Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:01

Rusiya hərbi təyyarəsi İsveç üzərində mülki təyyarə ilə toqquşa bilərdi


Norveç qırıcıları 2014-cü il, oktyabrın 31-də Rusiyaya məxsus Su-34-ü müşaiyət etməli olub.
Norveç qırıcıları 2014-cü il, oktyabrın 31-də Rusiyaya məxsus Su-34-ü müşaiyət etməli olub.

Ekspertlərin fikrincə, Rusiya belə hərəkətləri ilə Qərbi, ən başlıcası NATO-nu təxribata çəkməyə çalışır.

İsveç rəsmiləri bildiriblər ki, hərbi təyyarə hava nəqliyyatı radarlarına “düşməmək” üçün transponderini söndürdükdən sonra sərnişin təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

Rəsmi Stokholm bəyan edib ki, bu, Rusiya hərbi təyyarələrinin sərnişin reysləri ilə İsveç göylərində ikinci belə “təhlükəli yaxınlaşmasıdır”.

Birinci hadisə zamanı da Rusiya hərbi təyyarəsinin transponderi söndürülmüş vəziyyətdə olub.

Təhlükəli anlar yaşamış sərnişin təyyarəsi Danimarkanın Kopenhagen şəhərindən havaya qalxmışdı.

Sönmüş transponder

İsveç Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Micael Bydén təsdiq edib ki, funksiyası hərbi təyyarələri mülki radarlarda “göstərmək” olan transponderlər hər iki halda sönmüş vəziyyətdə imiş.

Komandan bildirib ki, İsveç qırıcıları təcili olaraq havaya qaldırılıb və naməlum təyyarənin Rusiya kəşfiyyatına məxsus olduğu müəyyənləşib.

İsveçin müdafiə naziri Peter Hultqvist deyib ki, transponderin söndürülməsi son dərəcvə təhlükəli hərəkətdir.

Rusiya Müdafiə Nazirliyi hadisə barədə sorğulara cavab verməkdən boyun qaçırır.

Xəbər verilir ki, son aylar ərzində Rusiya Baltik dənizi hövzəsində özünün hərbi mövcudiyyətini xeyli artırıb.

“Aviaxuliqanlıq”

İsveç rəsmiləri deyirlər ki, Rusiya təyyarələrinin törətdiyi hazırkı “insidentlər”i yalnız Soyuq müharibə illərindəki hadisələrin intensivliyi ilə müqayisə etmək olar.

NATO üzvü olmayan İsveç, əslində Rusiyanın bu sayaq müdaxilələrinə həmişə öyrəncəli olub.

Ötən ay İsveç hökuməti ölkənin ərazi sularında kiçik xarici sualtı qayığın qeydə alındığını xəbər vermişdi.

Bütün axtarışlara baxmayaraq qayığı tapmaq mümkün olmamışdı, lakin hərbi ekspertlər onun Rusiyaya aid olduğunu güman edirlər.

NATO Baltik dənizi üzərində növbəli hava patrulu çəkir və bu uçuşlarda Baltikyanı ölkələr də iştirak edirlər.

İsveç bildirir ki, Rusiya hərbi təyyarəsi ilə bağlı daha ciddi insident ötən mart ayında baş verib.

O vaxt transponderi söndürülmüş Rusiya təyyarəsi İsveç Hava Yolları şirkətinin mülki təyyarəsinin 100 metrliyindən keçib.

Rusiya NATO-nu təxribata çəkir

Bir sıra ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, Rusiya hava nəqliyyatına “sataşmaq” üçün İsveçi təsadüfi seçməyib.

Beləki, İsveç NATO üzvü deyil və Şimal Alyansı nizamnaməsinin 5-ci maddəsinə əsasən müdafiə imtiyazı yoxdur.

Başqa sözlərlə, Rusiya belə hərəkətləri ilə Qərbi, ən başlıcası NATO-nu təxribata çəkməyə çalışır.

Neft qiymətlərinin davamlı enməsi, rublun çöküşü və Qərbin sanksiyaları Moskvanı ən ekstremal və sonu bəlli olmayan addımlar atmağa sövq edir.

Moskva İsveçi niyə qaralayıb?

Upsala Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzindən Stefan Hedlund bildirir ki, Rusiyanın məhz İsveçi “qaralaması” Moskvanın onu zəif halqa hesab etməsi ilə bağlı ola bilər.

Ən paradoksalı odur ki, Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə qarşı yönəlmiş təxribat xarakterli hərəkətləri əks-nəticələr verməyə başlayıb.

İsveç 2004-2011-ci illərdə təlim görmüş vətəndaşlarını yeni təlim-toplanışa yığmaq barədə qərar qəbul edib.

Ekspertlər deyirlər ki, bu, ənənəvi olaraq sülhpərvər olan ölkənin iki əsrlik davamlı sülhdən sonra yeni variantlar üzərində düşünməyə başladığını göstərir.

Stefan Hedlund deyir ki, İsveçin NATO üzvlüyü üçün müraciət etməsi və hərbi mükəlləfiyyəti bərpa etməsi tamamilə mümkün görünür.

Finlandiya NATO-ya qoşulmadığından təəssüflənir

Rusiyanın hava “xuliqanlığı”ndan Finlandiya da narahatlıq keçirir.

Finlandiya prezidenti Sauli Niinisto Rusiyanı ötən yay ərində öz ölkəsinin hava məkanını 5 dəfə pozmaqda ittiham edib.

Finlandiyanın NATO-ya qoşulmasını problemli hesab edən prezident Helsinkinin bu addımı Sovet İttifaqı çökən kimi atmadığına görə təəssüf bildirib.

“O vaxt Finlandiyanın NATO-ya qoşulması çox asan idi, - deyib prezident, - heç şübhəsiz bu bizim üçün bir imkan idi”.

Niinisto-dan fərqli olaraq ölkənin baş naziri Alexander Stubb Finlandiyanın NATO-ya üzvlüyü barədə ciddi düşünməyə çağırıb.

Rusiya 3-cü Dünya Müharibəsindən danışır

Finlandiyanın Rusiya ilə 1300 kilometrlik sərhədi var və Rusiyadan gələn təhlükə bu ölkədə çox ciddi qəbul olunur.

250 min əsgərlik güclü ordusu olan Finlandiyada həmçinin ictimai rəy ölkənin NATO üzvlüyünə müsbət yanaşmağa başlayıb.

Finlandiyanın keçmiş müdafiə naziri Elisabeth Rehn “Washington Post” qəzetinə müsahibəsində ölkəsinin NATO üzvlüyünə tərəfdar olduğunu bildirib.

O əlavə edib ki, Finlandiya NATO-nun üzvü olsa da, olmasa da, hadisələr çox təhlükəli axarda inkişaf edir.

Rusiya prezidentinin siyasi müşaviri Sergei Markov bəyan edib ki, istər Finlandiyanın, istərsə də İsveçin NATO-ya qoşulması Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG