar tələbatın çox olmasına baxmayaraq kassaların qarşısında bilet almaq istəyənlərin sayının az olmasını belə əsaslandırdı: "Bəziləri ayın əvvəlindən bilet alıb. Bəziləri internet vasitəsiylə, yəni onlayn bilet sifariş ediblər. Bütün istiqamətlərdə sərnişin sıxlığı müşahidə olunur".

“421 min 245 NƏFƏRƏ AYLIQ VƏ BİRDƏFƏLİK SOSİAL MÜAVİNƏT TƏYİN OLUNUB”

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yap.org.az saytına müsahibə verib. Nazir qeyd edir ki, 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin 2003, 2004, 2005-ci illərin cəmi büdcəsindən 1,4 dəfə, qeyri-neft sektorundan isə 4 dəfə çox olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun sosial rifahın yüksəlməsi, yoxsulluğun azaldılması üçün vacib olan yeni iş yerlərinin, məşğulluq imkanlarının artmasında da xüsusi əhəmiyyət kəsb edir.

“Cari ilin ötən dövründə respublika əhalisinin 4,4 faizinə və ya 421245 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilib. Sosial müavinət alanların 333 min 750 nəfəri və ya 79,2 faizi aylıq, 87495 nəfəri və ya 20,8 faizi isə birdəfəlik sosial müavinət alanlardır. Bundan əlavə, 50 min 896 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən Prezident təqaüdləri təyin olunaraq ödənilir. Bununla bərabər, 2014-cü ilin on bir ayı üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 min 971 nəfərə birdəfəlik pul müavinəti təyin edilib ödənilib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG