Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:00

Təxminən 2 milyon seçici qeybə çəkilib...


Bakıda bələdiyyə seçkiləri - 23 dekabr 2009

Bakıda bələdiyyə seçkiləri - 23 dekabr 2009

-

Heç seçici siyahısında adini yoxladın?

Bələdiyyə seçkilərinə sayılı günlər qaldığından yerinə düşən sualdır bu. Amma nə edəsən ki, səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının yarıdan çoxu bu sualı eşidincə əlini yelləyib «mənasız işlərdir» deyir...

Amma üzgüldürən nüans da var. Yenicə açıqlanan bir araşdırma, bilirsiniz, nəyi üzə çıxarıb? – üzə çıxarıb ki, sorğulanan insanların əksəriyyəti, «Seçici siyahısında qeydiyyatda olub-olmadığınızı bilirsinizmi?» sualına «bilirəm ki, qeydiyyatdayam» cavabını verib.

Araşdırmanı bu gün, dekabrın 18-də Demokratik Təşəbbüslər İnstitutu açıqlayıb. Adı belədir: «Seçici qeydiyyatının auditi».

İnstitutun rəhbəri Akif Qurbanov vurğulayıb ki, Mərkəzi Seçki Komissiyası ölkədə seçici sayını 5 milyon göstərsə də, Dövlət Statistika Komitəsi öz saytında başqa məlumat göstərib. Həmin məlumata görə, bu il yanvarın 1-dək yaşı 18-dən yuxarı ölkə vətəndaşlarının sayı azı 6 milyon 800 min nəfərdir – yuvarlaşdırsaq, 7 milyona yaxın:

«Nəticədə məlum olur ki, yekun seçici siyahısında seçici sayı Dövlət Statistika Komitəsinin məlumatında seçki hüququna malik şəxslərin sayından 1 milyon 800 min nəfər azdır».

Araşdırma qrupu elə bunu əsas götürərək işə başlayıb:

- 125 seçki dairəsindən 15-in ərazisində təsadüfi yolla seçilmiş respondentlər arasında sorğu keçirilib.
- Monitorinq qrupu 1255 ünvana baş çəkib.
- Respondentlərin 55 faizi kişi, 45-i faizi qadındır.
- Yaşı 55-i aşanlar daha çoxdur – 27 faiz.
- Ən az faiz 18-25 yaşlıların payına düşür – 10 faiz.
- Respondentlərin yarıdan çoxu şəhərdə yaşayanlardır.

Akif Qurbanov

Akif Qurbanov

«ƏHALİDƏN-SİYAHIYA», «SİYAHIDAN-ƏHALİYƏ»

Akif Qurbanov araşdırmanın 2 yöndə aparıldığını bildirib: «Əhalidən-Siyahıya», «Siyahıdan-Əhaliyə». Onun dediyinə görə, «Əhalidən-Siyahıya» prinsipinə əsaslanan sorğuda işçi qrup bunlarla üzləşib:

«Ünvanlar təsadüfi yolla seçilib. Məlum olub ki, bu ünvanlar üzrə 564 seçicidən cəmi 81 faizinin müvafiq göstəriciləri seçici siyahısında var, qalanlarının məlumatları siyahıda olmayıb. Yəni sorğuda iştirak edən vətəndaşların 19 faizi seçici siyahısından kənarda qalıb. Bu o deməkdir ki, seçkiyaşlı 6.8 milyon əhalinin 1.3 milyonu seçici siyahısından kənar qalır».

İkinci yolla araşdırma da («Siyahıdan-Əhaliyə» prinsipi) maraqlı faktları üzə çıxarıb. Sorğu 573 seçici arasında keçirilib – seçici siyahısından ünvanlar götürülüb və yoxlanıb. Seçilmiş respondentlərdən 73 nəfəri göstərilən ünvanda tapılmayıb. Araşdırma 500 nəfər seçicinin öz həqiqi ünvanında yaşadığını müəyyənləşdirib.

«Seçici qeydiyyatının auditi» üzə çıxarıb ki, vətəndaşların azı yarıya qədəri adının seçici siyahısında olub-olmadığını MSK-dan öyrənir. Bunu internet üzərindən öyrənənlər 8 faizdir.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

«SOVETDƏNQALMA STEREOTİPLƏRƏ SON QOYMAQ...»

Media eksperti Ələsgər Məmmədli bir müqayisəyə diqqət çəkir:

«Sorğuları izləyərkən başqa bir statistikanı xatırladım. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilirdi ki, ölkədə 70% internet istifadəçisi var. Araşdırmada internetdən istifadənin 8.1% olduğu məlum olur. Və bu rəqəmlər arasında ciddi bir disbalans olduğu görünür».

Sorğu təsadüfi seçilmiş 1064 nəfər arasında keçirilib. 73 nəfər seçki günü seçki bülletenindən necə yararlanacağını bilməyib.

Akif Qurbanov araşdırmanın bir məqamı da üzə çıxardığını – seçkilərlə bağlı ciddi işlər görmək lazım olduğunu aşkarladığını düşünür:

«Biz sovetdənqalma stereotiplərə son qoymalıyıq. Bələdiyyə seçki komissiyası, Dövlət Statistika Komitəsi, Mərkəzi Seçki Komissiyası bu yöndə işlər görməlidir.

Əli Əliyev

Əli Əliyev

Artıq dünyanın hər yerində vahid baza yaradılır. Sistem yaradıldıqdan sonra aidiyyəti dövlət strukturlarının ora girmək imkanı olur. Bu prosesdə hətta şəxsiyyət və sürücülük vəsiqəsi və s. alan vətəndaşları asanlıqla qeydiyyata götürmək mümkündür».

SEÇİCİ KARTI

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev seçki prosesində ciddi problemlər olduğunu bildirir:

«Bu araşdırma bir daha göstərir ki, hakimiyyət cəmiyyətin passivləşməsi, siyasi proseslərə maraqlarının azaldılması baxımından çox böyük işlər görür. Sanki hakimiyyət çalışır ki, Azərbaycanın orta statistik seçicisi siyasi proseslərdə öz müqəddəratını görməsin. Mənə elə gəlir ki, sorğuların nəticəsinin başqa faydalı cəhəti odur ki, gələcək potensial namizədlər seçici fikirlərindəki boşluqlar haqqında məlumatlanacaq və seçki təbliğatı zamanı araşdırmadakı məlumatlar vasitəsilə müvafiq işlər görəcəklər».

REAL Hərəkatının icra katibi Natiq Cəfərli seçici kartı yaradılmasının əhəmiyyətindən danışıb:

Natiq Cəfərli

Natiq Cəfərli

«Hökumət orqanlarına təklif edək ki, qorxmasınlar, elektron formalara keçməyə bir addım atsınlar. Seçici bazası anlayışından başqa, seçici kartı anlayışı gətirmək lazımdır. Seçici kartı digər vəsiqələr kimi olur (sürücülük vəsiqəsi, sığorta kartı və s.). Belə olan halda qeydiyyat harada olsa da, bütün proseslər avtomatik qaydada həyata keçirilir. Nəzərə alaq ki, 21-ci əsrdir və gələcəkdə bunu gözdən qaçırmamalıyıq».

Seçki eksperti Hafiz Həsənov «Seçici qeydiyyatının auditi» araşdırmasının incəliklərinə diqqət çəkib:

«Belə anladım ki, seçici siyahısının təxminən 31 faizidəqiq deyil. Seçkilərin monitorinqini aparmaq problemləri var. Bu araşdırma o baxımdan faydalıdır. Seçicilərin 31 faizi siyahıda yoxdursa, rayonlarda seçici fəallığı necə 90 faiz ola bilər? Bildiyim qədəri ilə, MSK-nın seçici sayını hesablama mexanizmi yoxdur. Hesablama yalnız «Jek»lərdən siyahıların alınmasına əsaslanır. Düşünürəm ki, sovet sistemi tamam dəyişməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG