Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:36

-

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Naxçıvan təşkilatının fəalı Zeynal Bağırzadə əvvəlcədən planlaşdırılmış təxribatla üzləşdiyini deyir. Bundan əvvəl də təzyiqlərlə üzləşdiyini qeyd edən Zeynal Bağırzadə bu dəfə yol polislərinin hədəfinə tuş gəldiyini bildirir:

«MƏNƏ ƏL-QOL ATMAĞA BAŞLADI»

«Dekabrın 17-də Naxçıvan şəhərində yolun qırağında avtomobilimi saxlamışdım. Özüm də avtomobilin içərisində idim. Yol polisi əməkdaşı yaxınlaşdı və sənədləri istədi, təqdim etdim. Sonra məndən avtomobildən enməyi tələb etdi. Bildirdim ki, bütün sənədlərim yerindədir və onun məni avtomobildən düşürməyə haqqı yoxdur. Buna baxmayaraq, mənə əl-qol atmağa başladı. Zorla dartıb avtomobildən düşürməyə çalışırdı. Elə güclə dartırdı ki, gödəkçəmin düymələri qopdu».

Zeynal Bağırzadə AXCP yerli təşkilatının sədri Yaşar Bağırsoyun qardaşıdır. Zeynal Bağırzadə deyir ki, Naxçıvanda cəbhəçi Hicran Qasımov həbs olunandan sonra qardaşı ona ehtiyatlı olmağı tapşırıb:

«İNDİ EHTİYAT EDİRƏM KI,..»

«Polis məni dartanda dərhal Yaşarın sözü yadıma düşdü. O deyirdi ki, Hicran Qasımovun məsələsini geniş şəkildə ictimailəşdirdiyimiz üçün, bizə qarşı provokasiya edə bilərlər. Ona görə də polisə tabe oldum və avtomobildən düşdüm. Polisin provokasiyası baş tutmadı. Buna baxmayaraq, heç bir protokol tərtib etmədən, sənədləri götürüb getdi. İndi ehtiyat edirəm ki, mənə qarşı digər plan quralar. Bu birinci dəfə deyil. Bu cür təzyiqlərlə bizi yolumuzdan döndərə bilməyəcəklər».

Naxçıvan Muxtar Respublika Dövlət Yol Polisi İdarəsindən isə Zeynal Bağırzadəyə təzyiq olunması ilə bağlı deyilənləri təkzib edirlər:

«SÜRÜCÜLƏRLƏ QANUNA UYĞUN DAVRANIRIQ»

«Biz yol polisiyik. Kimliyindən asılı olmayaraq qaydanı pozan sürücülərlə qanuna uyğun olaraq davranırıq».

Zeynal Bağırzadə 2012-ci ildə həbs olunmuşdu. Məhkəmə onu saxta sənəd düzəltmə ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum etmişdi. Bir neçə ay sonra apellyasiya məhkəməsi onun cəzasını şərti cəza ilə əvəzləmişdi. O vaxt AXCP bəyanat yayaraq, bu həbsin siyasi sifarişli olduğunu bildirmişdi.

XS
SM
MD
LG