Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:19

Amerikanın baş yazarı


Jack Kerouac
Jack Kerouac

-

Naşirlər bu təzə romanın çapından imtina elədilər. Əlyazmanın qəribəlikləri bir yana dursun, mətndə oğrulara, avaralara və fahişələrə duyulan heyranlıq hissi onların ətini tökürdü...

JACK KEROUAC-IN DAUNŞİFTİNQİ

2-ci Dünya Müharibəsindən sonra ABŞ-da yaranan və "bit nəsli" adlanan yeni yazıçılar "milli mentalitet"ə tənqidi yanaşırdılar.

Onlar etirazçı, inkarçı mövqedə dayanır, öz məxsusi üslublarını yaratmağa çalışır, içki içməyi, narkotik çəkməyi nə dövlətə, nə də başqa adamlara aidiyyata olmayan, yalnız onların öz fərdi azadlıqlarına bağlı vərdişlər sayırdılar.

Həmin nəslindən olan yazarlar arasında Jack Kerouac xüsusi seçilirdi.

“Beat” (“bit” kimi oxunur – A.Y.) kəlməsini küçə jarqonundan alıb əsl inanc səviyyəsinə qaldıran bu yazar 1922-ci il martın 12-də dünyaya gəlib. Onun “Yolda” romanını “bir nəslin İncili” də adlandırırlar.

Cekin atasının xırda bir nəşriyyatı var imiş və o, qəzet çapıyla məşğul olurmuş. Ekstravaqant tipə malik bu adam cıdır yarışlarını və barlarda əylənməyi sevirmiş. Ailənin bütün yükü hökmlü qadın və imanlı katolik olan ananın çiyinlərinə düşürmüş.

Cek də hər barədə anasının sözüylə oturub-dururmuş. Ya da “demək olar ki, hər barədə” belə davranırmış.

Yuxarı siniflərdə oxuyanda Keruak yüngül atletika və futbol sahəsində qazandığı uğurları ilə Louelldə hamının tanıdığı birisinə çevrilmişdi.

Ailə üzvləri öz aralarında Kvebekin “joual” adlanan fransız ləhcəsində danışırmışlar. İngilis dilini isə Cek yalnız altı yaşına dolandan sonra öyrənməyə başlayır.

Kolleci bitirəndən sonra o, özünün ən böyük arzusunu – yazıçı olmağı qarşısına məqsəd qoyur və Kolumbiya Universitetində filoloji təhsil almağa başlayır. Lakin qısa müddət sonra futbol üzrə məşqçisiylə mübahisə etdiyi üçün universitetdən ayrılmalı olur.

Əvvəlcə o, ticarət donanmasının gəmilərində matrosluq edir, İkinci Dünya savaşı başlayandan sonra, 1942-ci ildən isə Hərbi Dəniz Donanmasına yazılır. Altı ay sonra ona “şəxsiyyətin şizoid pozuqluğu” diaqnozu qoyulur və hərbi xidmətə yararsız sayılır. Sonralar Keruak deyirmiş ki, bu diaqnozu ona insan canına qıymadığı üçün qoyubmuşlar. Həm də bit nəslinin bir çox təmsilçisinə eyni diaqnoz qoyulmuşdu. Bəzilərinə isə həbs cəzası kəsilmişdi.

Jack Kerouac, 1943.
Jack Kerouac, 1943.

Yuxarı qalxan pilləkənlə üzüaşağı

1944-cü ildə təhsilini davam etdirməyi uman Keruak təkrar Kolumbiya Universitetində peyda olur.

Yeni tanışı, “sarışın mələk” ləqəbli Lüsyen Karr Keruakı Allen Ginsberq və Uilyam Berrouzla tanış edir. Berrouz onlardan on yaş böyük olsa da, zahirən yaşıdları kimi görünürdü.

Gənclər arasında ədəbi və intellektual bir dostluq yaranır, çevrələrində isə daim hər iki cinsdən olan fahişələr, narkotik dəllalları və hər cür şübhəli tip dolaşır. Beləcə, bu intellektual ədiblər yuxarı qalxan pilləkənlə üzüaşağı, yəni özlərinin durmadan və ağızdolusu öydükləri dibə doğru enməyə, yuvarlanmağa başlayırlar. Oralarda tapdıqları hipsterlərdən bu ədiblər, Ginsberqin təbiri ilə desək, “yüksək reallığa” qalxmağın sirlərini öyrənməyə çalışırdılar.

Hipsterin “orqanik mübarəkliyini” bu yazarlar adi amerikalıların (skauerlərin), konformizmə və konsyumerizmə heyran kəsilən sıravi insanların dəyərlərinə qarşı qoyurdular.

Əyyaşlıq edir, nəşə çəkir, iynə vurur, sürəkli uyurdular. Sonra isə danışır, dərdləşir, hər şey barədə yaşantılarını gecədən ta səhərə qədər bir-biriylə paylaşırdılar. Ən çox da ədəbiyyat barədə olurdu söhbətləri. Həm də sözügedən bu adamlar arasında elə fərlisi Keruak idi (əlbəttə, əgər alkoqolizm diaqnozu qoyulan və narkotik qəbul edən birisi barədə belə demək nə dərəcədə mümkünsə!).

Öz zəhmətkeşliyi və dəqiqliyi ilə seçilirdi, çünki gündə neçə sətir yazdığını bilirdi. Anasının fabrikdə işləməsinə, özünün isə yaradıcılıqla məşğul olmasına görə adətən vicdan əzabı çəkirdi.

Ginsberq etiraf eləyirdi ki, poeziyanın məğzi barədə fikirləri o, ən çox Keruakdan öyrənibmiş. Berrouz isə Keruakı özünün başlıca ilham mənbəyi sayırdı. Yeri gəlmişkən, öz qələm dostlarının böyük şöhrət qazanan əsərlərinin (“Nalə” və “Çılpaq səhər yeməyi”) adlarını da məhz Keruak qoymuşdu.

1944-cü ilin avqustunda Keruak ilə Karr ticarət gəmisi ilə Parisə getmək qərarına gəlirlər. Ancaq yola düşməzdən azca əvvəl onları gəmidən endirirlər və dostlar əyyaşlığa başlayırlar.

Elə həmin axşam Karr onların ortaq tanışı olan bir cavanı adi cib bıçağıyla yaralayır: Karr elə sanırmış ki, həmin oğlan onunla yaxınlığa hədsiz can atır. Cəsədi Hudzon çayına atır cani. Cinayət alətini yox edərkən Keruak da dostundan yardımlarını əsirgəmir.

Məsələyə məntiqlə yanaşan Berrouz onlara vəkil tutmağı məsləhət görür. Ancaq dostlar təzədən içib keflənir və Müasir İncəsənət Muzeyinə yollanırlar. Səhəri gün dostların hamısını, həm də Keruak ilə Berrouzu da cinayət ortağı kimi həbs edirlər.

Ailəsi Berrouzu qurtarmaqdan ötrü girov qoyur. Keruakın atası olaya sırf pedaqoji cəhətdən yanaşır və girov qoymaqdan imtina eləyir. Keruakın sevdiyi qızın – Edi Parkerin – ailəsi bunu öz üzərinə götürür. Buna qarşılıq olaraq, Keruak qızla evlənir və bu nikah cəmi iki ay sürür.

Karrın bu cinayəti qəzetlərin səhifələrinə düşür: beləcə, kriminal çalarlı olmaqla bərabər, bitniklərin şan-şöhrətiylə bağlı ilk siqnallar eşidilməyə başlayır. İki il həbsdə yatan Karr hipsterdən skauerə çevrilir. Ancaq bu fakt onun ömür boyu Keruakın sadiq dostu kimi qalmasına maneə törətmir.

O, Keruakın 1950-ci ildə baş tutan ikinci toyunda sağdış olur, onun həm qədəh dostu, həm oxucusu, həm də tənqidçisi olaraq qalır. Hətta hədsiz ehtiyac duyduğu anlarda Karr dostuna psixoterapevtlik də eləyir.

William Burroughs
William Burroughs

1940-cı illərin ikinci yarısından sonra üzərində işlədiyi romanı Keruak 1950-ci ildə “Şəhərcik və şəhər” adı altında çap etdirir. Təsvirləri “fərqli baxış bucağı” qazansın deyə, benzedrin həbləri qəbul edən yazar tromboflebit xəstəliyinə yoluxur. Ənənəvi üslubda yazılan bu kitabı tənqidçilər ağızdolusu tərifləsələr də, satışlar gözlənilən səviyyədə olmur. Lüsyen Karr ilə başına gələn olayları yazar bu əsərində səthi olaraq təsvir etsə də, “Dulouzun şənbazlığı” (1968) adlı romanında eyni əhvalatı daha dəqiq şəkildə verməyə çalışır. Bundan əlavə, Keruak ilə Berrouz “Begemotlar öz hovuzlarında qaynayıb bişdilər” adlı bir detektiv əsər yazırlar, sadəcə olaraq onun çapı yalnız 2008-ci ildə gerçəkləşə bilir.

1940-cı illərin sonlarında Keruakın həyatında daha bir əlamətdar hadisə baş verir: o, Nil Kessidi ilə tanış olur.

Bir əyyaşın oğlu olan Nil ömrü boyu ana nəvazişindən məhrum qalmış, qısa həyatının yarısını islah müəssisələrində keçirmişdi. İzaholunmaz bir cazibəyə malik idi, qadınlara bayılırdı, ancaq kişilərlə məhrəm təmaslardan da imtina etmirdi.

Birtipli görünsə belə, çoxsaylı üstünlüklərə malik idi bu adam və onlardan biri də seksual drayv idi. Kessidi bu və ya digər “müştərisinin” istəyindən asılı olaraq və əsl fahişə kimi istənilən cildə girməyi bacarırdı. Bununla yanaşı, amerikan ədəbiyyatşünaslarının ortaq qənaətinə əsasən, əgər o, olmasaydı, Beat (Bit) nəsli də meydana çıxmazdı.

Şərtiliklərə nifrət bəsləyən, hər andan zövq almağa çalışan, nədən ötrü yox, necə yaşamağı qarşısına əsas məqsəd kimi qoyan Kessidini bitniklər əsl hipster sayırdılar. Şəxsən Ginsberq Kessidiyə dəlilər kimi aşiq idi və onların 20 il davam edən məhrəmliyi şairin “Nalə” adlı poemasında vəsf edilibdir.

O dövrdə Amerikada homoseksualist olmaq autsayder (üzdəniraq) olmağa bərabər idi və bu məqam bitniklərin özlərinə aşıladıqları hiss ilə üst-üstə düşürdü. Həm də onlar öz həyat idealları kimi Rembonu, Verleni və dahi Uitmeni seçmişdilər.

Allan Ginsberg
Allan Ginsberg

Əlbəttə, bu arada onlar öz könüllərinin diqtəsini də dinləməkdən qalmırdılar. Saysız-hesabsız arvad və məşuqələri olmasına rəğmən, Keruak və Kessedi normal biseksual idilər. Keruak katolikliyə bağlılıqlarını qorumaqda daim israr edirdi və bu iki kişinin dostluğunda, heç şübhəsiz, homoseksual bir çalar yox deyildi.

Spontan nəsr ruhunda

1947-ci ilin yayında Keruak Amerikanın bütün enerjisini və vitallığını (yaşarılığını, həyat eşqini – A.Y.) özündə cəmləşdirəcək bir roman yazmaq fikrinə düşür. Bu ideyanın ifadəçisi kimi isə Nil Kessidini seçir, çünki Kessidinin özü – adətən boşuna sərf olunsa belə, qaynar enerjinin elə özüydü.

Onlar birlikdə səyahətə, ölkəni gəzib-dolaşmağa çıxırlar. Düzdür, az sonra seçdiyi bu qəhrəman yazarın ümidlərini yerləbir edir: Kessidi Meksikada dizenteriya xəstəliyinə yoluxan dostunu təkbaşına qoyub, aradan çıxır. Hər şeyə rəğmən, bu – nə onların dostluqlarının, nə də yazılan romanın sonu olur. Hələ təzə-təzə dostlaşdıqları zamanlarda Kessidi Keruakın yazarlıq sənətinin sirrlərini ona öyrədəcəyini umurdu.

Onun yeganə və tamamlanmamış əsəri avtobioqrafik janrdakı “Üçdə bir”-dir. Buna rəğmən, Kessidi maraqlı məktublar yazmağı həm bacarır, həm də sevirdi. 1950-ci ilin dekabrında onun Keruaka ünvanladığı “Böyük Seksual Məktub” adlı mətn hər cür abzas və durğu işarələrindən məhrum olan, tam 40 səhifəyə sığan tək bir cümlədən ibarət idi.

Nil Kessidinin ağlasığmaz dərəcədə sərbəst açıqlamalara əsaslanan yazı üslubunu Keruak caz improvizasiyalarıyla birləşdirir və yaranan bu yeni yazı üslubunu “spontan nəsr” adlandırır. Yeni üslub hər cür zövq anlayışını rədd edirdi: yaza bildiyin kimi, yəni abzaslar, durğu işarələri və sairədən imtina edərək yaz, şüuraltında nə varsa, boşalt, getsin, yazıya ara vermə, mətni redaktə eləmə, sadəcə ritmə uy, əsl cazmen kimi sırf improvizasiyalara üstünlük tanı. Unutma ki, ağlına ilk gələn fikir - ən dəqiq olandır. Beyninə gələn sözləri təcili kağıza köçürt...

Bir şayiəyə görə, özünün “Yolda” adlı romanını 1951-ci ilin aprelində üç həftə ərzində yazıb bitirməkdən ötrü Keruak qəhvə və benzedrin ilə özünü daim “formada”, yəni ayıq tutmağa çalışırmış. Yazı makinasına növbəti vərəqi taxarkən diqqəti gördüyü işdən yayınmasın deyə, o, 36 metr uzunluğunda bir kağız rulonundan yararlanıbmış.

Əslində o, benzedrinə bel bağlamayıb, sadəcə qəhvə içərək yazırmış. Üstəlik, səhifələrə köçürülən fikirlər və sözlər də yazarın ilk ağlına gələnlər deyilmiş – bu mətni yazarkən Keruak illər uzunu yazdığı gündəliklərdə və qeyd dəftərçələrində toplanan təəssüratlardan, xarakteristikalardan, real həyat faktlarından və sairədən yararlanıb.

Yazı sənətinin qaydalarını Keruak orqazm (cinsi həzz) qaydalarıyla eyniləşdirirdi. Bu baxımdan tək bir orqazmı üç həftəyə sığışdırmaq – hər şeyin ağını çıxartmağa bərabər idi.

Naşirlər bu təzə romanın çapından imtina elədilər. Əlyazmanın qəribəlikləri bir yana dursun, mətndə oğrulara, avaralara və fahişələrə duyulan heyranlıq hissi onların ətini tökürdü. Keruakın ənənəvilikdən uzaq dili də gündəlik danışıqdakı səs və təhriflərlə dolu imiş.

Narahat insan

Nyu-Yorkda Keruak Bill Kannastra adlı daha bir hipsterlə tanışlıq qurur. 1950-ci ilin yayında bu adam hərəkətdə olan metro vaqonundan çıxmağa cəhd göstərərkən tikə-tikə olur.

Keruak onun dul xanımıyla evlənir. Cəmi altı ay sürən bu nikahdan Keruakın bir qızı dünyaya gəlir və yazar uzun müddət bu qızı öz övladı saymır, qəbul eləmir. Növbəti boşanmadan sonra, 1951-ci ildə o, həmişəki kimi anasının yanına dönür və “Kodinin qarabasmaları” əsərini yazmağa başlayır.

Neal Cassidy. "Yolda" romanındakı Dinin prototipi
Neal Cassidy. "Yolda" romanındakı Dinin prototipi

Bu romanında da o, Nil Kessididən bəhs edir və əsərini yazıb-bitirməkdən ötrü onun evinə sığınır. Ancaq budəfəki cəhd uğursuz olur: ev sahibi Kessidi özüylə Keruak arasındakı cinsi əlaqəni möhkəmlətmək məqsədiylə arvadı Karolinanı dostuyla yatmağa razı sala bilir. Nəticədə dostların münasibətləri tamamilə pozulur... Kessidi qapalı, dəymə-düşər və kobud birisinə çevrilir.

Belə olanda Keruak təkrar Meksikaya yollanır. Məsələ burasındadır ki, onun bu səfəri növbəti uğursuzluqla nəticələnir: təcrübəli narkoman olan Berrouz onu heroinə alışdırır. Berrouzun vanna otağına qapanan Keruak orada məşhur “Faust” əsərinin üçüncü bölümü kimi düşündüyü “Doktor Saks” adlı eksperimental roman üzərində işləyir.

Bu, Keruakın ən qəribə fantaziyaları ehtiva edən əsəri sayılır, çünki burada cürbəcür vampirlərə, monstrlara, qnomlara (Qərbi Avropa nağıllarında: cırtdanlara – A.Y.), qulyabanılara, qara maqlara rast gəlirik, əsərdəki Nəhəng İlan isə Yer kürəsini məhv eləməyə çalışır. İlanın canına qəsd etməyi planladığı doktor Saks həm də əlkimyagərdir və onun danışıq tərzi nədənsə Berrouzunkunu xatırladır.

Qaldığı mənzildə qida az olsa da, narkotika bol idi və onlar Keruakın qapıldığı depressiyanı daha da dərinləşdirirdilər. İş o yerə çatmışdı ki, içində uzanıb yazdığı vannanı o, türmə kamerası, özünü isə dünya-aləmdən əbədilik qopmuş biri kimi dərk edirdi. Buna rəğmən, durmadan yazırdı, şüurunda əks olunan hər bir obrazı və assosiasiyanı ciddi-cəhdlə kağıza köçürməyə çalışırdı.

Günlərin bir günü o, bu işdən bezib, Nyu-Yorka qayıdır. Həmin dövr onun həyatında ən ağır, ancaq çox məhsuldar illər kimi qalır.

"Yolda" gürcü dilində
"Yolda" gürcü dilində

Yazarın qaradərili bir qızla məhrəm əlaqəsi, sonralar şair Qreqori Korsonun o qızı Keruakın əlindən almasıyla bağlı məqamlar “Yer altının sakinləri” (1953) adlı romanda əks olunub. Məktəb illərində yaşadığı ilk sevgisi barədə o, “Meqqi Kessidi” (1953) adlı bir roman qələmə alır.

1956-cı ildə tamamladığı “Tristessa” povestində isə yazar meksikalı bir fahişəylə əalqələrindən söz açır. Əsərlərini yazmaqdan ötrü o, yenə də benzedrin maddəsindən yararlanır. Daim səyahətlərə çıxır, əyyaşlıq edir, təsadüfi işlərdə çalışaraq çörəkpulu qazanır.

Bununla belə, yazarın içindəki çarəsizlik duyğusu da getdikcə dərinləşir. Az sonra vəziyyət müsbətə doğru dəyişir. Allen Ginsberqin San-Fransiskodakı “Altılar Qalereyası”nda etdiyi çıxış görünməmiş rəğbətlə qarşılanır. Lourens Ferlingetti onun “Nalə” və digər poemalarını 1956-cı ildə çap etdirir.

Mətndəki ədəbsiz ifadələrə (ən çox da mələkqafalı hipsterlərin soyunub mübarək motosikletçilərin qucağında “oturmaları” və bundan aldıqları cinsi həzzdən dolayı çığırmalarıyla bağlı misralara) görə naşir məhkəməyə verilir. Məhkəmənin çıxardığı qərarda deyilir ki, poema “toplumdakı sosial gərginliyin azaldılmasına” xidmət eləyir və bunun ardınca bitniklərin şöhrəti xeyli artır.

Öz kitabını Ginsberq qələm dostlarına, o cümlədən “amerikan nəsrinin yeni Buddası” hesab elədiyi və kitabları hələlik göylərdə çap olunan Keruaka həsr eləmişdi. Bir müddət sonra “Viking” nəşriyyatı yazarın “Yolda” romanının yer üzündə, yəni real çapını götür-qoy eləməyə başlayır.

Keruakdan xahiş olunur ki, əlyazmanı oxunaqlı bir şəklə salsın və real personajların adlarını başqalarıyla əvəz eləsin. Beləcə, Nil Kessidi dönüb olur Din Moriarti, Keruak özü – Sal Paradayz, Allen Ginsberq – Karlo Marks, Uilyam Berrouz – Öküz Li və sair və ilaxır. 1957-ci ildə “Yolda” romanı işıq üzü görür və o dəqiqə də kult romana çevrilir.

Sal Paradayz surəti – ilk növbədə bir yazar olduğundan çevrəsindəki dünya-aləmə əsasən hazır mətn kimi yanaşır: “Əlimdə bir kitab var idi, ancaq mən pəncərəmin o biri üzündəki amerikan peyzajını oxumağa üstünlük verirdim”.

Din Moriarti personajı isə hər şeydən əvvəl bir hipster, psixopat və başdanxarabdır. Kitabın pafosu belədir: “... məni sadəcə dəlilər, həyatın, söhbətlərin, basqıdan qurtulmaq istəyinin dəliyə çevirdiyi insanlar maraqlandırır, çünki onlar hər şeyə bir ləhzədə nail olmaq istəyirlər, heç vaxt, heç nədən ötrü darıxmırlar, mənasız söhbətlər edirlər, yalnız alışıb yanırlar, yanırlar, yanırlar...”

Bu cür personajlar söhbətdən aldıqları həzzi seksdən və uyuşdurucudan aldıqlarına kayfa dəyişməzlər. Həm də əsasən yol gedərkən söhbətləşirlər. Nə barda dil-boğaza qoyurlar, nə də sevişdikləri yataqda.

Jack Kerouac-ın "Yolda" romanının əlyazması
Jack Kerouac-ın "Yolda" romanının əlyazması

Din – bir rappinq dühasıdır. “Adamda elə təəssürat yaranır ki, onun ağzından vulkan püskürür, dəhşətli enerji püskürür dışarı. Danışarkən “hə, hə, hə”, “ho-ho-ho” və “upf” nidaları çıxarırdı. Bir də manyakcasına, “hi-hi-hi-hi” deyə hırıldayırdı. Dostlar öz aralarında danışmaq üzrə “jam-session” keçirirlər:

“Bayaqdan bəri tər tökən Dinin dili artıq söz-zad tutmurdu. Vəziyyəti belə görəndə, mən sözə başladım. Bütün həyatım boyu elə aramsız çənə döyməmişdim” (Bitniklər arasında vaxtilə bir qız var imiş: tam 70 saat fasiləsiz çərənlədiyi üçün o, psixi dispanserə düşübmüş). Bizim bu “qəribə səyyahlar”ın arasına düşən digər personajlar da çənə döyməyə düşkündürlər. Əsərin təhkiyə tərzi hər nə qədər dağınıq, məntiqsiz və qol-budaqlı olsa da, son nəticədə hər şey Dinə dönür, qayıdır, çünki aralarında təkcə bu psixopat və başdanxarab zamanın nə olduğunu, əbədiyyət məqamına necə qovuşacağını bilir. Ən azından o, bu barədə, anlaşılması müşkül, adsız, ancaq gözəlliyi şübhə doğurmayan məqam barədə nələrdənsə agahdır. Bu – həyatın qəlizlikləriylə bağlı ekzistensial bir yaşantıdır və o, insana gözlənilmədən, qəflətən əyan olur, həm də daxilən ona hazır birisinə əyan olur.

Yazarın öz qəhrəmanına bəslədiyi heyranlıq duyğusu sanki ən yüksək həddinə çatır: “Miriadalar (saysız ulduz topaları – A.Y.) və ilahi şəfəqlər arasından Dinə tərəf boylanırdım və o ara Din mənim gözümə Tanrı kimi görünürdü”. Ancaq bu tanrıyabənzər Dinin nitqi daha sürətli və qarmaqarışıq, jestləri isə daha sərt və yersiz təsir bağışlamağa başlayır. Şüuruyla birlikdə Din danışıq bacarığından (və istəyindən də) olur. Həmin andan etibarən Salın başdanxarablara duyduğu heyranlıq hissi çiyrinmə ilə əvəz olunur. Onların “təmiz yolu” çox kədərli sonluqla bitir. Din dizenteriyaya yoluxan və sayıqlayan dostunu taleyin gərdişinə atıb, gedir.

Keruak (eynilə rus yazarı Limonov kimi!) özünün başına gələnləri qələmə alır, heç fərq etməz: bu, real hadisədir, yoxsa narkotik bir xülya.

Keruakın “Yolda” və Selincerin “Çovdar tarlasını qoruyan” romanları eyni dövrdə yazılıbdır. Hər iki romanın baş qəhrəmanı freakdır, izaholunmaz bir tipdir, sosiumdan qopan, ayrılan bu insanlar skauerlərin yalan və yaltaqlıqlarını əsla yaxınlarına buraxmırlar. Sadəcə on altı yaşlı Holden Kolfild ilə müqayisədə, 26 yaşlı Din Moriartinin arvadları və uşaqları var, o, sükan arxasında əyləşən iri əsbablı (falloslu) balqabağı xatırladır oxucuya. Buna rəğmən, Amerika bunların hər ikisini ilk baxışdan və həmişəlik sevib.

Orlando, Florida. Kerouac-ın yaşadığı ev
Orlando, Florida. Kerouac-ın yaşadığı ev

1957-ci ilin nəşrlərində narkotiklərin qəbulundan və homoseksual əlaqələrdən bəhs edən səhnələr romandan çıxarıldı. Ginsberq bu barədə demişdi: “İndiki versiya ilə müqayisədə ilk variant daha dəli-dolu və təsirli idi. Bir vaxtlar, yəni hamı ölüb-gedəndən sonra, yəqin ki, əsər ilkin şəklində çap olunacaqdır”.

Aradan düz əlli il sonra, 2007-ci ilin sentyabrında “Vikinq Press” nəşriyyatı orijinal əlyazmalar əsasında əsərin tam mətninin nəşrini gerçəkləşdirə bildi.

Şöhrətin çəkilməzliyi

Vaxtilə “Yolda” romanının çapını “tarixi hadisə”, romanın özünü isə “Beat nəslinin İncil”i adlandırmışdılar. Keruak isə “Amerikanın baş yazarı” tituluna layiq görülmüşdü... Əlbəttə, Norman Podqoretsin primitivizmi və spontanlığı vəsf edən kor-kobud bohemanı amansız tənqidi nəzərə alınmazsa əgər...

Bir də Trumen Kapote TV ekranlarından bəyan eləmişdi ki: “Bu – nəsr deyil, sırf makina çalışmasıdır”. Ancaq bütün bu iradlar kitabın uğuruna əsla əngəl ola bilmədi.

Klub və barlarda Keruak öz nəsr əsərlərini müştərilər qarşısında caz musiqisinin müşayiəti ilə, bəzən də mahnı mətni kimi oxuyurdu. Onun səs tembri də, səslərə olan həssaslığı da misilsiz idi. “Yolda” romanından oxuduğu ayrı-ayrı parçaları dinləyərkən əmin olursan ki, o, bu mətni şeir kimi qələmə alıb. Ondan ötrü səsləniş də elə mətnin mənası qədər, bəlkə də daha vacib imiş. Digər tərəfdən isə, bir cildə sığan şeirlər də elə üç həftə sürən orqazm kimi bir şeydir!

San Fransiskoda Jack Kerouac küçəsi
San Fransiskoda Jack Kerouac küçəsi

“Yolda” romanının uğurunu görən naşirlər bunun davamını tələb eləməyə başlamışdılar. Bundan dolayı Keruak “Dharma səfilləri”ni yazmağa girişir. Buddist inanc barədə topladığı bütün təcrübəni o, burada açıqlayıbdır. Hələ 1954-cü ildə buddizmlə məşğul olduğu vaxtlarda o, bildirmişdi ki, hər şeyin məğzini anlayır, “oraya nə yeni bir şey daxil olur, nə də orada bir dəyişiklik baş verir”.

Bunun ardınca o, Buddanın həyatından bəhs edən “Oyan!” və “Dharma barədə” kitablarını yazır. Həyatındakı heç nəyi – yaradıcılığı, iş-gücü, dostları və seksi – Keruak buddizmdən kənar təsəvvür eləmirdi. Hər kəsə və hər şeyə mərhəmətlə yanaşdığından o, xeyli sakit və yumşaq xislətli olmuşdu, uğursuzluqlarını özünə çox da dərd eləmirdi. Ancaq “Dharma səfilləri” 1958-ci ildə çap olunanda buddizm üzrə mütəxəssislərin amansız tənqidinə məruz qaldı və depressiyaya qapılaraq dostlarına etiraf elədi ki: “Artıq mən buddist-filan deyiləm”.

Təxminlərə görə, Keruak qazandığı şöhrətin yükünü çəkə bilmirmiş və buna görə də içkiyə qurşanıbmış. Halbuki özünün əsas əsərini yaradana qədər o, sonrakı dövrlə müqayisədə nəinki daha çox içirdi, hətta narkotiklər də qəbul edirdi. “Çağdaş nəsrin inanc və texnikası” adlı məqaləsində yazarlara aşıladığı əsas öyüdlərdən biri belə idi: “Çalışın evdən kənarda çox içməyəsiniz”. Halbuki özü bu öyüdə heç əməl eləmirdi, əyyaşlıq edir, qusur, yerə sərələnirdi, tanımadığı adamlar onu evinə qədər ötürürdülər. 1961-ci ildə çap olunan “Biq Sur” – onun ən bədbin romanıdır: bu əsərdə yazar içki xumarının dəhşətini və bunun nəticəsində ətrafındakı hər kəsə paranoidal şübhə bəslədiyini qələmə alıb.

1960-cı illərin ortalarına doğru Keruak ilə dostlarının yolları tamam ayrılmışdı. Hippi epoxası gündəmdə idi, hər cür inqilablar (tələbə, psixodelik, seksual) qızışmışdı. Allen Ginsberq və onun soyuqqanlı, sarkastik həmkarı Uilyam Berrouz özlərini bu axınların banisi və rəhbəri hesab edirdilər. Keruak isə Vyetnamda aparılan müharibəni dəstəkləyirdi, antiamerikanizm meyllərinə və yaxınlaşmaqda olan inqilablarla bağlı hər cür təzahürə qarşı çıxırdı.

Jack Kerouac-ın məzarı
Jack Kerouac-ın məzarı

Ölümündən öncə Keruakla görüşən Kurt Vonnequt xatirələrində belə yazır: “Bitniklərin kralı” adama kobud və az qala dəli biri təsiri bağışlayırdı. Yazar Robert Boulsu o, “gəvəzə zənci” adlandırdı. Deyirdi: “kommunistlər Allen Ginsberqə tapşırıq veriblər ki, mənimlə dostluq qursun və bu sayədə Amerika gənclərini nəzarətdə saxlaya bilsinlər...”

Ömrünün son illərini o, üçüncü arvadı Stella Sampas və anası ilə bir evdə yaşayıb. Alkoqolizmlə əlaqədar düçar olduğu xəstəliklərdən yamanca əziyyət çəkib.

1969-cu il oktyabrın 21-də isə Florida ştatındakı Sankt-Peterburq klinikasında dünyasını dəyişib.

Viktoriya SHOKHİNA

Azərbaycan dilinə çevirdi – Azad Yaşar

XS
SM
MD
LG