Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

-

Azərbaycanın əyalətlərində qeydiyyatda olan az saylı müstəqil qeyri hökumət təşkilatlarının fəaliyyətləri gündən - günə zəifləyir. Elə QHT-lər var ki, fəaliyyətini ümumiyyətlə dondurub. Lənkəranda “Hüququ yardım” ictimai birliyi artıq işləmir. Digər rayonlarda da artıq QHT-lərin fəaliyyəti hiss olunmur.

“Cənub QHT-ləri” məlumat kitabının müəllifi, ”Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, əvvəllər də rayonlarda bu sahədə vəziyyət yaxşı deyildi. Onun sözlərinə görə QHT-lərlə bağlı qanunlar sərtləşdikcə vəziyyət daha da pisləşib:

“PAYTAXTDAKI QHT-LƏRİN VƏZİYYƏTİ NORMAL OLAN VAXTINDA...”

Zahir Əmənov

Zahir Əmənov

“Paytaxtdakı QHT-lərın vəziyyəti normal olan vaxtında da əyalətdə vəziyyət ürəkaçan deyildi. Lənkəranı çıxmaq şərti ilə digər yerlərdə QHT-lərın fəaliyyəti aşağı idi. Ucqar yerlərdə- Yardımlıda, Lerikdə müstəqil QHT-lərın adına rast gəlmək mümkün deyildi. Hətta 200 minə yaxın əhalisi olan Masallı rayonunda ,Cəlilabad rayonunda da bu vəziyyət ürəkaçan deyildi. Paytaxtda fəaliyyət göstərən təşkilatlar filialını yaradırdı və yaxud müəyyən tədbirlər keçirdirdilər.”

Baş redaktorun dediyinə görə, son qadağanlardan sonra vəziyyət daha da pisləşib:

“HÖKUMƏT YÖNLÜ TƏŞKİLATLAR GƏLİB İCRA HAKİMİYYƏTİNDƏ GÖRÜŞ KEÇİRİRLƏR”

“Son qadağanlardan sonra onların tədbir keçirtmək imkanları tükənib. Demək olar ki, hər hansı tədbirə təsadüf etmirəm. Hökumət yönlü təşkilatlar gəlib icra hakimiyyətində görüş keçirir. Bu da böyük dairəni əhatə etmir. ”

Zahir Əmənov hesab edir ki, QHT-lərı istənilən vaxtı canlandırmaq olar. Bunun üçün sadəcə qanunlarda olan sərtlik yumşalmalıdır. Onun sözlərinə görə, hökumət qadağaların əvəzinə güclü nəzarət tətbiq etsə daha məqsədəuyğun olardı. O deyir ki, QHT-lərsiz demokratik və ədalətli cəmiyyət qurmaq çətindir. Onun sözlərinə görə maarifləndirmə istiqamətində iş görən QHT-lərə daha böyük ehtiyac var. Hökumət bu işlərin öhdəsindən təkbaşına gələ bilməz.

“Paytaxtdakı Qeyri Hökumət Təşkilatları oturuşmuşdu. Onların fəaliyyətləri üçün şərait yaradılsa, işığı yerlərə də düşər. Rayon yerində yenidən fəaliyyət göstərmək çətindir, çox dumanlıdır bunlar.”

Zahir Əmənov qeyd edir ki, yerlərdə qeydiyyatdan keçən, hökumətdən dəstək alan QHT-lər fəaliyyət göstərirlər. Onlar da azlıq təşkil edirlər:

“SON VAXTLAR ONLARIN FƏALİYYƏTINƏ AİD İNFORMASİYAYA RAST GƏLMƏMİŞƏM”

“Masallıda “Tərəqqi” adlı QHT qeydiyyatdan keçib. Dövlət Şurasından yardım da alır. Fəaliyyət göstərir, tədbirlər keçirir. Bu işartı var.

Lənkəranda QHT-lər var idi, gənclərlə işləyirdi. İlqar Qasımovun “Hüququ yardım” təşkilatı var idi, silsilə tədbirlər keçirdirdi. Sonra Afiq Məlikovun təşkilatı var idi. Son vaxtlar onların fəaliyyətinə aid informasiyaya rast gəlməmişəm. ”

Masallıda fəaliyyət göstərən “Regional İnkişafı və İnsan hüquqları” təşkilatın rəhbəri Ələsgər Həsənli də deyir ki, rayonlarda QHT-lərın həmişə problemlər olub. Onun sözlərinə görə, hökumət beynəlxalq təşkilatlarla əlaqəsi olan qurumlara təhlükə mənbəyi kimi baxır. Bu təşkilatların qeydiyyatına da əngəllər yaradılırdı. O deyir ki, təşkilatını qeydiyyata indiyə kimi götürməyiblər. Artıq Avropa İnsan Haqları məhkəməsinə üz tutublar. Avropa məhkəməsinin qərarını gözləyirlər:

“HƏR DƏFƏ BİR BƏHANƏ...”

“Onu 99-cu ildə yaratmışdım. Hər dəfə bir bəhanə. Nə bilim atamın adında "ə" hərfi olmadı. Hər dəfə belə qeydə almadılar. Apellyasıya məhkəməsi, sonra Ali Məhkəmə, Avropa məhkəməsinə müraciət etmişik. İndiyə qədər cavab yoxdur. ”

Ələsgər Həsənlinin sözlərinə görə, indi fəaliyyət göstərmək çox çətin olub. Maliyyənin qarşısını alırlar:

“HÖKUMƏTİN QEYRİ HÖKUMƏT TƏŞKİLATLARI VAR,...”

“İndi maliyyə mümkün deyil. Hökumətin Qeyri Hökumət Təşkilatları var, onlar fəaliyyət göstərirlər. Müstəqil QHT-lərın yerlərdə fəaliyyəti mümkünsüz olub.”

Ələsgər Həsənli

Ələsgər Həsənli

Ələsgər Həsənli deyir ki, indi QHT-lər iki qrupa bölünüb. Hökumət yönlü bir də müstəqil. Onun fikrincə artıq QHT-lər yerlərdə elə də rol oynamırlar ki, icra orqanları onlara mane olsunlar. Ələsgər Həsənlinin sözlərinə görə vətəndaşlara şəxsi zəmində həmişə köməklik göstərir.

Zahir Əmənovun 2007-ci ildə çap olunmuş “Cənub QHT-ləri” məlumat kitabında Lənkəranda 27 Qeyri Hökumət Təşkilatının olduğu bildirilir. Bunun 4-ü rəsmi sürətdə qeydə alınmış təşkilatdır. Sovet dövründən qalma şöbələr də var. Qeydə alınmamış onlarla QHT- lər öz fəaliyyətlərini dayandırblar. Təkcə “İnsan hüquqları üzrə Resurs Mərkəzi”ndə 50-yə yaxın irili-xırdalı QHT-lər fəaliyyət göstərirdi.

Hazırda Resurs mərkəzi də demək olar ki, fəaliyyət göstərmir. Kitabda göstərilir ki, Masallıda 15, Cəlilabadda 29, Astarada 19, Lerikdə 10 Qeyri Hökumət təşkilatı olub.

Ancaq icra hakimiyyətləri onların QHT-lərə ayrı-seçkilik qoymaları ilə bağlı deyilən fikirlərlə razılaşmırlar.

XS
SM
MD
LG