Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:47

Siyəzəndə işıq idarəsinin işçiləri prezidentə məktub yazıb işsiz qaldılar...


Arxiv foto

Arxiv foto

-

“İşdən kənarlaşdırdı, dedi ki, get, indi sənə prezident çörək versin. Get, kimə şikayət etmisən, dərdinə də onlar çarə qılsın”.

Siyəzən Elektrik Şəbəkəsində inzibati təsərrüfat şöbəsinin müdiri işləmiş Fariz Əhmədovun deməsinə görə, prezidentə və xanımına məktub yazdığına görə işdən çıxarılıb.

Fariz Əhmədovu prezidentə yazmağa nə vadar edib? Bu barədə danışır:

Fariz Əhmədov

Fariz Əhmədov

“NƏ MARAQLARI VARDISA, BİZİM İŞ YERLƏRİMİZİ DƏYİŞDİLƏR”

“Mənim iqtisadiyyat üzrə ali təhsil almışam və öz ixtisasıma uyğun da işləyirdim. İdarədə anbardar da var idi. Nə maraqları vardısa, bizim iş yerlərimizi dəyişdilər. Məni onun, onu isə mənim yerimə keçirtdilər. Maaşım 268 manatdan 168 manata qədər azaldıldı. İdarəmizin tabe olduğu Xaçmaz Regional Elektrik Şəbəkənin (Xaçmaz REŞ) rəhbərliyinə müraciət etdim. Onlara yerdəyişməmizdə olan maraqlarını da sübut etdim. Əvvəl dedilər, heç yerə şikayət etmə, 1-2 ay gözlə, həll edərik. Ancaq müddət bitdi, həll etmədilər”.

Fariz Əhmədov qərara gəlir ki, prezidentə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazsın:

“Prezidentə yazdığım məktub dekabrın 1-də “Azərenerji”yə daxil olub ki, araşdırılsın. Dekabrın 2-də məktubum “Azərenerji”dən Enerji Təchizat İdarəsinə, oradansa sabahı gün Xaçmaz REŞ-ə göndərilib. Elə həmin gün REŞ rəhbərliyi mənimlə bağlanmış müqavilənin bitdiyini bildirib işimə xitam verdi”.

"TUTAQ Kİ, SƏNƏDLƏ ANBARDA 30 MİNLİK MAL OLMALIYDI, AMMA..."

Fariz Əhmədovun sözlərinə görə, hətta anbardar işinə keçirildiyi 8 ay ərzində keçmiş anbardardan işi təhvil-təslim ala bilməyib. Səbəb anbardakı çatışmazlıqlar olub:

“8 ay idi ki, əvvəlki anbardar işi mənə təhvil-təslim edə bilmirdi. Tutaq ki, sənədlə anbarda 30 minlik mal olmalı idi, ancaq reallıqda həmin mal yox idi”.

Anar Ramazanov

Anar Ramazanov

Eyni idarənin 10 il işçisi olmuş Anar Ramazanov da eyni səbəblərdən işdən çıxarıldığını deyir:

“GUYA YAZDIQLARIM YALAN MƏLUMAT OLUB”

“İdarədəki qüsurlardan, çatışmazlıqlardan, oğurluqlardan yazmışdım. Qanunsuzluqlar ondan ibarət idi ki, bu sahə ilə bağlı heç bir savadı olmayan İlyas İsakovu Siyəzən Elektrik Şəbəkəyə rəis təyin ediblər. 105 işçiyə o rəhbərlik edir. Başqa bir fakt... 2008-ci ildə "Azərenerji"nin pulunu mənimsədiyinə görə bu sahəyə yararsız kimi işdən qovulmuş Zaur Məmmədov 2010-cu ildə yeni əmək kitabçası ilə işə qəbul olunub.

Bütün bunlar barədə əvvəl Xaçmaz REŞ-in rəisinə yazmışdım. “Azərenerji”yə də iki dəfə teleqram vurdum. Bakıya getdim, Etibar Pirverdiyevin qəbuluna düşmək üçün qeydiyyata düşdüm. Oradan da bir xəbər çıxmadı. Bütün bunların nəticəsində Xaçmaz REŞ rəhbərliyi özümə şiddətli töhmət verdi. Adını da belə qoydular ki, guya yazdıqlarım yalan məlumatlar olub”.

Xaçmaz Regional Elektrik Şəbəkəsi

Xaçmaz Regional Elektrik Şəbəkəsi

“ONLAR ÇOX SÖZ DEYƏ BİLƏRLƏR”

Xaçmaz Regional Elektrik Şəbəkənin rəisi Bəylər Hacımirzəyev isə bildirib ki, sözü gedən hər iki şəxs şikayət etdiklərinə görə yox, müqavilə müddəti bitdiyinə görə, işini itirib:

- Keçmiş işçilər iddia edirlər ki, prezidentə və xanımına məktub yazdıqlarına görə işdən uzaqlaşdırılıblar...

- Onlar çox söz deyə bilərlər. Yazsınlar da... Hər bir işçinin yazmaq hüququ var. Nə qədər istəyirlər yazsınlar. Ancaq işə xitam verilməsi müqavilənin bitməsi ilə bağlıdır.

“ATAMIN TƏQAÜDÜ İLƏ DOLANIRIQ”

Şikayətçilərdən Fariz Əhmədov isə ən vacib sahələrdən hesab olunan enerji qurumunda işçilərlə mövsümi müddətə müqavilələrin bağlanmasını düzgün saymır:

“3 aylıq müqavilə kiminsə torpağında əkin-biçin işi görən adamla bağlanar... Yəni mövsümi işlərdə... Bu boyda ölkəni elektrik enerjisi ilə təmin edən bir qurumda işçi ilə 3 aylıq müqavilə bağlanması nə deməkdir?”

Fariz Əhmədov deyir ki, hələ işdən çıxarılmamışdan əvvəl məvacibi azaldılarkən övladları məktəb ləvazimatları və geyim ala bilmədiyinə görə təhsildən kənarda qalacaqlarmış. Nə yaxşı ki, yaxın qohumlar yardımçı olublar. İndi isə əlil atasının təqaüdü ilə dolanır:

“Atam 1-ci qrup əlildir, şəkər xəstəsidir, bir ayağı da kəsilib. Atamın təqaüdü ilə dolanırıq”.

XS
SM
MD
LG