Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:34

Ələsgər Məmmədli: Venesiya Komissiyasının rəyi düşmən rəyi deyil


Ələsgər Məmmədli

Ələsgər Məmmədli

-

Avropa Şurası Venesiya Komissiyası (VK) Azərbaycanın QHT-lər haqqında qanununda dəyişikliklərə rəyini açıqlayıb. Hüquqşünas Ələsgər Məmmədli ilə komissiyanın rəyi və bundan sonrakı gözləntilər barədə müsahibəni təqdim edirik.

- Ələsgər müəllim, Venesiya Komissiyasının rəyini necə dəyərləndirirsiniz?

- VK-nın açıqlaması son dəyişikliklərlə bağlı narahatlığı ifadə edir. Bu, əslində Avropa İnsan Haqları Konvensiyasını qəbul etmiş, Avropa ailəsinə üzv olmuş Azərbaycanın Avropa strukturları qarşısında götürdüyü öhdəliklər baxımından ciddi pozuntuya getdiyini göstərir. Eyni zamanda çıxış yolları da göstərilir ki, təcili bu dəyişikliklər ləğv edilsin, lüzumsuz məhdudiyyətlər aradan qaldırılsın. Rəydə dəyişikliklərin demokratik prinsiplərə zidd olduğu göstərilir. Mən də belə düşünürəm, son dəyişikliklər QHT sektoruna ögey münasibət, konkret olaraq siyasi fiqurlar tərəfindən «5-ci kolon» adlandırılması ciddi şəkildə ayrı-seçkilikdir. Bu, qanuna da ziddir. Düşünürəm ki, Azərbaycanda bu cür rəylərə ehtiyac qalmadan doğru addımlar atılmalı idi.

- Venesiya Komissiyasının rəyi olmadan, fikirləri nəzərə alınmadan qanuna dəyişikliklərin imzalanması, sizcə, nəyə mesajdır? Rəsmi Bakıya bunun nə kimi təsiri ola bilər?

- Bunu razılaşma olmadan da etmək olardı. Amma önəmli olan bunun vətəndaşın, cəmiyyətin xeyrinə olub-olmamasıdır. Siz Avropada mövcud olan normalardan daha yaxşısını tətbiq edirsinizsə, bunu, həm yerli, həm də beynəlxalq qurumlar alqışlar. Amma daim qırmızı xətti seçirsənsə, bu o demək deyil ki, ölkə mənimdir, nə istəsəm edə bilərəm. Qanun mənim vətəndaşıma nə lazımdır deyə qəbul olunmalıdır. Bu məsələdə Azərbaycan, təbii ki, beynəlxalq imic baxımından yara almış olur. Avropa Şurasının sanksiyaları daha əvvəl gündəmə gəldi və qəbul olunmadı. Bu, Azərbaycan hökumətini bir qədər rahatlatdı, amma mən düşünmürəm ki, bu, əbədi olaraq belə davam edəcək.

- Sizcə hökumət bu sözügedən açıqlamanı nəzərə alacaqmı?

- Son hadisələr belə bir addımın olacağını göstərmir. Bu məsələlərdən nəticə çıxaran olsaydı, gərək bir çox addımları atmazdı. Mənfi yöndə gedən məsələləri, QHT sektoruna disbalans basqıları nəzərdə tuturam. Amma yenə düşünürəm ki, hər halda Azərbaycan özünü üçüncü dünya ölkəsi və qeyri-Avropa ölkəsi kimi görmür. Bu baxımdan, Azərbaycanda da imicin müsbət olmasını düşünənlər də var. Ümid edirəm ki, bu rəy düşmən rəyi kimi dərhal hücuma məruz qalmayacaq.

- Xüsusən xaricdən maliyyələşən və artıq bağlanan QHT-lərin yenidən fəaliyyətə başlaması real görünürmü? VK-nın bunda rolu ola bilərmi?

- Bilirsiniz, həmin qurumlar uzun müddət çalışmalı olublar ki, bir struktur yaratsınlar və onu beynəlxalq aləmdə tanıtsınlar. Təbii ki, bunu bir gündə bərpa etmək mümkün deyil. Bəzi QHT-lər hazırkı duruma gəlmək üçün 10-15 illərini sərf etməli olublar ki, beynəlxalq miqyasda, donorlar qarşısında etibarlı tərəf kimi tanınsınlar. Eyni gücü dərhal bərpa etmək mümkün deyil, amma hökumət tərəfdən müsbət addımlar atılarsa, bir müddət sonra fəaliyyəti bərpa etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG