Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

2014-cü ilin ən yaddaqalan ədəbi hadisələri [Sorğu]


-

"Kundera qala-qala "Nobel"in Modianoya verilməsi məni xeyli təəssüfləndirdi"

"Bu il Tərcümə Mərkəzinin yaradılması kimi ciddi hadisə baş verib".

"Yenə də köhnə hamam, köhnə tasdır, yenə də özümüz yazıb özümüz oxuyuruq".

"Ürək ağrıdan “ədəbi hadisə” isə odur ki, bu il sonuncu mogikan olan yazarlarımız belə girov götürüldü".

"Bütün ziddiyyətləri, mübahisələri ilə ədəbi mühit mənim üçün çox canlıdır".

"Bu qədər siyasi həbslərə rəğmən yazarların susqunluğu ədəbsiz hadisə adlandırılmalıdır".

Tənqidçi və yazarlar başa çatmaqda olan ildə öz yaradıcılıqları və ümumilikdə Azərbaycan ədəbiyyatında hansı yaddaqalan hadisələrin baş verdiyindən danışırlar.

Əkrəm Əylisli

Əkrəm Əylisli
Əkrəm Əylisli

Ədəbiyyatda bir il kiçik ölçüdür. Ədəbiyyat illərlə inkişaf edib ərsəyə gəlir. Bu il yenə də hərəkəti gənc nəsildə görmüşəm. Yaşlı nəsildə ədəbiyyatın böyük perspektivinə hesablanmış ciddi bir hərəkət görməmişəm.

Bu il mənim özümçün xeyli uğurlu keçib. Əsərlərim başqa ölkələrdə çap olunub. Məsəlçün, Sankt-Peterburqda sovet dövründə yazıb-yaradan yazıçıların əsərlərindən ibarət seriyadan birinci kitab kimi mənim kitabın çıxdı. Bundan əlavə Almaniya, Finlandiya, İtaliya, Latviya nəşriyyatları ilə kitablarımın çapı ilə bağlı müqavilələrim var.

Bu il “Dağlar deyir ki, soyuqdur” povestimi yazmışam, bu əsər barədə bir-iki nəfər istisna olmaqla cəsarət edib ciddi bir fikir bildirən olmayıb. Povesti ruscaya çevirmişəm və düşünürəm ki, rusca çıxandan sonra onun ədəbiyyatda bir taleyi olacaq.

Cavanşir Yusifli

Cavanşir Yusifli
Cavanşir Yusifli

Şübhəsiz ki, 2014-cü ildə ədəbi mühitdə bir çox hadisələr baş verdi, biz onları həm “Oxu Zalı”nda, həm də digər ədəbi portallarda müzakirə etdik. Mübariz Cəfərlinin 3 əsəri - “Bərpaçı”, “Bənna”, “Bağban” ortaya çıxdı, Şəriyar Del Geraninin, Həmid Herisçinin romanları çıxdı.

Ümumiyyətlə, ədəbi mühitdə rəngarənglik oldu, ancaq ədəbiyyatda keyfiyyət göstəriciləri sanki normal həddən bir qədər aşağıdır, bu da şübhəsiz ki, potensialımızın hələlik üzə çıxmamasından irəli gəlir. Ümumiyyətlə isə düşünürəm ki, mövcud olan ədəbi portallar, dərgilər ədəbiyyatı tam gücü ilə irəliyə aparır, bütün ziddiyyətləri, mübahisələri ilə ədəbi mühit mənim üçün çox canlıdır.

Zümrüd Yağmur

Zümrüd Yağmur
Zümrüd Yağmur

Şəxsi baxımdan desəm, mənim üçün bu il elə də uğursuz olmadı, 2014-cü ildə Ukraynada, Türkiyədə və İranda kitablarım yayınlandı, həmçinin Bakıda “Yağış Qadın” adlı romanım çıxdı. Azərbaycan ədəbiyyatına baxanda isə burda elə böyük dəyişikliklər görə bilmirik.

Açıqcası, ümumilikdə Azərbaycan ədəbiyyatında bu il hansısa müsbət hadisə yadımda qalmayıb. Ürək ağrıdan “ədəbi hadisə” isə odur ki, bu il sonuncu mogikan olan yazarlarımız belə girov götürüldü. İndiyədək özünü qoruya bilmiş, ləyaqətli, istedadlı həmkarlarımın bir çoxu hökümətyönümlü saytlarda işləməyə razılaşdı. Mən onları qınamaq belə istəmirəm, başa düşürəm indi öz səsini qorumaq çox çətindir.

Aslan Quliyev

Aslan Quliyev
Aslan Quliyev

Mənim özüm üçün ən əlamətdar hadisə uzun müddətdir üzərində işlədiyim “Ağrı” romanımı bitirib çapa vermək oldu.

Milan Kunderanın iki kitabını - “Varlığın dözülməz yüngüllüyü”nü və “Ölümsüzlüyü” dilimizə çevirdim.

Belə bir yazarın kölgədə qalıb, Modianoya Nobel mükafatı verilməsi məni xeyli təəssüfləndirdi. Azərbaycan ədəbiyyatına gəlincə, mənim yadımda bu il baş verən heç bir ciddi hadisə qalmayıb.

Cəlil Cavanşir

Cəlil Cavanşir
Cəlil Cavanşir

Yaradıcılıq baxımdan şəxsən mənimçün bu il pis keçməyib, “Qadın corabları” adlı bir kitabım çıxıb, satışı da reklamı da məni həqiqətən sevindirdi. Bir-iki yaxşı şeir yaza bilmişəm, ümumi götürəndə Azərbaycan ədəbi mühitində yenə də köhnə hamam, köhnə tasdır, yenə də özümüz yazıb özümüz oxuyuruq. Bu il Nobel mükafatçısı Modianonun iki romanını oxudum, heç bir zövq almadım, Milan Kunderanın üç romanını oxudum, “Ölümsüzlük” romanından isə həqiqətən böyük zövq aldım.

Bu il Tərcümə Mərkəzi yarandı, bu, əslində Azərbaycan ədəbiyyatında ciddi bir dəyişiklik yaratmalıydı, amma heç bir dəyişiklik olmadı, Bilik Fondu yarandı, gözləyirdik ədəbiyyata bir faydası toxunacaq, amma gözlə görünən bir dəyişiklik hələ ki yoxdur. Ədəbi saytlar irəli getmək əvəzinə yenə də geri getdi. Azadlıq Radiosunun, Hədəf Nəşrlərinin ədəbi müsabiqələri keçirildi, amma bunların da ədəbi mühitə elə bir təsiri olmadı. Bu il daha böyük şeylər gözləyirdik, amma 2013-cü ildən elə fərqlənmədi.

Azad Qaradərəli

Azad Qaradərəli
Azad Qaradərəli

Bu il mənim 60 yaşım tamam olub, bu münasibətlə bəzi tədbirlər keçirilib,“Şəhərcik” romanım çap olunub və oxucular tərəfindən yaxşı qarşılanıb. Elə bu günlərdə “Müharibə uşaqları” kitabım çap olundu. Bu gün-sabah yeni bir kitabım - “Renessans həsrəti” çıxacaq.

Sözün düzü, bu il ədəbi mühitimizdə gəncliyin fəallığı marağıma səbəb olub, bu il Esmira Məhiqızını, Elnaz Eyvazlını kəşf etmişəm.

Bir həqiqəti deməliyəm ki, 60 illik ömrümün ədəbiyyata sərf etdiyim 40 ilini renessans həsrəti yaşadım, ancaq çox təəssüf ki, o renessansın küləyini belə hiss edə bilmədim. Təəssüf ki, ölkədə hələ də kitaba, qəzetə, ədəbiyyata münasibət heç də ürəkaçan deyil.

Günel Mövlud

Günel Mövlud
Günel Mövlud

Bu il siz deyən ciddi ədəbi hadisə olduğunu düşünmürəm.

Əkrəm Əylislinin Nobel mükafatına namizəd göstərilməsi və Seymur Baycanın il ərzində göstərdiyi məhsuldarlığı müsbət ədəbi hadisələr saymaq olar.

Yerli ədəbiyyatdan oxuyub təsirləndiyim heç nə olmadı. İl uzunu ən çox diqqətimi çəkən yazı isə Nərmin Kamalın “Rafiq Tağı və neft” məqaləsi oldu.

Alpay Azər

Alpay Azər
Alpay Azər

Bu il mənimçün ədəbiyyatda yadda qalan hadisələrdən biri kulis.az-ın yüzilin 5 ən məşhur romanı və şeiri ilə bağlı yazarlar arasında keçirilən sorğusu oldu. Əsasən Qərbdə keçirilən bu cür sorğuların ilk dəfə olaraq Azərbaycanda keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bütün müsbət və mənfi keyfiyyətləri ilə yanaşı Azərbaycan ədəbiyyatında 2010-cu illər nəslinin, yaxud 2010-cuların öz fəallığını davam etdirməsi bütövlükdə pozitiv sayıla bilər.

Ədəbi saytlarda gedən maraqlı müzakirələr, Tərcümə Mərkəzinin dövlət tərəfindən birbaşa maliyyələşdirilməsi də müsbət hal sayılmaldır.

2014-cü il mənimçün də uğurlu keçdi, bu il keçirilən M.Kaşğarlı müsabiqəsinin milli mərhələsində (Azərbaycan üzrə) 1-ci yeri tutdum, ümumtürk mərhələsində 3-cü yeri. Deyəsən, hədsiz optimist səsləndi fikirlərim. Arzum isə 2015 və sonrakı illərdə yeni ədəbi nəslin obyektiv qiymətini verən məqalələr oxumaqdır.

Bəxtiyar Hidayət

Bəxtiyar Hidayət
Bəxtiyar Hidayət

Ümumiyyətlə mən hansı ilin ədəbi cəhətdən uğurlu olduğunu məhz hansı ildə qılıncını ortaya qoyan əsl tənqidçinin yetişməsi ilə ölçərdim. O tənqidçi və yaxud tənqidçilər isə yetişməyib və ümid də yoxdu. Buna görə də bu “hasansoxdu dəyirmanı”nda uğurdan danışmağa dəyməz.

Hansı uğurdan danışasan ki, 21-ci əsrdə hələ də çap problemi yaşayırıq. Çap etdirdiyin yazıya da baxış yoxdur. Nəysə mən Azərbaycan mətbuatından iyrənmişəm- özü də bu 2014-cü ildə olub. Və bir də bu il ədəbi hadisə olmadı- bu qədər siyasi həbslərə rəğmən yazarların susqunluğu isə ədəbsiz hadisə adlandırılmalıdır.

Öz yaradıcılığım üçün 2014-cü ili uğurlu sayıram. Xüsusən də hələ dərc olunmayan "Tülküləri müdafiə komitəsi" adlı povetimə görə. "Üçüncü ölkədən məktub" adlı hekayələr və povestlər kitabım da bu il hazırlandı - amma o da öz nəşrini gözləyir. Eyni zamanda FB-da xeyli yeni şeirimi paylaşmışam.

Şərif Ağayar

Şərif Ağayar
Şərif Ağayar

Mənə görə, Tərcümə Mərkəzinin yaranması və kulis.az saytının keçirdiyi əsrin Azərbaycan şairi haqda sorğu əsl ədəbi hadisələr idi.

Sorğuda iki ən talesiz şairin, Əli Kərim və Mikayıl Müşfiqin ən çox seçilməsi məni ürəkdən sevindirdi.

Həmçinin Azadlıq Radiosunun keçirdiyi “Ədəbi Azadlıq” müsabiqəsi də ədəbi mühitə öz təsirini göstərdi.

Bu günlərdə oxuduğum Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanını 2014-cü ildə ədəbiyyatımızda ortaya çıxmış ən gözəl roman hesab edirəm.

Rasim Qaraca

Rasim Qaraca
Rasim Qaraca

2014-cü ildə Azərbaycan ədəbi prosesinin yüksələn dinamikası məni sevindirir. Ədəbi mühitin canlanmasında Azadlıq Radiosunun Oxu Zalının, Kulis.az və Publika.az saytlarının fəaliyyətini qiymətləndirmək lazımdır.

Bu il Tərcümə Mərkəzinin yaradılması kimi ciddi hadisə baş verib. Təəssüf ki, ədəbi mühitdə ayrı-seçkilik əhval-ruhiyyəsi 2014-c ildə öz sabitliyini qoruyub saxlayıb. Hakimiyyət yazarları adlanan bir zümrə kor-koranə dəstəklənməkdə davam edilir, əsl istedadlar hələ də dışlanmaqdadırlar.

BƏS SİZCƏ, YADDAN ÇIXAN HADİSƏLƏR HANSIDIR?
XS
SM
MD
LG