Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:48

Rusiya-Gürcüstan gərginliyi azərbaycanlıları da narahat edir


«Gürcüləri həbs edəndə bazarlarda işləyən azərbaycanlıları da tutub-aparırlar»
«Gürcüləri həbs edəndə bazarlarda işləyən azərbaycanlıları da tutub-aparırlar»
Ötən ay Rusiya ilə Gürcüstan arasında casus qalmaqalından sonra iki ölkə arasında münasibətlər pisləşdi, bu da Rusiyadan Gürcüstandan olan miqrantların deportasiyasına gətirib çıxardı.

Rusiya prezidenti Vladimir Putin miqrasiya qaydalarının sərtləşdirilməsi, Qafqaz və Orta Asiya respublikalarından olan miqrantların işlədiyi bazarlarda nəzarətin gücləndirilməsi barədə göstəriş verib. Bəs bu vəziyyət Rusiyada yaşayan azərbaycanlılara necə təsir edib? Moskvada Azərbaycan Cəmiyyətinin sədri, Rusiya Xalqlar Universitetinin Hüquq fakültəsinin dosenti Oqtay Hüseynov deyir ki, Rusiya-Gürcüstan arasındakı gərginlik azərbaycanlıları da narahat edir. Amma, Rusiyada azərbaycanlılara qarşı məqsədli şəkildə heç bir siyasət aparılmır. Oqtay Hüseynov deyir: «Gürcülərin işlədiyi bazarlarda azərbaycanlılar da işləyir və polis gəlib gürcülərin sənədlərini yoxlayanda, gürcüləri həbs edəndə bu bazarlarda işləyən azərbaycanlıları da tutub-aparırlar. Bu da azərbaycanlılar arasında böyük narahatlıq yaradıb». Onun sözlərinə görə, tutulan azərbaycanlılar Rusiyada qeydiyyatsız yaşayanlardır.


Oqtay Hüseynov onu da deyir ki, son vaxtlar qazanc üçün Azərbaycandan Rusiyaya gələnlərin sayı azalıb və «artıq çox adamın Azərbaycana qayıtmaq planları var».


Berlində «Azərbaycan Evi» cəmiyyəti açıldı


Oktyabrın 9-da Berlində «Azərbaycan Evi» cəmiyyəti açıldı. Cəmiyyətin açılışı ilə bağlı «Maritim» otelində təqdimatı keçirilib. Mərasimdə Azərbaycandan gələn rəsmilər və millət vəkilləri, eləcə də xarici qonaqlar iştirak ediblər. Cəmiyyətin sədr müavini, 30 il Almaniyada yaşayan azərbaycanlı rəssam Məsud Pənahi deyir ki, cəmiyyətin məqsədi Almaniyaya köçən azərbaycanlıların qərb cəmiyyətinə inteqrasiyasına kömək etmək və Almaniyada Azərbaycanı təbliğ etməkdir. Onun sözlərinə görə, «Azərbaycan Evi» təkcə Almaniyaya köçən azərbaycanlıları yox, müxtəlif xalqların nümayəndələrini birləşdirir.


Belçika və Britaniyadakı diaspora cəmiyyətləri əməkdaşlıq haqqında müqavilə imzalayıblar


Bu yaxınlarda Belçika «Azərbaycan Evi» və London «Azərbaycan Cəmiyyəti» arasında Əməkdaşlıq və Tərəfdaşlıq müqaviləsi imzalanıb. Belçika «Azərbaycan Evi»nin sədri Bülənt Gürçam deyir ki, Avropadakı diaspor təşkilatlarının birgə çalışmalarını istəyir və bu təşəbbüsün məqsədi 27 Avropa ölkəsində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının birliyini yaratmaqdır: «Bu təşkilatların hamısı ilə belə müqavilələr imzalanandan sonra biz Brüsseldə onların vahid mərkəzinin yaranmasını istəyirik».


Kanadada yaşayan azərbaycanlı rəqqas


Saşar Zərif İranda anadan olub, 13 yaşında Kanadaya gəlib. Hazırda Kanadanın Toronto şəhərində yaşayır. 1993-cü ildə ilk dəfə Azərbaycana olub və Bakıda rəqs müəllimləri ona Azərbaycan rəqslərini öyrədiblər. Saşar Kanadada mühəndislik üzrə universitet bitirib, amma sonradan bu ixtisasdan tam uzaqlaşıb və indi professional rəqqas kimi işləyir. Kanadada Azərbaycan rəqsləri Akademiyasını və Rəqs teatrını yaradıb.


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG