Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:55

-

Dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar Azərbaycana idxal olunan “Aİ-95” markalı avtomobil benzininin qiymətinə yenidən baxmalıdır. Bunu “APA-Economics”ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Bu qiymətə yenidən baxılmalı, qiymətlərə müəyyən qədər təsir edilməlidir. Dünya bazarında neftin qiyməti əgər 62 dollara düşübsə, benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır. Ona görə də hesab edirəm ki, müəyyən müddət - 2015-ci ilin I yarımili üçün müəyyən qədər qiymətlərə təsir edilməli, idxal olunan “Aİ-95” markalı benzin ucuzlaşmalıdır”, - deyə V. Əhmədov.

Qeyd edək ki, əvvəllər 93 qəpiyə satılan “Premium Euro-95” markalı benzinin qiyməti bu ilin avqustundan 97 qəpiyə təklif olunur. Sonradan “Azpetrol” şirkəti “Premium Avro-95” markalı benzinin qiymətini salıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət “Premium” benzinin satış qiymətinə yenidən baxıb və oktyabrın 1-dən həmin markalı benzinin qiyməti 2 qəpik salınaraq, 95 qəpiyə endirilib.

İDXALDA NƏ ARTIM VAR?

Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına görə, 2014-cü ilin 11 ayında bəzi yeyinti məhsullarının idxalında artım qeydə alınıb. “Media forum” saytı rəsmi göstəricilərə əsaslanıb bildirir ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı 22.41%, kərə yağı idxalı 16.94%, bitki və heyvan mənşəli piylər və yağların idxalı 16.77%, şəkər idxalı 0.75% artıb.

11 ayda tütün və tütün məmulatlarının idxalında 18.94% artım olduğu bildirilir.

Süd, meyvə tərəvəz, buğda idxalında azalma qeydə alınıb.

ƏRDOĞANIN GÜLƏN ƏMƏLİYYATI AZƏRBAYCANA TƏSİR EDƏCƏKMİ?

“Azadlıq” qəzeti Türkiyədə Fətullah Gülən camaatına qarşı yeni həbs dalğasının Azərbaycana mümkün təsirindən yazır. “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Türkiyədəki həbslərə Qərbin təpkisi müşahidə edilsə də, Ərdoğanı dayandırmaq üçün hər hansı alət mövcud deyil:

“Onsuz da Türkiyənin ABŞ-la münasibətləri gərgindi. Avropa Birliyinə üzvlük isə yaxın perspektivdə görünmür. Türkiyədəki həbslərə təkcə Avropa və ABŞ-dan deyil, ölkə jurnalistləri, intellektuallar da etiraz edir. Amma seçki öncəsi meydana çıxan korrupsiya əməliyyatlarında da eyni təpkilər olmuşdu. Nəticədə isə Ərdoğan nə istefa verdi, nə də səs itirdi. İndi də Qərbin hər hansı bəyanatları, tənqidləri ola bilər. Amma Ərdoğanın addımlarını dayandırmaq üçün konkret təzyiq aləti yoxdur”.

Baş verənlərin Azərbaycana təsirinə gəlincə, ekspert hesab edir ki, Türkiyə hökumətinin Azərbaycandan tələbləri ola bilər:

“Bundan əvvəlki dönəmdə də Türkiyə hökuməti Azərbaycandakı Gülən şəbəkəsinin zərərsizləşdirilməsi üçün addımlar atmışdı. Ərdoğan Bakıya səfər etdi və ”nurçu dosye"sini Azərbaycan hakimiyyətinə təqdim etdi. Azərbaycan tərəfi də müəyyən addımlar atdı, bəzi simalar həbs olundu, bu işdə adı keçən vəzifəlilər işdən uzaqlaşdırıldı və s. Ancaq Gülən şəbəkəsinin Azərbaycandakı biznes strukturları hələ də ayaqdadır, nəşriyyatları fəaliyyət göstərir və yığılan vəsait ümumi kassaya gedir. Ona görə növbəti mərhələdə Azərbaycan hökuməti ilə bu məsələ müzakirə oluna bilər. Ya hansısa diplomatik vasitələrlə, ya da yüksək səviyyəli səfərlərlə Azərbaycana müəyyən tələblər irəli sürülə bilər".

HADİ RƏCƏBLİ DƏ “BEŞİNCİ KOLON”DAN YAZIR

“Azərbaycan” qəzeti Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin məqaləsini dərc edib. Yazı Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı irihəcmli yazısına həsr olunub. Deputatın məqaləsinin bir bölümü ““Beşinci kolon” qərəzli dairələrin “troya atı” qismində” adlanır.

“Qərəzli dairələr radikal müxalifətin, bəzi mətbuat orqanlarının, QHT-lərin və ayrı-ayrı “hüquq müdafiəçiləri”nin də daxil olduğu “beşinci kolon” vasitəsilə məqsədlərinə nail olmağa çalışırlar... Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur edirlər. Bununla da, həmin donorlar faktiki surətdə vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə, “beşinci kolon”dan olan müəyyən şəxslərə pul verərək onlardan Azərbaycan dövlətinə qarşı istifadə edirlər”.

SƏRNİŞİNDAŞIMA QİYMƏTLƏRİNİN ARXASINCA ÇATMAQ OLMUR

“Bizim Yol” hava reyslərinin qiymətindən yazır. "AZAL"ın rəsmi internet səhifəsində 21-28 dekabr tarixlərində Bakı-İstanbul reysi ilə gediş-gəliş biletinin qiyməti 12 yaşdan böyük şəxs üçün 298.26 manatdır. Bu qiymətin 194.36 manatı biletə, 41.20 manatı əlavə xərclərə, 62.70 manatı isə vergiyə hesablanır. Həmin tarixdə Bakıdan "Türk hava Yolları" ilə İstanbula gediş-gəliş biletinin qiyməti 264.36 manatdır. Bu qiymətin 115.66 manatı biletə, 138.98 manatı vergi və əlavə xərclərə, 9.72 manat isə xidmət haqqına hesablanır.

İqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol"a açıqlamasında Azərbaycanda təyyarə biletlərinin baha olmasının əsas səbəbinin inhisarçılıq olduğunu deyir. Onun sözlərinə görə, hava daşımacılığı "AZAL"ın nəzarətindədir:

"Bazarda digər müstəqil oyunçular yoxdur. Nə yerli, nə də xarici şirkətlər bazara buraxılmır. Müəyyən yer tutan "Türk Hava yolları" şirkəti isə Azərbaycanın diktə etdiyi qaydalara görə fəaliyyətini qurur. Yəni tam müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Məsələn, Bakıdan digər ölkələrə uçuşlar təşkil edə bilmir. Gürcüstanda da bir neçə türk şirkətinin işləməsinə baxmayaraq, onlar həm Gürcüstandaxili, həm də digər ölkələrə səfərlər təşkil etmək hüququna malikdirlər. Azərbaycanda isə təəssüflər olsun ki, belə bir şərait yoxdur. "AZAL"la rəqabət aparacaq nə yerli şirkət var, nə də xarici şirkətlərə bunun üçün imkan verirlər. Ona görə də bu rəqabətsiz mühitdə "AZAL" istədiyi qiymətləri diktə etməkdə sərbəstdir. Bu həmçinin digər şirkətlərin hansı ki, Bakıdan uçmağa icazələri var, onların da qiymətlərinə birbaşa təsir göstərir".

BAYRAM ƏRƏFƏSİNDƏ QİYMƏTLƏR NİYƏ QALXIR?

“Yeni Müsavat” bayramqabağı qiymətlərin niyə qalxmasını araşdırıb.

İqtisadçı ekspert Vüqar Bayramov qəzetə bildirib ki, dünya təcrübəsində vəziyyət tamamilə fərqlidir. Belə ki, bayram ərəfəsində xaricdə qiymətlərin ucuzlaşması daha çox müşahidə olunur. Bu isə imkan verir ki, vətəndaşların daha çox məhsul almaq imkanı olsun. Ekspertin fikrincə, Azərbaycanda bayram ərəfəsində qiymətlərin tənzimlənməsi üçün dövlətin müdaxiləsinə ehtiyac var:

“Çox təəssüf ki, xaricdəkindən fərqli olaraq bizdə dövlət müdaxiləsi olmadan qiymətlərin tənzimlənməsi mümkün deyil. Dövlətin müdaxiləsi indiki halda vacibdir. Əsas müdaxilə forması süni qiymətlərə qarşı mübarizənin artırılması və süni qiymət tətbiq edən sahibkarlara qarşı ciddi cəza tədbirlərinin görülməsidir. Süni qiymətlərə görə cəzaların sərtləşdirilməsinə, hətta buna görə biznesin bağlanmasına getmək olar. Nəzərə alsaq ki, bayram ərəfəsində daha çox aqrar məhsullara tələbat artır. Yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyi daha çox yarmarkalar təşkil etsin, yarmarkaların dövriliyini artırsın. Hesab edirəm ki, daha çox yarmarkalar təşkil etməklə qiymətlərin tənzimlənməsinə nail olmaq olar. Bu baxımdan həm təşviqedici, həm də inzibati tədbirlərə əl atmaqla qiymətlərin tənzimlənməsinə nail olmaq mümkündür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG