Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:54

“Ədalətsizliklə barışmaq çox çətindir, həm həyatda, həm idmanda, həm də siyasətdə”


Qarabağ-İnter oyunu. 2014-cü il

Qarabağ-İnter oyunu. 2014-cü il

-

““İnter” komandası ilə keçirilən oyun həlledici idi. Bu oyunda çox gözəl mübarizə aparmısınız. Qələbəyə layiq idiniz və qələbəni əldə etmisiz. Bütün dünyanın gözü qarşısında təmiz qol vurmusuz. Ancaq hakim briqadasının qeyri-peşəkarlığı, ya da ki, qərəzli münasibəti ucbatından o qol sayılmadı və beləliklə, qarşınıza bir sədd qoyuldu. Bu, böyük ədalətsizlikdir. Ədalətsizliklə barışmaq çox çətindir, həm həyatda, həm idmanda, həm də siyasətdə”.

Ölkə Başçısı İlham Əliyev “Qarabağ” futbol klubunun üzvləri ilə görüşdə belə deyib. AzərTAc dekabrın 17-də keçirilmiş görüşün stenoqramını yayıb.

Görüşdə ölkə başçısı bildirib ki:

“Əfsuslar olsun ki, ədalətsizlik hələ ki özünü müxtəlif sahələrdə büruzə verir, o cümlədən siyasi aləmdə. Biz - gənc, müstəqil Azərbaycan dövləti də bəzi hallarda ədalətsizliklə, ikili standartlarla, ayrı-seçkiliklə üzləşirik. Bizim uğurlu inkişafımızı həzm etməyən, uğurlarımıza kölgə salmaq istəyən bəzi xarici dairələr var ki, Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq üçün ardıcıl şəkildə səy göstərirlər. Ancaq bu səylərin heç bir nəticəsi yoxdur. Çünki Azərbaycan öz yolu, müstəqillik, azadlıq, inkişaf yolu ilə gedir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ancaq belə cəhdlər var. İkili standartlar göz qabağındadır. Əfsuslar olsun ki, indi ikili standartlar dünya siyasətinin standartlarına çevrilib. Biz isə öz yolumuzla gedirik. Amma bizim üstünlüyümüz ondan ibarətdir ki, başqa ölkələrlə, yaxud da ki, beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyən heç bir hakim briqadası yoxdur. Biz bu mübarizədə öz sözümüzü deyirik və əksər hallarda qələbə bizimlə olur”.

“RUSİYADAN BAKIYA QAYIDANLARIN SAYI GÜNBƏGÜN ARTIR”

“Yeni Müsavat” qəzeti yazır ki, Rusiyada baş verənlərin Azərbaycana siyasi-iqtisadi təsiri əlbəttə ki, nəzərəçarpacaq dərəcədə hiss olunacaq.

“Parlamentin son iclasında deputat Fərəc Quliyev Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtma prosesinin başladığını bildirib. Deputat xeyli işsiz kütlənin Azərbaycanda çətinlik yaratmaması üçün təcili tədbirlər görməyə çağırıb:

“Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır. Rusiyadan qayıdan azərbaycanlıların az-çox pulu var. Onlara dövlətin dəstək çıxması və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir fond yaratmaq mümkündür”.

Qəzet yazır ki, son həftələr Rusiyaya gedən üç qatar marşrutu ləğv olunub, eyni proses təyyarə ilə uçuşlarda da başlayıb. Bakı Hava Limanındakı mənbə “Yeni Müsavat”a təsdiq edib ki, Rusiyaya uçuşlar artıq rentabelli sayılmır:

“Getmək istəyənlər əhəmiyyətli dərəcədə azalıb. Əvəzində isə Rusiyadan Bakıya uçmaq istəyənlərin sayı günbəgün artır. Tələbatın artdığını görən AZAL rəhbərliyi qiymətləri bahalaşdırmağa qərar verib” deyə, mənbə bildirib.

“BU, ÇOX BÖYÜK BİR MƏSƏLƏDİR”

“Bizim Yol” KİV haqqında qanuna dəyişiklikləri ekspertlərlə müzakirə edib. Dəyişiklik xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsini nəzərdə tutur. Digər bir dəyişiklik isə kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydasının dəyişdirilməsidir. KİV il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Qəzetə müsahibəsində media eksperti Arif Əliyev deyir ki, haqqında iki məhkəmə qərarı olan qəzetlərin bağlanması ilə bağlı məhkəməyə müraciət edilməsi əslində məhdudlaşdırılmadır. “Fikrimcə, yenidən bu qaydaların sərtləşdirilməsi psixoloji təsirə hesablanıb".

O ki qaldı xaricdən maliyyələşən KİV-lərin fəaliyyətinin məhdudlaşdırılmasına, Arif Əliyevə görə, bu çox böyük bir məsələdir. Dəfələrlə müzakirə olunub:

"Sadəcə, bu qanuna çox yayğın bir şəkildə salınıb. Çünki xaricdən maliyyələşmə deyəndə nəyin nəzərdə tutulduğu aydın deyil. Bu mürəkkəb məsələdir”.

“NEFTİN UCUZLAŞMASININ METROPOLİTENƏ TƏSİRİ”

“Böhran metronu vurdu”“Azadlıq qəzeti” belə yazır.

Qəzetin məlumatına görə, Neft uculaşması Bakı Metropolitenində yeni stansiyaların tikintisinin dayandırılmasına səbəb olub.

“Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, metropolitenin tikinti işləri dayandırıb.

İdarənin 1500 işçisindən 900 nəfəri öz hesabına məzuniyyətə göndərilib. 600 nəfər isə sadəcə görüntü üçün saxlanılıb. İddialara görə, metropolitendə ixtisarlar da nəzərdən keçirilir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG