Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

-

Dekabrın 17-də tanınmış mətbuat araşdırıcısı Şirməmməd Hüseynovun 90 yaşı tamam olur. AzadlıqRadiosunun «İz» proqramı yubiley ərəfəsində Şirməmməd müəllimə telefon açaraq qocaman professorun kefini soruşub:

- Xoş gördük, daha doğrusu, xoş eşitdik, Şirməmməd müəllim!

– Xoş gününüz olsun.

– Böyük yubileyiniz mübarək olsun!

– Çox sağ olun.

– Xatırlayırsınızsa, 5 il öncə– 85 yaşınızda da Sizdən AzadlıqRadiosuna geniş müsahibə almışdım...

– Hə, xatırladım...

– İnşallah, beşilliklər bir-birini əvəz edər... Öncə ən önəmli sual: Özünüzü necə və neçə yaşda hiss edirsiniz?

– Vallah, mənim heç zaddan narazılığım yoxdur. Nə səhhətimdən, nə yaşayışımdan... (Gülüşmə). 90 il necə keçib, heç xəbərim olmayıb. Mən XX əsrin adamıyam. Hadisələr o qədər sürətlə cərəyan edib və mən də bu hadisələri o qədər izləyən adam olmuşam ki, özüm haqqında fikirləşməyə imkanım olmayıb.

– Şirməmməd müəllim, bu 90 ili, tutalım, 4 dövrə bölsək – Stalin dönəminə+ Brejnev dönəminə+Qorbaçov dönəminə+ Müstəqillik dönəminə – hər dövrü yaşayan Şirməmməd Hüseynovu necə xarakterizə edərdiniz?

– Cümhuriyyət dövründə bizə Azərbaycan adında dövlət yaradanlar cəmi 23 ay müstəqillik dövrü yaşayıblar. Mən də 23 ildir müstəqillik dövründə yaşayıram. 90 ilin 67 ilini sovet dönəmində yaşamışam. Gərək bu 23 ili 30 ilə çatdıram ki, ondan sonra müstəqilliyi yaşadım!.. – deyəm.

– Demək, müstəqillik dövründə yaşamağın vaxtını uzatmaq istəyirsiniz...

– Əlbəttə! Müstəqillik dövründə daha çox yaşamaq istəyirəm. Təsəvvür elə, 67 il sovet dönəmində cəmi 7 kitabım çıxıb. Amma bu 23 ildə 15-16 kitab nəşr etdirmişəm. Yəni əsas fəaliyyət dövrüm də son 23 ildə olub.

– 90 ildən geriyə boylanarkən, hər zaman xatırladığınız, görməkistədiyiniz biri və ya biriləri kimlərdir, sirr deyilsə?

- Sevda, qızım, belə bir misal var. Deyirlər, diriləri yaşadan ölülərdir. Mən bizə müstəqil dövlət yaratmış adamları tədqiq etməklə məşğulam – Məhəmməd Əmin Rəsulzadəni, Üzeyir Hacıbəylini, Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu... Və mənə yaşamaq şövqü verən həmin adamların böyük idealları, azadlıq hərəkatı olub. Müstəqillik dövrünün doğurduğu sevincdən böyük sevinc təsəvvür edə bilmirəm.

– Yeri gəlmişkən, indi nə üzərində çalışırsınız?

– Bilirsiniz, mən 88 yaşında Məhəmməd Əmin bəyin üçüncü cildini buraxdım, 89-da dördüncünü, 90-da beşincini... İndi Cümhuriyyət dövrü parlamentinin «Azərbaycan» qəzetində dərc olunmuş stenoqrafik hesabatlarını çapa hazırlayıram. Bu, türk-islam aləmində ilk cümhuriyyət idi. Onun sənədləri, müzakirə etdiyi məsələlər çoxmaraqlıdır. Təsəvvür edin, Avropa ölkələrinin bir qismi o dövrdə qadınlara seçmək hüququ tanımırdı. Amma Azərbaycan parlamenti qərar qəbul etmişdi ki, qadınların seçmək-seçilmək hüququ var. Bunu yaradan, qanuna salan, qəbul edən kişilər XXI əsrin adamları sayıla bilər! Onlarla necə fəxr etməyəsən?! Onların yaradıcılığını niyə öyrənməyəsən? Niyə gün işığına çıxarmayasan? Mən belə düşünürəm...

– Son sual: Öncə jurnalistlər olmaqla, 90 il yaşamağın sirrini necə açıqlardınız? Nə edək, necə davranaq və necə yaşayaq ki,yüz olmasa da, 90-a çıxa bilək?

– Əvvəla, onu deyim ki, hər bir insan sanki müstəqil maşındır. Onu idarə etməyi bacarmaq lazımdır. İnsanı ən birinci uzunömürlü edən sevinclə yaşamaqdır, məhəbbətlə yaşamaqdır, həyatı sevməkdir. Və insanların, həm də cəmiyyətin təbiətində olan müsbət meylləri görməkdir. Nöqsanlar öz yerində... amma müsbətlə yaşamaq yaxşı şeydir. İkincisi, nəfsinə hakim olmaq yaxşı şeydir. Məsələn, sənə desəm ki, mənim çəkim 60 ildir 59 kilodan artıq olmayıb, inanarsan? Gərək nəfsinə hakim olasan. İnsan özü-özünün həkimi olmalıdır. Mən öz bədənimi idarə etməyi bilən adamam. Gündə gərək 5 -6 min addım gəzəsən. Mən gəzirəm...

– Onda bir sual da verim. Nə yeyirsiniz, hansı qidalara üstünlük verirsiniz?

– Hə, hə, hə... Həmişə zarafatla deyirəm ki, mənim gündəlik yemək xərcim 7-8 manatdan artıq deyil (Gülüşmə).

– Bəlkə ona görə az yeyirsiniz ki, Rəsulzadənin cildlərini öz hesabınıza çap etdirə biləsiniz?

– Hə... Səhərlər «Herkules» sıyığı yeyirəm. Günorta saat 13-də bir yüngül yemək yeyirəm, bir də axşamüstü – saat 16-17-də bir yüngül yemək, – vəssalam. Saat 19-dan sonra yemək yemirəm, ancaq meyvə!..

– Yaxşıdır! Yaxşı pəhrizdir!

– Mən yaşamaq üçün yeyirəm, yemək üçün yaşamıram! Bax belə. Sağ olun. Gedim çayımı içim...

Günün bütün mövzuları

XS
SM
MD
LG