Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

-

Dekabrın 19-da rəsmi dövlət qəzeti “Azərbaycan” ABŞ-Azərbaycan münasibətlərinə dair məqalə yayıb. Məqalədə iddia olunur ki, 2005-ci ildə də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnish-in rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərilib:

“Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunan və beynəlxalq axtarışa verilən, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harnish isə məğlub tərəf oldu”.

Dekabrın 21-də Fərhad Əliyev “Media forum” saytına danışaraq məqalənin bu məqamına münasibət bildirib.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilən Fərhad Əliyev, 9 il müddətinə azadlıqdan məhrum edilən qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Fərhad Əliyev “Media forum” saytına deyib ki, 2005-ci ilin oktyabrında baş verən hadisələrlə əlaqədar Azərbaycanın müvafiq hüquq mühafizə orqanları bir il yarım ərzində istintaq-təhqiqat işləri aparıb.

“Son 10 il ərzində yerli və xarici mətbuat isə vaxtaşırı olaraq bu hadisələri çox geniş şəkildə işıqlandırıb. Hazırda yeni bir şey baş vermədiyinə görə özümü müdafiə etmək niyyətindən uzağam. Mən hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmıram. Eyni zamanda dünyanın hər yerində lazım gələndə ən xırda məsələlərə münasibət bildirən Amerika kimi nəhəng dövlətin Azərbaycanda dövlət çevrilişi etmək istəyi barədə ittihamlara da cavab verməməsi təəccüb doğurur. Digər tərəfdən cənab prezidentin ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərin, daima mümkün olanın ən yaxşısını etməyə çalışmasının şahidi olduğumdan düşünürəm ki, ABŞ ölkəmizlə münasibətlərə diqqətlə yanaşmalıdır”.

Fərhad Əliyev əlavə edib ki, hazırda və gələcəkdə siyasətlə məşğul olmaq niyyəti yoxdur. “Özümə mənəvi ata hesab etdiyim ulu öndər Heydər Əliyevin vəsiyyətinə daima sadiqəm. Harada yaşamağımdan və məşğuliyyətimdən asılı olmayaraq prezident İlham Əliyevlə aydın münasibətlərin olması mənim üçün daha çox əhəmiyyətə malikdir”.

BAKIDA İKİNCİ BULVAR SALINIR

“Azərbaycan” qəzeti yazır ki, Abşeron yarımadasında daha mürəkkəb çirklənməyə məruz qalan Böyükşor gölünün bərpasının ilkin mərhələsi başa çatmaq üzrədir.

“Uzun illər gölə axıdılan və artıq onun dibinə çökərək qalın təbəqə əmələ gətirən tullantıların təmizlənməsi üçün Hollandiyadan xüsusi avadanlıq gətirilib. Bu avadanlıq dayaz sularda işləyə bildiyindən gölün dibi onunla təmizlənir. Ümumilikdə 2,8 milyon kubmetrədək hesablanan dib çöküntülərinin 1 milyon kubmetri indiyədək qazılaraq çıxarılıb. Qurğunun gölün dibindən çıxardığı çöküntülər nasos vasitəsilə 4,5 kilometr aralıdakı 3 anbara vurulur. Bu çöküntülər ətraf mühitə və insan sağlamlığına ziyan vurmadan zərərsizləşdirilir. Təmizləndikdən sonra gölün əsas su mənbəyi qrunt suları və yağış olacaq. Həmçinin kanalizasiya sularının bir hissəsi gölə axıdılacaq, lakin təmizləndikdən sonra. Onu da bildirək ki, gölün su tərkibinin və dibinin təmizlənməsində adıçəkilən ölkənin “Witteven+Bos” şirkəti nəzarət işlərini həyata keçirir. Su hövzələrinin təmizlənməsi və bərpası üzrə dünyanın ən təcrübəli məsləhətçi şirkətlərindən sayılan bu şirkət eyni zamanda Xorvatiyada, Türkiyədə, Hindistanda və başqa ölkələrdə bir çox layihələr icra edib.

Bu işlə birbaşa məşğul olan “Təmiz Şəhər” ASC-dən bildirdilər ki, iki mərhələdə həyata keçirilən gölün kompleks bərpasının birinci mərhələsi I Avropa Oyunlarınadək yekunlaşaçaq. Hazırkı mərhələdə işlərin sürətlə getməsi üçün ərazi müvəqqəti olaraq bəndlə digər hissədən təcrid edilib. Olimpiya stadionu inşa edilən ərazinin, yəni gölün şərq hissəsini əhatə edən 300 hektara yaxın sahənin bərpası işi birinci mərhələ çərçivəsində - 2015-ci ilin may ayınadək tamamlanacaq. Artıq gölün Olimpiya Stadionu olan sahilində bulvar salınır. Gəzinti ərazisi tamamilə betonlanıb. 2015-ci ilin əvvəlində bulvar hazır olacaq və burada fontanlar quraşdırılacaq. Bulvarın uzunluğu 1 kilometr, eni isə 60 metrdən 100 metrədək olacaq. Beləliklə, Böyükşor bulvarı Bakının ikinci bulvarı olacaq. Gölün Ziya Bünyadov prospekti tərəfi, yəni cənub sahilində isə park salınacaq.

URMİYALI MÜHACİRDƏN SEYMUR HƏZİYƏ MƏKTUB

Siyasi məhbus, "Azadlıq" qəzeti və "Azərbaycan saatı"nın əməkdaşı Seymur Həzi bir neçə gün qabaq əslən Urmiyadan olan siyasi mühacir Rza Talebiyə ünvanlanan bir məktub yazmışdı. Rza Talebi məktubla tanış olub və Seymur Həziyə cavab yazıb. Onun "Azadlıq" qəzetinə yolladığı cavabda deyilir:

“Salam, Seymur!

Yavuz Sultan Səlimin yurdundayam mən. Sənsə Şah Xətai elində əsirsən. Amma bunları bir yana qoyaq, qardaş! Əsir əsirə məktub yazır. Mən də, sən də ürəyimizdəki Azadlığın əsirləriyik. Azadlığa aşiq olmamız bizi gücsüz edib, amma bu gücsüzlük indi bizə güc göstərənlərin zorundan daha dəyərlidir, qardaş! Burda yel əsir, qardaş...

Hələ siqaret eyni qiymətədi. Soğan, xiyar da... Hələ yemək bişirirəm və mahnılar oxuram! Amma azad deyiləm! Hava boğur bizi. Səhərlər üzümə baxanlar “Azadlıq” qəzetinin yazıları deyil, Seymur!

Sən Azadsan. Amma mən Yezidin qoşunundan ayrıla, azad ola bilmirəm. Arazın suyunu bağlayanlarla birgəyəm. Hələ addım bu qoşunun siyahısındadır...”

Məktubun davamını bu linkdə oxuyun.

QIŞ GƏLDİ - DİNCƏLMƏYƏ HARA GEDƏK?

“Yeni Müsavat”: Qarşıdan uzun qış tətili gəlir. İmkanı olan azərbaycanlılar indidən bayram tətili planlarını qurublar. Kasıb təbəqə üçün bu məsələ toyuğun yuxuda darı görməsinə bənzəsə də, imkanlılar üçün seçim imkanları var. Orta imkanlı vətəndaşlar üçünsə Azərbaycan o qədər də fürsətlər ölkəsi sayıla bilməz. Niyəsi barədə rəqəmlər və detallarda...

Turizm mütəxəssislərinin bildirdiyinə görə, Azərbaycanda ən çox -Bakı-Abşeron, Şəki-Zaqatala, Astara-Lənkəran bölgəsini daha çox inkişaf etmiş turizm zonası hesab etmək olar. Quba-Xaçmaz bölgəsi də hər zaman turistlərin diqqət mərkəzində olub. Gəncədə isə turizmin inkişafı zəifdir.

Hesab edək ki, qışda turizmin inkişaf etdiyi bölgələrə səfər etdiniz. Məsələn, Şəkiyə. Araşdırmalarımıza görə, buradakı otellərdə səhər yeməyi verən iki nəfərlik sadə otaqlar əvvəlki kimi 90 manata, lüks otaqlar isə 150 manata təklif edilir. Səhər yeməyi verilməyən köhnə tipli otellərdə isə bir nəfərlik otaqda 30 manata, iki nəfərlik otaqda isə 50 manata qalmaq olar. Burdakı otellərin demək olar ki, hamısında ənənəvi menyu var - Şəki pitisi.

Amma Xəzər dənizi sahillərindəki istirahət obyektlərində, habelə yayın populyar istirahət zonası olan Nabranda da istirahət obyektlərinin böyük əksəriyyəti qışda öz fəaliyyətini dondurur. Fəaliyyət göstərən məkanlarda isə otaqların qiyməti 25-80 manat arasında dəyişir.

Bu arada yeni bir xidmət də populyarlıq qazanıb. Bu, qısa müddətli turlardır. Bəzi turizm şirkətləri ölkə daxilindəki rayonlara belə qısamüddətli turlar təşkil edirlər. Amma burada da qiymətlər yeməklərin sayından, göstərilən xidmətdən asılıdır. Söhbət yerli turistlərin avtobuslarla Nabrana, Masallıya və ya Qəbələyə aparılmasından gedir. İstirahət proqramı çərçivəsində turistlərə gündə iki dəfə yemək verilir. Yeməkdən imtina edənlər özləri ilə gətirdiyi yeməklə qidalanırlar. Amma bu sayaq turların normal qiyməti 50 manatdır. İki-üç günlük turlar isə müvafiq olaraq 100-150 manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG