Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:26

Yeni ilə hazırlıq: «İşıq şousu»nun kölgəsində qalanlar


Fəvvarələr Meydanında «Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi» Yarmarkası
Fəvvarələr Meydanında «Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi» Yarmarkası

-

Gözlə

No media source currently available

0:00 0:07:56 0:00
Direct-ə keçid

Bakıda yolkalar qurulur, Yeni il aksesuarları satılan piştaxtaların sayı artır. Xırda ticarətçilər də iş başındadır – Şaxtababa papağından tutmuş, iri yolka ağaclarınadək hər şey var satışda...

Afişaları Yeni illə bağlı müxtəlif mərasim, konsert və tamaşaların elanları bəzəyir. Bir sözlə, kənardan baxanda, Bakı yeni ilə hazır görünür. Bəs paytaxt sakinləri necə, bayramın gəlişini hiss edirlər? Bu da bəzi cavablar:

– İnsanlar bayramqağı bir az gülümsəyirlər. Küçələr izdihamlı olub, dükanlarda hədiyyə alanların sayı artıb. Bir balaca da olsa, duyulur bayram ovqatı...

– Uşaqlar bayramı daha çox hiss edirlər. Tamaşalara getmək, bütün günü yolka önündə əylənmək istəyirlər...

– Bizim vaxtımızda belə təmtəraqlı keçirilmirdi. Bir ağacı kəsib yolka qururdular. İndi hər il yolka ağacı bir az daha uzanır. Biz də uşaq olmuşuq, o üzdən imkanımız çatan qədər uşaqların maraqlı bayram keçirməsinə çalışırıq...

– Əvvəlki kimi səbirsizliklə gözləmirik. Sadəcə, il təzələnir, yəni 2014-cü ili 2015 əvəzləyir. Başqa heç nə...

YENİ İL TAMAŞALARI...

Yeni ildə nələr diqqət çəkər? Yolka, Şaxtababa, Qar qız. İradə Əhmədova deyir ki, bayramın gəlişini bircə uşaqları hiss edir. O da çalışır ki, iki övladı bu bayramı unutmasın:

Bakı - dekabr 2014
Bakı - dekabr 2014

«Allah verəndən süfrəni bəzəyəcək – azdan-çoxdan alacağıq. Amma uşaqları şəhərə çıxaranda, hər tərəfdə cürbəcür hədiyyə satıldığını, müxtəlif tamaşa elanlarını görürük. Uşaqları gərək, azı, bir tamaşaya aparım. İki uşaq, bir də özümə bilet almağa, heç olmasa, 30 manat xərcləməliyəm. Bir də bunlara hədiyyə almalıyam. Azı, 20 manat da buna gedəcək. Deməli, yeməkdən əlavə mənə, heç olmasa, 50 manat da gərəkdir. Bu maddi durumla bayramı yola vermək çətindir».

Paytaxt Bakıda saysız bayram tamaşaları hazırlanır. Övladlarını tamaşaya aparmaq istəyənlərin seçimi də az deyil. Necə deyərlər, cibində puluna minnət. Tutalım, 8-15 manata Bakı Dövlət Sirkində «Fəvvarələrin qış nağılı» şousuna və ya 5-30 manata Heydər Əliyev Sarayında «Sehrli Landiyada Yeni il», «Kosmik Yeni il»tamaşalarına baxa bilərlər. Teatrlarda qiymətlər bir az daha ucuzdur – «Tıq-Tıq və Taq-Taqın Yeni il macəraları», «Yatmış gözəl və cırtdanlar», «Madaqaskar» tamaşalarına 2-15 manatından keçib, bilet almaq olar.

YOLKA NEÇƏYƏDİR?

Deməli, orta azərbaycanlı ailəsinin tamaşa və hədiyyə xərci 50 manata çatır. Amma yolkasız yeni il olar? Simvolik də olsa, yolka qurulmalıdır, axı. Qiymətlər, təbii ki, fərqlidir.

Az qala hər addımbaşı Yeni il aksesuarlarının satıldığı mağazalar gözə dəyir. Belə mağazalardan birinin satıcısı Akif Əliyev alış-verişdən çox da razı görünmür:

«Alver, hələ ki, zəifdir, yaxşı deyil».
«Alver, hələ ki, zəifdir, yaxşı deyil».

«Alver, hələ ki, zəifdir, yaxşı deyil. Camaatda pul yoxdur. Ola bilər hələ çoxu maaşını almayıb, yeni ilə 5-6 gün qalmış gələcəklər. Amma indilik, alver yaxşı getmir».

Akif Əliyev mağazadakı al-əlvan və çeşid-çeşid yolka ağaclarını, bər-bəzəyi, zərli oyuncaqları göstərib qiymətlərdən söz açır:

«Bir yolkanı bəzəməyə 50 manat lazımdır. Bahalısı da var. Amma belə orta bir yolkanı, oyuncaq və işıltılı zərləri almaq olar. Baxın, bu mağazada hər şey var... Pulu olan istədiyi hər şeyi ala bilər».

Onun dükanı şəhərin mərkəzindədir.Bir az kənarlarda qiymətlər, az da olsa, daha ucuzdur. Satıcı Zeynal Yunusov qiymətlərdən danışır:

«Bizdə yolka qiymətləri 7-30 manat arasında dəyişir. 10-20 manata da yolka üçün zər, işıqfor və oyuncaq almaq olar. Yəni, hər cibə uyğun məhsullar var».

Ötən ildən başlanan ənənə bu il də davam edir. Bakının mərkəzində – Fəvvarələr Meydanında «Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi» adlı Yeni il Xeyriyyə Yarmarkası təşkil edilib. Burada müxtəlif oyuncaqlar, əl işləri, rəsm və kitablar almaq olar. Hər yerdə olduğu kimi burada da satıcılar qiymətlərin digər yerlərdən daha ucuz olduğunu deyir, alıcılarsa, əksinə, heç bir qiymət fərqi görmədiklərini.

Foto: Arxiv
Foto: Arxiv

BAYRAM BAZARLIĞINA NƏ QƏDƏR PUL LAZIMDIR?

Bayram bazarlığının neçəyə başa gəldiyini təxmin etmək olar, amma öncə Bakı küçələrindəki yolkalara göz ataq. Bakının ən hündür – 35 metrlik yolkası bu il qurulur. Digər yerlərdə 7-20 metrlik yolkalar ucalacaq. Daha bir yenilik də ilk dəfə «işıq şousu»nun göz oxşamasıdır. Hər il olduğu kimi, dekabrın 31-də Bakı Bulvarı al-əlvan rənglərə bürünəcək, atəşfəşanlıq buraya ayrı yaraşıq verəcək.

Təqaüdçü İkram Hüseynovla Yeni il hədiyyələri satılan dükanlardan birində rastlaşdıq. Deyir ki, bayrama 1-2 həftə qalmış alış-verişə çıxıb ki, nəvələrinə ucuzvarı hədiyə ala bilsin. Amma bir neçə mağazaya baş çəksə də, hələ ki, əliboş dönüb:

«155 manat təqaüdümlə bilmirəm nə edim? Bu pulla mağazaya çıxsam, biraylıq ərzağımı almağa da yetməz. 32 il işləmişəm, indi bu pulla necə Yeni il keçirim? Nə nəvələrimə hədiyə ala bilirəm, nə də bir normal süfrə aça. Mənim kimi minlərlə insan heç bir yeni ili hiss etmir. Kasıbın evini yıxıblar. Cibimizdə pul olmayandan sonra nə bayram, nə yeni il?».

Bakı bazarlarında mal əti 7.50-8 manata, qoyun əti 10 manata, kartof 1 manata, soğan 50 qəpiyə, banan 2 manat 40 qəpiyə, alma 1-1 manat 50 qəpiyə, şəkər tozu 1 manata, bir litrlik bitki yağı 3 manat 40 qəpikdən ta 8 manatadək satılır.

Günü-gündən qiymətlər bahalaşır.
Günü-gündən qiymətlər bahalaşır.

Bakı sakini Mətanət Əliyeva deyir ki, son aylar meyvə-tərəvəz, cürbəcür yağlar – ən çox da ərinmiş və kərəyağı, bir də konfetlər bahalaşıb:

«Mənim aylıq gəlirim 200 manatdır. Bunun, az qala, yarısı qaz, su, işıq və digər kommunal xərclərə gedir. Yerdə qalan pulla da bir təhər keçinirik. Yüngülvarı bayram bazarlığına, azı, 70 manat lazımdır. Onu da xərcləsək, qalan bir ayı necə keçinək? Çox çətindir, günü-gündən qiymətlər də bahalaşır. Bir ay əvvəl kilosunu 2 manat 40 qəpiyə aldığım konfet indi 3 manat olub. Kələm, kök və digər tərəvəzin kilosunda 20-30 qəpiklik artım var. Ən çox da kərə və ərinmiş yağ bahalanıb».

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısını almaq üçün bayramqabağı monitorinqlər keçirir. Kənd Təsərrüfatı Nazirliyi bütün sosial təbəqədən olanların bayram süfrəsi aça bilməsi üçün yeni ilqabağı yarmarkalar təşkil edəcək.

Neftin qiyməti düşəndən bəri bəzi ölkələrdə ucuzlaşma hiss olunur. Özəlliklə ərzaq məhsullarında. Di gəl, paytaxt Bakıdakı qiymətlərdə elə bir dəyişiklik gözə çarpmır. Olsa-olsa, həm satıcılar, həm də alıcılar bayramqabağı qiymət artımından narahatlıqlarını dilə gətirirlər...

XS
SM
MD
LG