Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

İlham Əliyev: “Neftin qiymətinin düşməsini Azərbaycanda heç kim hiss etməyəcək”


İlham Əliyev

İlham Əliyev

-

Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

İlham Əliyev deyib ki, “ASAN xidmət”in fəaliyyət göstərdiyi iki il ərzində iki mindən çox könüllü “ASAN xidmət”də işləyib. Hazırda 500 könüllü bu mərkəzlərdə çalışır.

3 MİLYON 500 MİN MÜRACİƏT

“Bu müddət ərzində 3 milyon 500 min müraciət olub, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilib. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olub və deyə bilərəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərib və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilib, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlayıb”.

Prezident onu da bildirib ki, vətəndaşlara səyyar xidmət üçün ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilib. “Nəzərə alsaq ki, hazırda digər bölgələrdə mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə imkanlar yaradacaq”.

AZƏRBAYCAN BRENDİ

İlham Əliyev Azərbaycanın dünya miqyasında uğurlu model kimi artıq tanındığını deyib:

“Yaxşı bilirsiniz ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanda olarkən “ASAN xidmət”in fəaliyyəti ilə tanış olurlar . Onlar mənə Azərbaycanda bu səviyyədə xidmət göstərilə bildiyini gözləmədiklərini bildiriblər. Eyni zamanda, onu da vurğulayırlar ki, yaxşı olar, bütün başqa ölkələrdə bu cür xidmətlər yaradılsın. Biz isə öz növbəmizdə bu layihənin başqa ölkələrdə həyata keçirilməsi üçün yardımımızı göstərməyə hazırıq. Mən bunu bir neçə dəfə demişəm, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir və biz hazırda nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac vardır”.

Prezident artıq 7 mərkəzin tikildiyini, gələn ilin sonunadək ən azı 10-a çatdırılacağını da vurğulayıb. Ölkə başçısının sözlərinə görə, ilk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini tapmaqdadır.

XALQ-İQTİDAR BİRLİYİ-UĞURLARIN DAYAĞI

“Biz bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və “ASAN xidmət” burada nadir bir vasitədir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur və bu, onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər”.

Prezidentin fikrincə, şəffaflıq olmadan biz heç bir islahat aparıla bilməz:

“Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda, cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi göstərəcəyik”.

"BİZİM ÇOX GÜCLÜ İQTİSADİ DAYAQLARIMIZ VAR"

Prezident neftin qiymətinin düşməsinin Azərbaycana təsirindən danışıb:

“İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır”.

İlham Əliyev deyib ki, Azərbaycan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır:

“Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir”.

“Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin”.

Bir müddət öncə İlham Əliyev «Rossiya-24» informasiya telekanalına müsahibəsində neftin qiyməti 60 dollara düşərsə belə, iqtisadiyyat sabit inkişaf edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG