Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:41

Bəy kəndi - Qulubəylidə təzəklə isidilən evlər...


İmişli, Qulubəyli kəndi.

İmişli, Qulubəyli kəndi.

-

Araz qırağı kəndlərin hər biri özündə son dərəcə maraqlı tarix yaşadır. Burada vaxtilə oturaq və ya köçəri həyat yaşamış elatların soy-kökünün bir ucu İrana, bir ucu Qarabağa, bir ucu da Turana gedib çıxır. Obalardan, tayfalardan qopmalar, yaşayış məntəqələrinin ləğvi və yenidən yaradılması bir tərəfdən təbii amillərdən (daşqın, quraqlıq, epidmiya və s.), digər tərəfdən zamanın hökmündən irəli gəlib.

İmişli, Qulubəyli kəndi

İmişli, Qulubəyli kəndi

Sovet repressiyası İmişli rayonunda bir kəndin 30 ildən artıq müddətdə xəritədən silinməsinə səbəb olub. Yerli əhalisi sürgün edilən və didərgin salınan Qulubəyli, yalnız 1975-ci ildə kənd statusu qazana, pərən düşmüş eli başına yığa bilib.

Rayon mərkəzindən 22 kilometr uzaqda yerləşən Qulubəylinin əhalisi, on illər boyu ən ucqarlarda yaşayanlardan betər əziyyət çəkib. Sakinlər deyir ki, son 20 ildə «Şamın müsibəti»ni görüblər. Həyat üzlərinə son vaxtlar gülüb- kəndə asfalt örtüklü yol çəkilib, sutəmizləyici qurğu quraşdırılıb, tibb məntəqəsi yenilənib. Amma həllini gözləyən problemlər də çoxdur.

QULU BƏYİN BOŞ QALAN YURDU

Qulubəyli kəndinin yaşlı sakinlərindən olan Məmməd Məmmədov deyir ki, vaxtilə bu yerlər ağa-bəy yurdu olub:

«Sovet hakimiyyəti qurulanadək Qulu bəyin törəmələri və xəlfəlilər yaşayıb bu kənddə. Yarı köçəri həyat tərzi keçiriblər. Bir qədər aralıda- Xəlfəli kəndinin ərazisində isə «korabazlılar» olub. Elatın oturağı da vardı, köçərisi də. İranda da Qulubəyli və Korabazlılar kəndi var. Ona görə də İranda yaşayan qohumlarımız bizə «şurəvi korabazlılar» deyir».

Məmməd Məmmədov

Məmməd Məmmədov

Məmməd Məmmədov bildirir ki, kollektivləşmə dövründə korabazlıların 2 kolxozu olub. Amma nədənsə sovet hökuməti həm bu tayfanı, həm də Qulu bəyin törəmələrini yaşadıqları yerdən didərgin salıb:

«O vaxt Qulubəylini bütünlüklə boşaldıblar. Çox az sayda sakin Otuziki kəndinə köçüb, Voroşilov adına kolxoza üzv olub. 1951-ci ildə həmin kolxoza sədr təyin olunan Rəhman kişi kəndi bərpa edəcəyinə söz verdi və vədinə əməl etdi. 1970-ci ildə mən əhalinin siyahıya alınması işində sayıcı olmuşam. O zaman Qulubəylidə yaşayanların sayı 1600 nəfər olub».

Hazırda Qulubəyli kəndində 387 təsərrüfat subyekti olmaqla ümumilikdə 1825 nəfər adam yaşayır. Amma sakinlər bildirir ki, əksəriyyəti gənc olan yüzlərlə adam Rusiyada, Bakıdadır. Uşaqlı-böyüklü təqribən daha 250 nəfər isə ilin çox hissəsini maldarlıq fermalarında və sahə evlərində keçirir.

İRANDAN BAŞLANAN, NAXÇIVANDAN, QARABAĞDAN KEÇƏN KÖÇ...

Qulubəyli kəndinin təxminən 100 nəfər sakini «qaraseyidlər» hesab olunur. Özündən böyüklərin dedikləri əsasında nəsil şəcərəsini tərtib edən Qalib Nağıyev bildirir ki, ulu babaları İran Culfasının Ələmdar-Zərgər kəndindən (qədim adı «Xərabə dəyirman» olub) kök götürüb və tədricən müxtəlif ərazilərə yayılıblar:

«Babam Kərbəlayı Tağı ibn Addulbağır zəmanəsinin bilikli din xadimi olub. Bizə məlum olmayan səbəbdən XIX əsrin 80-ci illərində Ordubada gəlib. Səyahəti çox sevən Tağı, Azərbaycanın müxtəlif yerlərində olub, Qarabağı qarış-qarış gəzib.

Laçın yaylağında olarkən Tağı Aran ellərindən gedən bir qızla evlənir. Bu izdivacdan 4 oğlu və 1 qızı dünyaya gəlib. Məşədi Qaraseyid həmin övladlardan biridir. O, 1892-ci ildə doğulub və 100 il ömür sürüb. Ötən əsrin 60-cı illərində Qaraseyidin ailəsi və yaxınları Saatlı şəhərindən Qulubəyli kəndinə köç edib və buranı daimi yaşayış yeri seçib».

MİLLİ QƏHRƏMANIN ADINI DAŞIYAN MƏKTƏB...

Ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adını alan İmanverdi Əliyev

Ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adını alan İmanverdi Əliyev

​Ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adını almış mərhum İmanverdi Əliyev bu kənddə doğulub. Hazırda Qulubəyli kənd tam orta məktəbi onun adını daşıyır. Yağıntılı günlərdə gölməçələr yaranan, palçığın dizə çıxdığı həyətdə qəhrəmanın xatirə-tanıtım lövhəsi qoyulub.

Müəllimlər bildirir ki, vaxtilə məktəb binasında yanğın olub. Həmin müddətdə dərslərin keçirilməsi üçün humanitar təşkilat məktəbə bir neçə «fin evi» verib. Əhali kolxozdan onlara qalma maldarlıq fermasından sökdükləri materiallarla məktəb binasını yenidən bərpa edib.

MAL-QARA ÖRÜŞSÜZ QALIB

Oturaq həyat tərzi qulubəyliləri maldarlıqdan ayırmayıb. Şəxsi təsərrüfatlarda iri və xırda buynuzlu heyvanlar, ev quşları saxlanılır. Adamlar həyətyanı və pay torpaqlarında daha çox taxıl və yem bitkiləri yetişdirirlər.

​Vaxtilə kolxozda pambıqçılıq briqadiri işləyən Azər Qasımov deyir ki, kənddə mal-qara saxlamaq çətinləşib:

Azər Qasımov

Azər Qasımov

«Örüş yerləri tutulduğundan ev heyvanlarını bütün günü tövlədə, həyətyanı təsərrüfatda saxlamalı oluruq. İslahatdan sonra doğulan uşaqlara pay torpağı verilmir. Buna görə gənc ailələrin əkin sahəsi o qədər azdır ki, onlara bu işlə məşğul olmaq sərfəli olmur. Kənddə isə başqa məşğuliyyət yoxdur».

Kənddən 6 kilometr kənarda maldarlıq təsərrüfatı yaratmış Mirələm Nağıyev deyir ki, iri təsərrüfat sahibləri birtəhər dolana bilir. Az sahəsi, 3-5 heyvanı olanlar isə havayı yerə başını qatır:

«Təsərrüfatımda 700 baş qoyun, 50 baş inək saxlayıram. Sahəmin ölçüsü az olduğundan məcbur olub otlaq yerini ayrı-ayrı şəxslərdən icarəyə götürmüşəm. Kəndin ətrafında minlərlə hektar dövlət fond torpağı var. Əhalinin vəziyyətini nəzərə alaraq, dövlət onun bir hissəsini örüş yeri kimi kəndimizə ayırsa, camaat heyvanını orada otarar. Nobat təşkil olunar. Daha bu qədər adam 3-5 baş inəyin qarovulçusuna çevrilməz».

«SADƏ FERMERLƏRƏ GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ KREDİT VERİLSƏ...»

Qabaqcıl fermer bildirir ki, dövlət dəstəyi olsa əhalinin həyat səviyyəsi ən azı iki dəfə yüksələ bilər:

«Pay torpağında yonca, pambıq, taxıl bitkisi yetişdiririk. Amma torpağımız münbit olmadığından məhsuldarlıq aşağı səviyyədədir. Kənddə heç bir fermer 1 hektar yerdən 20 sentnerdən artıq taxıl götürə bilmir. Suvarma suyu ilə təminat baxımından Azərbaycanın bəlkə heç bir yerində belə bir şərait yoxdur. Amma adamların imkanı yoxdur ki, meliorasiya işləri aparsın. Dövlət sadə fermerlərə güzəştli şərtlərlə kredit ayırsa, adamlar torpağında planlama işi apara bilər. Onda 1 hektardan 40-50 sentner taxıl məhsulu götürmək olar».

TƏZƏ QURULAN AİLƏLƏRƏ YURD YERİ QALMAYIB

Xaliq Ocaqov

Xaliq Ocaqov

II qrup əlil Xaliq Ocaqov illərdir oğlu Fərasətə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmamasından gileylənir:

«Oğlumu böyüdüb boya-başa çatdırdım, evləndirdim, körpə uşaqları var. Amma 2007-ci ildən bəri ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmır ki, o da öz ailəsinə ev tikə bilsin. Qalmışam məhkəmə qapılarında».

«AYAQQABILARI OLMADIĞINDAN UŞAQLARI MƏKTƏBƏ GÖNDƏRƏ BİLMİRƏM»

İmkansızlıq və yaşayış şəraitlərinin dözülməz olmağı bir ailəni intihar həddinə çatdırıb. Ev sahibi Feyzulla Mirzəyev 1993-cü ildə hərbi xidmətdə olarkən ağciyər xəstəliyinə mübtəla olduğunu, il yarım hərbi hospitalda yatdığını deyir:

«Yararsız hesab olunduğumdan ordudan tərxis olunmuşam. Amma mənə nə «müharibə veteranı» statusu, nə də əlillik qrupu verilib. Bu, az imiş kimi, ailəmizə ünvanlı dövlət sosial yardımı da təyin edilmir. Gücümüz bu tikilini qaraltmağa çatıb, bircə otağını hazırlayıb ora yığışmışıq. İndi özünüz təsəvvür edin, bu rütubətli ev, zəif qidalanma vərəm xəstəsi üçün nə deməkdir?»

Torpaq kərpicdən tikilmiş daxmanı bayırdan yağıntılar didir, içdən siçovul və həşəratlar. Evin döşəməsi qalın karton materiallarından «toxunub». Divarların çat verən yerləri cır-cındırla tutulub.

Kamilə Əsgərova

Kamilə Əsgərova

Feyzullanın həyat yoldaşı Kamilə Əsgərova deyir ki, icra hakimiyyəti orqnlarına qalaq-qalaq məktublar yollayır, amma hələ də haraylarına hay verən olmayıb:

«Ayaqqabıları olmadığından Məhəmməd və Fatiməni məktəbə göndərə bilmirəm. Heç Qurban bayramı günü də uşaqlarımın dilinə ət dəymir».

AVROPA TƏMİRLİ EVLƏR TƏZƏKLƏ QIZDIRILIR

Yavaş-yavaş Qulubəylidəki qamış çəpərləri mişar daşlardan hörülmüş barılar əvəzləyir. Adamlar, özləri demiş, dişi, dırnağı ilə cırmaqlaya-cırmaqlaya yeni evlər tikir, onun fasadlarını bəzəyirlər. Amma hətta Avropa təmirli evlər belə, orta əsrlərdə oduğu kimi, odun və təzəklə qızdırılır...

XS
SM
MD
LG